Yuxarı

Saxta kərə yağları: Aldanmamaq üçün nə etməli?

Saxta kərə yağları: Aldanmamaq üçün nə etməli?

yagEkspertlər uyğunluq sertifikatı olmayan, ucuz yağları almamağı məsləhət görürlər

Son günlərdə ölkənin ərzaq bazarında saxta yağların satılması haqda məlumatlar ara vermir. Məlumatlarda qeyd olunur ki, Azərbaycana 50 min tona yaxın palma yağı idxal olunub ki, kq-ı dünya bazarında 60 qəpik olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 2-5 manata satılır. Bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli “kərə yağlarını” necə tanımaq olar, belə yağların sağlamlıq üçün hanı təhlükələri var? Bu suallara aydınlıq gətirmək üçün kiçik bir jurnalist araşdırması apardıq.

Yağ bazarında işlər yağ kimi gedir, yoxsa...?

Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarusiya, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Lakin bəzi mənbələrin yaydığı məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır. Qeyd olunur ki, ucuz qiymətə (2-5 manat arasında) satılan bu yağlarin tərkibinin əsas hissəsi trans yağlardır, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır. Saxta və təhlükəli yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur. Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. Bir çoxları yağın üzərinə rus adları yazmaqla alıcılarda bu yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışırlar, lakin çox xırda hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda görürsən ki, bu yağı misal üçün Abşeronun hansısa kəndində filan fiziki şəxs hazırlayır.

“Əhalini aldatmaq üçün yağa xüsusi maddələr qatılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: “Satışda “kərə yağı” adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur.  Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır”.  Yayılan məlumatlarda palma yağının konseragen olması və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər yaratdığı qeyd olunur. Ekspert bildirir ki, palma yağı ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl  kərə yağı ancaq inək südündən hazırlanır. “Palma” yağı isə bitki yağları, konservləşdirilmiş süd, dondurmanın istehsalı, o cümlədən tortların kremində, şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Təmiz kərə yağının yağlılıq faizi 82%-dən az ola bilməz.

Ölkədə saxta yağ istehsal edən gizli sexlər var

Ölkədə gizli fəaliyyət göstərən sexlərin varlığını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  təsdiq edib. Komitə bildirir ki, gömrükdən idxal olunan keyfiyyətli kərə yağlarını aparıb gizli sexlərdə bitki yağları ilə qarışdırır və satışa buraxırlar.  Üzərinə də yazırlar ki, bu, 82 faizlik kərə yağlarıdır. Komitədən bildirirlər ki, hazırda kərə yağı istehsalı və idxalında QOST 37-91 standartı əsas götürülür. Komitə yağların tərkibini bu standart əsasında yoxlayır və uyğunluq aparır: “Təcrübə-Sınaq Mərkəzində kərə yağlarının təhlükəsizlik parametrləri yoxlanılır, mikrobiologiyası, fiziki-kimyəvi göstəriciləri laboratoriyada analizlər nəticəsində müəyyən olunur. Bizim verdiyimiz uyğunluq sertifikatı olmayan yağlar şübhəlidir, mənşəyi məlum deyil. Alıcılar da sertifikatsız yağları almaqdan çəkinməlidir”.

Maya dəyərindən ucuz “kərə yağı”

Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kq-ı 7 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda 3-5 manata satışda olan istisnasız olaraq bütün yerli kərə yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir. İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən “kərə” yağları satılır və bu yağın üzərinə “Moskva” və ya “Rusiya” yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, maya dəyəri bir yana qalsın, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.

“Vosmoy” bazarında yağ satışı ilə məşğul olan satıcı Rafiqin sözlərinə görə, ən çox tələb Rusiya yağlarınadır. Həm də ucuz olanlarına. Yəni 2-3 manata satılanlara.  Satıcıdan 2 manata kərə yağının necə əmələ gəldiyini soruşanda isə bildirdi ki, onlar yağı topdansatış mərkəzlərindən alırlar və tərkibindən, harada, nədən hazırlanmasından xəbərləri yoxdur.  Məlum olur ki, əhali arasında Rusiya, Ukrayna və Belarusiya yağlarının keyfiyyətli olması haqda fikir formalaşdığından ən çox bu yağları saxtalaşdırırlar. Məsələn, bu sətirlərin müəllifi iri mağazalarda üzərinə “Rossiyskoe” yazılmış kərə yağı qutusunun arxasında bu məhsulun tamamilə süni kimyəvi maddələrdən düzəldiyini təsdiq edən, lupa ilə oxuna biləcək tərkib məlumatını birtəhər oxuya bilib.

