Yuxarı

Yaxın Şərqdə silah ticarəti artır

Yaxın Şərqdə silah ticarəti artır

silah ticaretiBölgə dövlətləri il ərzində xarici ölkələrdən 200 milyard dollarlıq silah alıb

Yaxın Şərqdə baş verən qanlı müharibələrdən qazanclı çıxan əsas güclər silah baronlarıdır. Müharibə investorları olan bu anonim qüvvələr qarşıdurmalarda istifadə olunan hər gülləni pula çevirirlər. Xüsusilə, ABŞ, Rusiya, Çin və Fransadan Yaxın Şərq ölkələrinə silah idxalı artıb. Son 5 ildə təkcə Fransanın silah ticarətində region ölkələrinin üzərinə düşən pay 50%-ə qalxıb. İlin ilk 6 ayı ərzində Fransa Yaxın Şərqə 16 milyard dollarlıq müxtəlif növdə silahlar satıb. Ticarətdə Misir, Livan, Qətər, Səudiyyə Ərəbistanı və gizli satış həyata keçirdiyi Suriya əsas pay sahibidirlər.

Beynəlxalq Əfv Təşkilatı Fransanın region dövlətlərini silahlandırmasını kəskin dillə pisləyən bəyanat yayıb. “The National Interest” jurnalı isə Fransanın bu sahədə ABŞ-ı üstələməyə yaxın olduğunu bildirib. Siyasi analitiklər Georgi Kafiero və Daniel Vaqner jurnala Fransanın son 5 ildə Yaxın Şərqi hərbiləşdirən əsas silah ticarətçisi olduğunu bildiriblər. Suriya proseslərində iştirak edən İŞİD, “əl-Qaidə”, “ən-Nüsra” kimi böyük terror təşkilatlarını, müxalifətin Suriya Azadlıq Ordusunu ABŞ və Qərbi Avropa ölkələri, Bəşər Əsəd rejimini isə İran, Çin və Rusiya silahlandırır. Əsədə “Hizbullah”ın verdiyi hərbi dəstəyi də unutmaq olmaz. Yaxın Şərqdə qarşı-qarşıya olan güclərə göndərilən silahlar bir tərəfdən bu proseslərdə aktiv rol oynayan Rusiya və ABŞ-ın siyasi maraqlarını əks etdirirsə, digər yandan bu iqtisadi mənfəət əldə etməyin ən pis üsuludur. Regionda təhlükəli hal alan müharibə vəziyyəti bu ölkələrin silah və maliyyə maqnatlarının iştahlarını bir qədər də şişirdir.

“Dünya dövlətləri müdafiə xərclərini artırırlar”

ABŞ-ın silah ticarətində Asiya və Okeaniya 27%, Yaxın Şərq 18% pay sahibdir. Yerdə qalan nisbət isə Afrika və Avropa ölkələri arasında böldüşdürülür. Rusiyanın bu sahədə Yaxın Şərqdə ayırdığı rəqəm 10%-dir. Ümumilikdə isə Rusiyanın bu ticarətində Asiya ölkələrinin payı 35%-ə yaxındır. İsveç və Fransa da ticarətinin 50%-dən çoxunu Yaxın Şərq ölkələri ilə edir. Müharibə investoru olan bu dövlətlərin dövriyyədə Afrika, Asiya və Yaxın Şərq dövlətlərinə əsas yer ayırmaları təsadüfi deyil. Çünki dünyada kütləvi ölümlərin baş verdiyi əsas coğrafiya bu bölgələri əhatə edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatına görə, 2014-cü ildə dünya ölkələri müdafiə xərcləri üçün 1 trilyon 547 milyard dollar maddi vəsait ayırıblar. 2013-cü ildə bu rəqəm 1 trilyon 538 milyard dollar olub. SIPRI göstəricinin 2015-ci ildə bir neçə dəfə artacağını bildirib. Təşkilat xüsusilə, Yaxın Şərq və Asiya dövlətlərinin silah idxalını son 6 ildə 27% artırdıqlarını elan edib. Ümumilikdə qanlı müharibələrin cərəyan etdiyi Yaxın Şərq ölkələri il ərzində xarici ölkələrdən 200 milyard dollarlıq silah alıblar. “Nyu-York Tayms” qəzeti İraq, Suriya və Yəməndə baş verən qarşıdurmaların Rusiya və ABŞ-ın silah şirkətlərinin yaxşı gəlirlər əldə etmələri üçün ideal fürsətlər yaratdığını bildirir. Qəzet İŞİD-in proseslərə aktiv formada qoşulmasından sonra bölgəyə silah idxalının artdığını yazır.

