Yuxarı

Azərbaycan Turançılığı məfkurəsi

Azərbaycan Turançılığı məfkurəsi

turanI yazı

Azərbaycan” və “Turan” anlayışlarını bir-birinə bağlayan  bağlar ən qədim dövrlərə gedib çıxır. Qədim “Turan”ın mərkəzinin Azərbaycan olması, eyni zamanda Turan dövlətinin  başçısı Alp Ər Tonqanın Azərbaycanda bir çox şəhəri bina etdirməsilə bağlı əfsanələr vardır. Məsələn, bəzi tarixçilərə görə, Gəncə şəhərinin əsasını qoyan da Turanın başçısı Alp Ər Tonqa olub. Maraqlıdır ki, Zərdüştün Avesta kitabında da Alp Ər Tonqa turanlı “Arcatp” kimi qələmə verilərək, onun məskunlaşdığı yerdə təxminən, Bütöv Azərbaycan və onun ətrafı göstərilib. Hətta, bəzi mənbələrə görə, Zərdüştü Hun qoşunlarının başçısı Ərcətspə (Arcastp) və turanlı Tisrə Əmrvəxşə  qətlə yetirib.

Çünki Zərdüştün «Avesta»sında da turanlılar-türklər mənfi obraz kimi verilmiş, onların tapındığı Divlər-İlahilər isə şərin, zülmətin təmsilçisi kimi göstərilmişdir.  Burada Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Belə ki, Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanışın qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi. Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını  məğlub etmək, ələ keçirmək istəyən arilərə uğur diləyir."

İran və Turan arasındakı mübarizənin izləri fars şairi Firdovsinin “Şahnamə”sində, Türk şairlərii Xaqaninin «Töhfətül-İraqeyn»də, Nizami Gəncəlinin “Beşliy”ində  də öz əksini tapmışdır. «Töhfətül-İraqeyn»əsərində özünü oğuz türkü adlandıran Xaqani  türklərin qədim vətəni kimi Turan və Xəzran adlarını çəkmişdir. Bu da, türklərin-turanlıların Qafqaz və Azərbaycanda əsrlər boyu davam edən dominantlığının nəticəsi idi. Özəlliklə, Orta çağda İran farslar, Turan isə  türklər üçün əbədi bir simvola çevrilmişdi. Azərbaycan Türk aydını Abbasqulu Ağa Bakıxanov da “Gülüstani-İrəm” əsərində yazır ki, Makedoniyalı İskəndərin ordusu Azərbaycandan keçərkən turanlılarla qarşılaşmışlar. Fars dilində yazılmış, müəllifi bəlli olmayan «İskəndərnamə» adlı tarixi kitaba istinadən A.A.Bakıxanov yazır ki, səfər əsnasında İskəndər Bakıda olub və burada ona Xəzrankuh adlı yerdə Firuz adlı bir qocanın at ilxısının olduğunu deyiblər. İskəndər də Badpay adlı bir nəfəri xəlvətcə Firuzun yanına göndərir ki, bu ölkənin vəziyyətindən xəbər alsın. Badpay isə görür ki, bu tayfa arasında ən yaxşı çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. Deməli, A.A.Bakıxanov da qədim dövrlərdə Turan ölkəsinin olmasını və həmin ölkənin sakinlərinin turanlı-türk olmasını qeyd etmişdir.

Ona görə də,  Turana aid torpaqlara Azərbaycan, Xorasan, Şərqi və Qərbi Anadolu, Xorasan, Türkməneli, Dərbənd, Borçalı, Xəzəristan, Türkistan, Kazan, Krım, Tehran və başqa ərazilər aiddir. Bu anlamda əslində, bugünkü “İran” adlanan ərazinin böyük bir qismi də Turana aiddir.

Burada hökmən deməliyik ki, miladdan öncə 9-6 əsrlərdə Turan coğrafiyasında Midiya adlı imperiya olmuşdur. Midiyanı idarə edənlər də, Avropalı bir çox alimlərin də etiraf etdiyi kimi, Turanlılar olmuşlar.  Çünki midiyalı adlandırılanların əksəriyyəti də, o cümlədən Azərbaycan əhalisi də  başdan-başa turanlılar idilər. Midiyadan sonra yaranmış, Azərbaycan tarixi kitablarında “Atropatena” kimi yad edilən dövlət də, onun qurucusu Atropat da Turanlı kimliyini daşıyıblar.