Saxta yağlar hansı xəstəliklər törədə bilər?

Əksər mütəxəssislər mədə-bağırsaq pozğunluğunun əsas səbəblərindən biri kimi keyfiyyətsiz yağları göstərirlər. Həkim-terapevt Rizvan Məmmədovun dediyinə görə, keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan xolestirinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Bu yağlardan istifadə zamanı isə onların tərkibindəki zərərli süni maddələr zəhərlənmənin baş verməsinə səbəb olur. Həkimin dediyinə görə zəhərlənmələr 2 cür olur. Tez zəhərlənmə və tədrici zəhərlənmə. Daha qorxulusu tədrici zəhərlənmədir. Çünki bu zaman orqanizmdə gedən proses gizli inkişaf edir və bundan xəbər tutduqda artıq gec olur. “Bəziləri deyir ki, bəs keyfiyyətsiz dediyiniz məhsulları yeyirik, heç nə olmur. Bu çox yanlış fikirdir. Çox vaxt insanlar ağır və sağalmaz xəstəliklərə düçar olduqda, bunun nədən baş verdiyinin fərqinə varmırlar. Yəni əsl səbəbini öyrənmirlər və həkimdən tələb edirlər ki, onları sağaltsın. Uzun illər ərzində zəhərlənmiş orqanizmi, sıradan çıxmış daxili orqanları biz necə bərpa edə bilərik”- həkim bildirdi.

Alıcı kərə yağını necə tanımalıdır?

Sosial şəbəkələrdə qeyd edilir ki, 6-8 manat arasında satılan Yeni Zellandiya yağları adı altında satılan yağlar da keyfiyyətsizdir və ona ölkədə başqa yağlar qatılandan sonra satılır. Məsələ ilə əlaqədar ölkə bazarlarında daha çox məşhur olan və Yeni Zelandiyada istehsal olunan “Westgold”, “Golden Crown”  kərə yağlarının Azərbaycanda rəsmi distribütoru “West Product” Marketinq Şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bu markalı kərə yağları Yeni Zelandiyada istehsal olunur və paketlənir, daha sonra isə digər ölkələrlə yanaşı, Azərbaycana da idxal olunur. Hər iki yağ Azərbaycan dövlətinin müvafiq dəvlət təşkilatları tərəfindən  yoxlanılır  və  Uyğunluq  Sertifikatı alır. ““Westgold” və “Golden Crown” kərə yağları Yeni Zelandiyanın ən böyük və tanınmış süd emalı müəssisələrindən olan “Westland Milk Products” zavodlarında istehsal olunur. İstehsal prosesində xammal olaraq 100% inək südündən istifadə olunur”- şirkətdən bildirildi.

Yerli və ya xarici yağları necə ayırd etməli?

Şirkətdən onu da bildirdilər ki, hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir. Buna şahid olmaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Belə ki, yağ paketinin üstündə istehsalçı barədə məlumat və barkod ilə tanış olmaq kifayətdir. Belə ki, Yeni Zelandiya 940-949 barkod prefiksləri, Azərbaycan məhsulları isə 476 barkod prefiksi ilə satışa çıxarılır. Bundan başqa, tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə malik olmasını sübut etməyə ehtiyac belə yoxdur. Çünki nə heyvani yağlar, nə də bitki yağları heç vaxt tünd sarı rəngdə olmur. Bazar-dükanda yerli süd zavodlarının da 3-5 manat olan kərə yağları satılır ki, onların da alıcısı azdır. Bu yağların keyfiyyətli olmadığı, tərkibinə bitki yağları qatıldığı haqda alıcılar arasında fikir formalaşıb. Beləliklə aydın olur ki, ucuz qiymətə satılan kərə yağlarının saxta olduğu şübhəsizdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi 3-4 manata təbii süddən hazırlanmış kərə yağı satıla bilməz.





Həftənin ən çox oxunanları