Ticarətin dəyəri nə qədərdir?

Beynəlxalq silah ticarətinin dəyəri 2015-ci ildə 80 milyard dolları keçib. 2014-cü ildə bu rəqəm 64.4 milyard dollar olub. IHS-ın hesabatına görə, Yaxın Şərq dövlətlərindən Səudiyyə Ərəbistanı müdafiə xərclərini 54% artırıb və bu ölkə 2015-ci il ərzində silaha 9.8 milyard dollar maddi vəsait xərcləyib. BƏƏ-nin idxala xərclədiyi pullar isə Qərbi Avropa ölkələrinin ümumilikdə il ərzində silah alışına ayırdığı xərcləri də üstələyib. BƏƏ il ərzində silaha 8.7 milyard dollar pul sərf edib. ABŞ Yaxın Şərq ölkələrinə il ərzində 10 milyard dollarlıq silah-sursat satıb. 2014-cü ildə bu rəqəm 8.4 milyard dollar olub. ABŞ silah ixracatını əvvəlki illərlə müqayisədə 19% artıraraq 30 milyard dollara qaldırıb. Rusiyada isə bu rəqəm 15 milyard dollara yaxındır. İngiltərə, Almaniya, İtaliya, İsrail, Çin, İspaniya və Kanada da Rusiya və ABŞ-dan sonra silah ticarətində əsas pay sahibdirlər. Maraqlıdır ki, Yaxın Şərqdə baş verən silah ticarətini təşkil edən əsas ölkələr bu regiona “sülh” gətirmək istəyən dövlətlərin adlarıyla üst-üstə düşür.

“Amerika silah ticarətinin humanitar oyunçusu rolunda”

“Müharibə qənimətləri: Amerika silah ticarətinin humanitar oyunçusu rolunda” adlı kitabında Con Tirman ABŞ-ın Yaxın Şərq ölkələrini silahlandırmasını kəskin formada tənqid edir. Triman yazır: “Proseslər ABŞ-ın Vyetnam bataqlığına batmasından sonra - 60-cı illərdən başlayır. ABŞ prezidenti Nikson Amerikanın həyata keçirdiyi geosiyasi planların qlobal problemlərə yol açdığını görüb yeni doktrina qəbul etdi. Yeni plana görə, Amerika artıq hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcək. Ağ Ev üçün vacib olan regionlarda yerləşən dövlətləri silahlandırıb öz maraqlarını qorumağa çalışacaq”. Lakin Niksondan sonra bir də Corc Buş hakimiyyəti dönəmində Əfqanıstan və İraqa ordu yeridərək bu doktrinanın üzərindən xətt çəkdi. Amerikada Barak Obamanın hakimiyyət dönəminin başlamasıyla Ağ Ev yenidən Nikson doktrinasına üz tutdu. Həmin strategiyaya uyğun olaraq, ABŞ Misir, Tunis və Liviyada dövlət çevrilişlərini həyata keçirdi. Amerika adına həyata keçirilən çevriliş planlarında NATO, Ağ Evin Yaxın Şərqdən olan müttəfiq dövlətləri (BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, Qətər və s.) və ölkələrin silahlandırılmış müxlifət qüvvələri iştirak edirdilər.

Qlobal böhrandan zərərsiz çıxan yeganə sərmayə

Xammal, sərmayə, torpaq müharibəsi planeti təhlükəyə sürüyür. İmperializm ziddiyyətləri kəskinləşdirir. Nüfuz savaşı xalqları terror bıçağının ağzına verir. Ölkələr imperiyaların müstəmləkə və dominyonlarına çevrilirlər. Xammal, kredit, güclərin təşkili, hərbi-siyasi ittifaqlar, silahlanma və müharibələr mübarizənin özəyini təşkil edir. Qlobal böhrandan zərərsiz çıxan yeganə sərmayə müharibədir. Xammal bazarlarını əmələ gətirən müstəmləkələr və asılı ölkələr üzərində imperialist təzyiqlər ağırlaşır. Ölkələrə sülh zəhərli qaz, tank, top və qırıcı təyyarələrlə aparılır. Anonim baronlar bəşəriyyətin sosial-demokrat xəyallarını yerlə-yeksan ediblər. Sərhədsiz sərvət və imtiyaz öz dünyalarında firəvan yaşayan “planetin ağaları” ictimai həqiqətlərlə əlaqələrini kəsiblər. Tarixin çiyinlərinə daşınılması mümkünsüz vəzifələr yüklənilib.

Mənsur





Həftənin ən çox oxunanları