Burada bir məsələni istisna etmək olmaz ki, farsdilli mənbələrdə «Atropatena» sözü təhrifə uğramışdır. Belə ki, bu sözü məqsədli şəkildə yalnız fars dillərində izah edənlər, onu ilkin türk variantından uzaqlaşdırmaq niyyəti güdmüşlər. Necə ki, bəzi orta əsr ərəb-islam qaynaqlarında Atropatın babasının türk Alp Ər Tonqa olması ilə bağlı qeydlər vardır. «Müqəddəsi də Atropatın babası üçün istifadə olunan Bayvarasif adının Əfrasiyabla bənzərliyi diqqət çəkməkdədir. Maraqlı olan, əl-Müqəddəsinin Varasif-Avrasif (Əfrasiyab) adının önündə türkcə «Bay/Beg» ünvanını istifadə etməsidir. Bu da çox şübhə oyandırmasın gərək. Zira, bütün Ərəb müəllifləri Əfrasiyab/Alp Ər Tonqanı türklərin əfsanəvi atası olaraq göstərməkdədirlər. Artopat və onun atalarının adı turanlı bir kimlik kimi görünməkdədir»

Sadəcə, bizlər bugünkü “Bütöv Azərbaycan” ərazisilə kifayətlənərək Turanın, onun sinonimi olan Azərbaycanın ayrılmaz parçaları olan Xorasanı, Kərkükü-Türkmənelini, Qaşqayı, Tehranı və başqa torpaqlarımızı bir kənara qoyuruq. Şübhəsiz, buna səbəb Turanın əski coğrafiyasından xəbərsiz olmağımızdır. Digər tərəfdən düşmən tarixçilərə uyaraq “İran Azərbaycanı” anlayışından istifadə etdiyimiz halda, “Turan Azərbaycanı” unutmuşuq. Dediyimiz kimi, buna səbəb də 1936-cı ildə İran adının dünyada rəsmi bir dövlət adına çevrildiyi halda, Turan adının unutdurulmasıdır. Artıq fars, hind, alman, bir sözlə, Hind-Avropa mənşəli ədiblər əskilərdə və Orta Çağdan fərqli olaraq İrandan bol-bol yazdıqları halda “Turan”ı demək olar ki, “unutmuşlar”.

Ən yaxşı halda V.Bartold, Ə.Kəsrəvi kimiləri tapılırlar ki, onlar Turanı da “İrana-Arilər”ə bağlayaraq, guya türklərin sonralar Turana sahibləndiklərini yazırlar. Bartold yazır: “Turana gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın - Ari və Turanın arasında düşmənçilik var idi və VI əsrdə Tür-küstan türklərin hökmranlığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”.

V.V.Bartoldun fikirlərindən belə çıxır ki, ən qədim dövrlərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əvvəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalıların qədim məskənlərini ələ keçirərək buranı Türküstan adlandırmış, hətta üstəlik, Turan adını da onlardan mənimsəmişlər. Şübhəsiz, Bartoldun turanlıları bu formada Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması sırf Sovet Rusiyasının ideologiyasının təzahürü idi. Hər halda heç bir zaman və bu gün də heç bir farsdilli və hinddillilər Turan və turanlılara sahib çıxmamışlar. Üstəlik, turanlılarla onlar arasında milli və dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır.

Bu baxımdan hesab edirik ki, türk aydınlarının bütün zamanlarda “Turan” anlayışına sahib çıxmasıyla, farsdilli müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Üstəlik, bu məsələdə “İran”çılara Hind-Avropalı ziyalıların da hərtərəfli dəstək vermələri bir çox məsələlərə aydınlıq gətirir. Əslində “İran”ı İran edən, onun indiki ərazisini məyyənləşdirən farsdillilərdən çox, Avropalı siyasətçilər və alimlər olmuşlar. “Arilik” nəzəriyyəsini ortaya atan Hind-avropalı müəlliflər “İran”a da sahiblənməklə “Turan”ı kölgədə qoymuşlar. Bunun nəticəsi olaraq  “İran”çılar və “Turan”çıların əsrlər boyu gah hərb meydanlarında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın bu mərhələsini birincilər qazanmış, sonucda “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi məlum olduğu halda, “Turan”ın ərazisi sanki havadan asılı vəziyyətə düşmüşdür. Bu anlamda Turan əvəzinə təskinliyimiz Azərbaycan olmuşdur. Beləliklə, “Turan” dedikdə türklərin yaşadığı bütün ərazilər başa düşülmüş, bir növ “Turan” utopiyaya çevrilmişdir.

