Yuxarı

Müharibə veteranı: "Aclığa başlayacam"

Müharibə veteranı:

muharibe veteraniGəncə sakini şikayətinə baxılmadığını bildirir

Gəncə şəhər sakini, Qarabağ müharibəsi iştirakçısı Səmədov Vidadi Allahyar oğlu həmyerlisi, "Dubay bazarı" deyilən ticarət mərkəzində fəaliyyət göstərən sahibkar Şikar Rəhimovdan şikayətçi düşüb. V.Səmədov "Cümhuriyət" qəzetinə ünvanladığı müraciətdə deyir ki, həyat yoldaşı İsmayılova İlhamə Yaqub qızı vaxtilə Ş.Rəhimova məxsus çörəkbişirmə sexində çalışıb. Amma 2014-cü ilin noyabr ayında sahibkar tərəfindən heç bir əsas göstərilmədən işdən çıxarılıb və əməkhaqqı 100 manat əskik olaraq ödənilib.

Şikayətçinin sözlərinə görə, o, Şikar Rəhimovdan əməkhaqqının qalığını tələb edərkən sahibkar təhqirə əl atıb və onu zor gücünə uzaqlaşdırıb.

Bundan sonra Vidadi Səmədov Daxili İşlər Nazirliyinin "102" nömrəli qaynar xəttinə müraciət edib. Onun bu müraciətindən sonra Gəncə Şəhər Baş Polis İdarəsinin sahə müvəkkili vəzifəsində çalışan bir nəfər polis əməkdaşı Vidadi Səmədovun ünvanına gələrək onun və həyat yoldaşının izahatını alıb. Buna rəğmən şikayətçi müraciətinin baxılmamış qaldığını iddia edir. Adının çəkilməsini istəməyən sahə müvəkkili isə "Cümhuriyət"in sualına cavab olaraq deyir ki, vətəndaşın "102" xidmətinə müraciətindən dərhal sonra araşdırmalara başlanıb: "Məsələ ilə bağlı cinayət xarakterli hər hansı bir hərəkət olmadığı üçün  hər iki tərəfin izahatları alınıb, yekun qərar qəbul edilərək, onlara  məhkəməyə müraciət edilməsi tövsiyə edilib. Vidadi Səmədova o da bildirilib ki, əməkhaqqının bu cür hallarda ödənilməməsi mülki məsuliyyət törətdiyindən aidiyyəti üzrə yerli məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilib.

Bu şikayətlə bağlı sözügedən sahibkar Şikar Rəhimov "Cümhuriyət"ə bildirib ki, o, artıq 1 ildir ki, həmin sexin fəaliyyətini dayandırıb və sahibkarlıq fəaliyyətindən uzaqlaşıb: "Həmin qadın əmək müqaviləsi ilə işə götürülüb və bütün işdən çıxarılma prosedurları qanunauyğun şəkildə həyata keçirilib. Əməkhaqqısı isə son qəpiyinə qədər ödənilib". İşdən çıxarılma məsələsi ilə bağlı isə onu qeyd edə bilərəm ki, İsmayılova İlhamə Yaqub qızı dəfələrlə çörək sexindən maya, çörək və s. bu kimi əşyaları rəhbərliyin xəbəri olmadan özbaşına götürüb və bu sübut edilib. Bir neçə dəfə xəbərdarlıq edilsə də, buna məhəl qoymamış və nəticə etibarilə işdən uzaqlaşdırılmışdır."

Şirkət rəhbəri deyir ki, o, məsələyə humanizmlə yanaşaraq, İ.İsmayılovanın bu əməlləri haqda hüquq-mühafizə orqanlarına müraciət etmədən onu bu əməlinə görə işdən uzaqlaşdırmaqla kifayətlənib.

Bütün bunları haqsızlıq kimi dəyərləndirən Vidadi Səmədov isə deyir ki, həyat yoldaşının əməkhaqqısının ödənilməsi və onu təhqir edən sahibkarın cəzalandırılması məsələsi öz həllini tapmasa, aclıq aksiyasına başlayacaq.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları