Yuxarı

Oliqarxların sonu gələcəkmi?

Oliqarxların sonu gələcəkmi?

oliqarx"Korrupsiyaya qarşı mübarizənin davam etdirilməsi vacibdir"

“Ciddi korrupsiya və reketçilik halları ölkəmizin sütunlarını laxlatmaqdadır”

“Kadr islahatından daha önəmli sistem islahatı olmalıdır”

“Neftdən ölkəyə gələn 500 milyard dollara yaxın vəsait oliqarxiya tərəfindən oğurlanıb”

“Kimləri isə işdən azad edib həbsxanaya göndərməklə vəziyyəti dəyişmək mümkün deyil”

Bu gün Azərbaycanın dünyadakı imici müsbət mənada xarakterizə olunmur ki, bu da hər bir ölkə vətəndaşı üçün arzuolunmazdır. Korrupsiyanın həddindən artıq ciddi problemlərə yol açdığı ölkə haqqında mənfi imic formalaşıb. Ölkədə baş verən son olaylar əslində problemin görünməyən tərəfinin daha ağır və qəliz olduğunu deməyə əsas verir. Təbii ki, bütün bunlar dünya mediaqsı tərəfindən də diqqətdə saxlanır və Azərbaycanla bağlı mütəmadi olaraq mənfi informasiyalar yayılır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev təəssüflə qeyd edib ki, bu gün Azərbaycan dünya gündəminə həm də neft və qaz ölkəsi olması, onlarla siyasi məhbusun həbsxanalara salınması, dünya standartlarından çox uzaq olan seçkilər keçirməsi, Avropaya inteqrasiyadan, dolayısı ilə şəffaflıq və yaxşı idarəetmədən imtina etməsi və ölkəni cənginə almış korrupsiya halları və həbsləri ilə gəlir: “Bu, çox üzücüdür. Çünki Azərbaycan Şərq dünyasının ilk Demokratik Cümhuriyyətini qurmuş bir ölkədir. O, Şərqdə ilk operanı, teatrı yaratmış bir cümhuriyyətdir. Şərqdə ilk dəfə qadınlara səsvermə hüququnu tanıyan bir mədəniyyət nümunəsinə malik ölkədir. Əgər bu xalq keçən əsrin əvvəllərində demokratiya qura bilmişdisə və bu ənənəyə malikdirsə, indi də çox qısa zaman kəsiyində bunu edə bilər. Ona görə də, Azərbaycanın siyasi hakimiyyətinin öz iqtidarını saxlamaq instinktini saxlamaqla bərabər, həm də Azərbaycanın demokratik gələcəyi ilə bağlı ciddi addımlar atması zəruridir”. “Eyni zamanda, cəmiyyət və beynəlxalq aləm tərəfindən yaxından izlənilən və müsbət qarşılanan korrupsiya hallarına qarşı mübarizənin də davam etdirilməsi vacibdir”,- deyən R.Nurullayev qeyd edib ki, hakimiyyətin yüksək eşalonlarında olan ciddi korrupsiya və reketçilik halları ölkəmizin sütunlarını laxlatmaqdadır: “Korrupsiya və məmur reketçiliyinə qarşı mübarizə sistemli şəkildə aparılmalı və konkret şəxslər üzərində qurulmamalıdır. Çünki hazırkı siyasi sistemin bünövrəsinin yenidən şəkillənməsinə ehtiyac var. Ayrı-ayrı şəxslərə yönəlik korrupsiya mübarizəsi problemi kökündən çözə bilməz”. AXCP sədrinin səsləndirdiyi bu ciddi faktların aradan qaldırılması, həmçinin verdiyi təkliflərin reallaşması üçün zəmin yaranıbmı? Dövlət başçısının çıxışı yol xəritəsi ola bilərmi? Ölkənin oliqarxlardan qurtulma şansı varmı?

Millət vəkili Fazil Mustafa bildirir ki, Azərbaycanla yanaşı, dünya ölkələrinin əksəriyyətində korrupsiya ilə bağlı aktual problem var. Onun fikrincə, təkcə Azərbaycanda deyil, məsələn, İtaliyaya baxsaq görərik ki, Berluskoni vəzifədə olarkən o qədər cinayət əməlləri törədib ki, bunlar açıqlandıqda dəhşətli mənzərənin şahidi olursan: “Sarkozi və digərləri ilə bağlı da belə məlumatlar var. Azərbaycanda bir şərq ölkəsi kimi hələ də bu mental neqativliyi daşımaqda davam edir. Bunu da dəyişməyin yeganə yolu normal nümunələrdir. Belə bir nümunə heç Avropada yoxdursa, onda sistem olaraq hardansa örnək götürməyimiz də çətindir. Belə olan halda, real vəziyyətimizə görə bunu dəyişməliyik”.

Sistem islahatı...

F.Mustafa əlavə etdi ki, bunun üçün də ciddi islahat tələb olunur: “Kadr islahatından daha önəmli sistem islahatı olmalıdır. İnsanlar bilməlidir ki, bu, həqiqi mənada cinayət xarakterli sferadır, cinayət xarakterli əməllər dairəsidir və bunu etmək olmaz. Necə ki, dünənə qədər ən yüksək vəzifədə olub söz sahibi olan adamların bu gün necə yazıq vəziyyətə düşdüyünü görürsən. Hamı sistemin içində müəyyən dərəcədə öz məsuliyyətini itirməyə başlayır. Azərbaycanda normal düşünən məmurlar və sağlam həyat tərzi keçirən insanlar var. Amma böyük  əksəriyyət özünü itirir. Özlərinin malik olduqları funksiyanın nədən ibarət olduğunu unudurlar. Bunun aradan qaldırılması üçün ciddi və sistemli bir islahat həyata keçirmək lazımdır. Cəmiyyəti də buna inandıraraq dəstəyini qazanmaq zəruridir. Bunlar olacağı təqdirdə problemi minimuma endirmək mümkündür”.

“Bütün dövlət qurumları korrupsiyalaşıb”

“Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə deyir ki, nazirlərin vəzifədən azad edilməsi rüşvət və korrupsiya məsələsinə görə deyil. Onun fikrincə, bunun başqa əsası var: “Hesab edirəm ki, bu, ölkədə çevriliş xofu ilə əlaqədardır. İkincisi bu problemdən qurtulmaq üçün söylənilənlər kifayət deyil. Saakaşvili variantında da gördük ki, əsas şərtlərdən biri ölkə başçısının konkret islahat proqramı ilə çıxış etməsi və bunu praktiki olaraq həyata keçirməsidir. Əks təqdirdə rüşvət və korrupsiya ortadan qaldırılmayacaq. Bizdə isə bilirsiniz ki, bütün dövlət qurumları korrupsiyalaşıb. Ölkədə dövlət hakimiyyətində olanlar içərisində korrupsiyaya bulaşmamış şəxslər barmaqla sayıla bilər. Korrupsiya Azərbaycanda bir idarəetmə formasına çevrilib. Azərbaycanın milli sərvəti olan neftdən ölkəyə gələn 500 milyard dollara yaxın vəsait oliqarxiya tərəfindən oğurlanıb. Bunların kimliyi bəllidir və dəyişə bilməzlər”. Ə.Oruc buna görə də korrupsiyanın aradan qaldırılacağına inamadığını deyir: “Bunun üçün ölkə başçısı ətrafında olanların hamısından, bütün komandadan qurtulmalı vəzifəyə korrupsiyaya bulaşmamış şəxslər gətirilməlidir. Bu da mümkünsüz görünür. Bilirsiniz ki, bizdə ailə klan sistemi mövcuddur. Məsələn, bir nəfər nazirdisə, oğlu polis rəisi, kürəkəni prokuror, qayını hakimdir və s. Yəni bir qapalı çevrə formalaşıb ki, bunun da hər hansı bir tərəfini qoparanda bütövlükdə hamısı yerindən oynayır. Ona görə də nəyinsə dəyişəcəyinə inamıram”.

ADR Hərəkatının sədr müavini Vurğun Əyyub isə vurğuladı ki, ölkədə rüşvət və korrupsiyanın aradan qaldırılması üçün kompleks tədbirlər, ardıcıl islahatlar həyata keçirilməlidir: “Yalnız tənqid etməklə, kimləri isə işdən azad edib həbsxanaya göndərməklə vəziyyəti dəyişmək mümkün deyil. Çıxarılan yüksək vəzifəli şəxslərin yerinə vəzifəyə təyin edilmiş insanlar da aşağı-yuxarı həmin korrupsiya qazanında bişmiş və ya o çirkaba hansısa şəkildə bulaşmış adamlardır.

Cavad





Həftənin ən çox oxunanları