Bizcə, “Turan” anlayışının türklərin yaşadığı hər yer anlamından, konkretliyə qovuşması lazımdır. Çünki “Turan” başlanğıcda konkret böyük bir əraziyə verilmiş bir addır. Sonralar turanlıların tutduqları digər ərazilər də olmuşdur ki, indi oraları da “Turan” adlandırmaq doğru deyildir. Sadəcə, “Turan”ın sonrakı ərazilərində yaşayan türklər də var ki, bu gün də onlar özlərini turanlı, ya da türk  hesab edirlər.

Burada əsas məsələ odur ki, yeni dövrdə Turan ideyası daha çox haradan qaynaqlanmış, Türk xalqaları arasında “Turan” məfkurəsini gerçəkləşdirmək yolunda hansı Türk ulusları mücadilə verirlər. Əgər “Turan” məfkurəsinə sadiq olmaq məsələsinə diqqət yetirsək görərik ki, Azərbaycan türkləri daim bu ideyanı yaşatmışıar və yaşatmağa da davam edirlər.  “Turan”la “İran” arasındakı hərbi və düşüncə savaşında “Azərbaycan” və “Turan” anlayışlarının doğmalığına 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində yaşamış Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlabbas Müznib, Əbdülxaliq Cənnəti və başqaları da toxunmuşlar. Azərbaycan türklərinin Turana bağlılığına bir örnək XIX əsrin sonlarında Əli bəy Hüseynzadənin qələm aldığı bir şeirdir:

Sizlərsiz ey qövmi-macar,

bizlərə ixfvan (qardaş),

Əcdadımızın müştərəkən mənşəyi Turan!

Bir dindəyiz biz, həpimiz haqpərəstan;

Mümkünmü bizi ayırsın İncil ilə Quran?

Turani ləqəbilə yazılar şeirlər yazan Ə.Hüseynzadə 1-ci Dünya müharibəsi illərində (1914-1918) “Turan” adlı təşkilat yaradaraq Avropa ölkələrinin rəhbərləri ilə görüşlər keçirmiş, Türk xalqlarının səsini dünyaya çatdırmağa çalışmışdır. Sadəcə, obyektiv səbəblərə görə, o zaman Hüseynzadə türkçülüyün və Turançılığın mərkəzi kimi İstanbulu, Anadolunu görmüşdür. Amma bunun özü belə, Turançılığın Azərbaycandan qaynaqlanmaması anlamına gələ bilməz. Çünki Hüseynzadə Azərbaycan və Anadolunu Turan birliyinin ayrılmaz tərkib hissəsi kimi görürdü.

Bu dövrdə Azərbaycan Türk aydını Əlabbas Müznib isə “Türk tarixi” kitabında türk, tatar və monqolları Turanlı adlandırmışdır. Onun fikrincə, “Ariya”lılara ruslar, farslar, hindlilər, ermənilər və başqaları aiddir. Turan və turanlı anlayışlarını daha çox Azərbaycana, Qafqaza bağlayan Müznibin də Turançılıq  məfkurəsinə sahibləndiyini görürük.

1920-ci illərin başında “Azərbaycan (fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk)” adlı kitabında Məmməd Həsən Vəliyev isə yazırdı ki, «türklər hələ Turanda yaşayarkən onların ilk dini şaman dini olmuşdur”. Şübhəsiz, burada nəzərdə tutulan Turan həm də Azərbaycan demək idi.

XX əsrin böyük Azərbaycan türk ideoloqu, Azərbaycan Cümhuriyətinin qurucusu, Məhəmməd Əmin Rəsulzadə də 1920-ci illərdə yazırdı ki, əfsanəvi Turan bir türk ölkəsi olduğu halda, Midiya dövlətini yaradan midiyalıların kim olduğu (məs., iranlı, turanlı və b.) indiyə kimi şübhəli idi. Ancaq sonralar Assur mixi yazılarının oxunması midiyalıların dilinin turanlıların dilinə yaxın bir dil olduğunu, hətta «Şumerlərin turani olduqlarını» qeyd etmişdir: «Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya «Turan Midiyası» deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir».

Davamı var...

Faiq Ələkbərov





Həftənin ən çox oxunanları