Yuxarı

Saxta endirim kampaniyaları...

Saxta endirim kampaniyaları...

endirim"Alıcı bütün hallarda mağazadakı malın qiymət sənədləri ilə tanış ola bilər"

“Qədər” sözünə aldanan alıcılar…

Payız-qış mövsümünün gəlişi ilə əlaqədar ticarət mərkəzlərində endirim elanlarını sayı da çoxalıb. Artıq demək olar ki, böyük-kiçikliyindən asılı olmayaraq, hər bir mağazada endirim elanlarına rast gəlinir. Müştərini cəlb etmək üçün bu elanlar bəzən hətta təəccüblənəcək dərəcəyə 70-faizə qədər yüksəlir. Mağazaların vitrinlərində endirim elanlarına hələ də inanan və alış-veriş üçün münasib zaman hesab edən müştərilər qısa zamanda aldanıldığını başa düşür.

Yəni mağazanın qapısından içəri daxil olmaq kifayətdir ki, endirimin real olmadığını, müştərini cəlb etmək, başqa sözlə desək, aldatmağa xidmət etdiyini təcrübədən çıxarasan. Xüsusilə qış ərəfəsində növsümi geyimlərə, ayaqqabılara  endirimin inandırıcı olmadığı bəllidir və müştəriləri bununla cəlb etmək köhnəlmiş üsul olsa da, həm də sınanılmış vasitədir.

“Qədər”lə aldadılan müştəri

Mağazalarda apardığımız müşahidələr göstərir ki, endirimlər əsasən 20 faizdən başlayır və hətta 70 faizə qədər çıxır. Ancaq mağazaya daxil olub istənilən malın qiyməti ilə mararqlananda məlum olur ki, elan real vəziyyəti əks etdirmir. Yəni elanlarda 70 faiz olduğu iddia edilən endirim heç əslində, 10 faiz də təşkil etmir. Burda isə satıcılar əsasən alıcını diqqətsilikdə suçlayır və özlərinə haqq qazandırırlar. Məlum olur ki, “70 faiz enidirm” deyə müştəriyə zorla sırınan elanda kiçik hərflərlə “qədər” sözü yazılıb. Yəni endirim 70 faiz deyil, 70 faizə qədərdir və bu, 1 faiz də ola bilər, 70 faiz də. Amma nədənsə istənilən alıcının əlini atdığı mal heç vaxt 70 faizlik endirimli mallar siyahısına düşmür. Ümumiyyətlə, mağazada hansı mallara məsələn ən azı 65 fazilik endirim tətbiq edildiyini soruşanda ən çox verilən cavab “Həmin mallar satılıb qurtarıb” olur. Böyük mağazaların “endirim üsulları” da kiçiklərdən fərlənir. Bu satış obyeklərində müştəri endirim elanlarına inanıb mağazaya girir, malı seçir və kassaya yaxınlaşdığı zaman sürprizlə qarşılaşır. Ona bildirilir ki, almaq istədiyi mal endirim aksiyasında deyil. Təbii ki, bu zaman endirim elanın hansı mallara aid olduğunu soruşanda dəbdən düşmüş, yaxud əsasən yay mövsümünə aid olan mallara işarə vurulur.

“...biz də elan vurduq”

Satıcı Elmira Əliyevanın sözlərinə görə, işçilər endirim aksiyalarına müdaxilə etmək imkanına malik deyillər: “Bizə nə deyilibsə, onu da edirik. Müdir deyir vitrinə elan vurun, yazıb vururuq, deyir ucuz satın, ucuz satırıq. Amma əsas endirim mövsümlər dəyişən zaman olur. Məsələn, yaydan payıza keçəndə yay paltarını ucuz almaq olur. Amma çox adam bundan istifadə etmir, çünki dəb tez-tez dəyişir. Uşaqlar üçünsə boy, çəki artımı dəyişdiyinə görə, bu yaydan o biri yaya paltar saxlamaq münasib deyil. Buna görə də bu endirimlər də mağazaya heç nə qazandırmır. Amma hamı bir-birinə baxıb edir. Deyirlər, məsələn, qonşu mağazaya çox adam girdi, yəqin endirim elanına görədir. Orda 50 faiz endirim yazılıbsa, biz 60 faiz yazırıq. Rəqabətdir axı”.  Amma həmsöhbətimiz elan edilən endirimin əslində vəziyyəti əsk etditmədiyi də etiraf edir: "Başqa sözlə desək, mallar elə öz qiymətinə satılır, sadəcə, qiymət vərəqəsində nisbətən daha qiymət yazılır, sonra isə güya endirimli qiymət göstərilir. Bunu etmək üçünsə cəmi bir neçə saat vaxt lazımdır."

Həmsöhbətim deyir ki, əvvəllər bəzən endirim kampaniyalarından şikayətlər olurdu və bu zaman İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağazalarda reyd keçirirdi: “Neçə aydır ki, nə bizə, nə də başq mağzalara yoxlama gəlir. Deyirlər, prezidentin yoxlamaların dayandırılması barədə çıxışı olub, buna görədir”.

Endirimli mal üçün “endirim kartı”

Paytaxtın “28 may”, “Neftçilər”, “Xalqar Dostluğu” metrostansiyalarının ətrafındakı ticarət obyektlərində rast gəlinən bu üsullardan artıq nüfuzlu və paytaxtda adla tanınan mağazalar da yararlanmağa başlayır. Lakin bu mağazalar əsasən xarici istehsalçı və ya satış şirkətinin təmsilçisi funksiyasıın daşıdığından məsələyə bir qədər fərqli yanaşılır. Məsələn, “Bücürük” uşaq malları mağazalarında firma istehsalı olan mallara endirim tətbiq olunur və nisbətən real görünür. Burda uşaq qış üst geyimləri 15 manatdan 25 manata qədər dəyişir və keyfiyyətinə zəmanət verilir. Eyni zamanda qış ayaqqabıları üçün də qiymətlər 15 manatdan başlayır. Yay paltarlarına mağazalar şəbəkəsində xüsusi endirim var. Müşahidə göstərir ki, həmin malları hətta 5 manatdan başlayan qiymətlə əldə etmək mümkündür və bu, şəhərdəki satış şəbəkəsinə daxil olan bütün mağazalarda qiymətlər eynidir. Amma bu o demək deyil ki, məşhur firma-mağazalar saxta endirimdən yararlanmır. Əksər mağazalarda qiymət həddindən artıq şişirdilir və daha sonra guya enidirm adı ilə müəyyən qədər normallaşdırılaraq satışa çıxarılır.  Bu zaman mağazalar “endirim kartı” vasitəsindən istifadə edirlər. Məsələn, “Mustafa Tayat” mağazalar şəbəkəsində endirim kartı 5 manata satılır və həmin kartı aldıqdan sonra müəyyən mallara endirim ediləcəyi bildirilir.

Həmin an üçün mağazadan heç nə almağa imkanı olmayan müştərilərin də bəzisi ən azından 5 manatından keçərək gələcək üçün endirim kartı alır. Bəlkə yolu bir daha həmin mağazadan düşməsə belə bəribaşdan 5 manatını ödəyir.

Qiymət sənədini tələb edin

Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynovun sözlərinə görə,  saxta endirim kampaniyaları dünyanıən bir çox ölkəsində var. Sadəcə, Azərbaycanın fərqi bu kampaniyalardakı saxtakarlığın həddindən artıq şişirdilməsidir. Yəni əgər qonşu ölkələrdə müəyyən dövrlərdə endirim 20-25 faiz yazılıb, 10-15 faizlə həyata keçrilirsə, Azərbaycanda endirimli rəqəmlər əksər hallarda 20 fazidən başlayaraq 70 faziə qədər çıxır.   Bununla bağlı birliyə gün ərzində müraciətlərin daxil olduğunu deəyn Eyyub Hüseynov qeyd edib ki, bir neçə ildir ki, bu saxta kampaniyaların qarşısını almaq mümkün olmur: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən istehlakçının malın bütün sənədlərini, o cümlədən qiymət sənədlərini tələb etmək hüququ var. Amma əksər mağazalarda bu sənədlər ya ümumiyyətlə yoxdur, ya da onu müştəriyə göstərməkdən imtina edirlər. Hətta bəzən müştəri bu sənədi tələb edəndə ona qəribə nəzərlə baxırlar. Çünki qanunlardan xəbərsizdirlər. Müştərinin qiymət sənədinə baxıb təyin edə bilər ki, ona təqdim edilən endirim realdır, yoxsa yox. Yəni sənəddə qiymətlər əksini tapdığından  bunu öyrənmək daha rahat olur. Buna görə də əksər mağazalarda qiymət sənədi müştəriyə təqdim olunmur. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən satılan malın üzərində maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Əllə kağız parçasına yazılan qiymətlərə görə heç kəs məsuliyyət daşımır. İstənilən an onu dəyişdirmək mümkündür”.

Kampaniya malına xüsusi qadağa

Saxta endirim kampaniyalarının başqa bir mənfi cəhəti isə malın qaytarılması imkanının sıfıra endirilməsidir. Yəni məhsul bəyənilmədiyi, yaxud effekti olduğu halda belə müştəri onu geri verə bilmir. Bunu isə mağazalar həmin malın kampaniya çərçivəsində satılması və geri qaytarmanın kampaniya çərçivəsində satılan mallara şamil olunmaması ilə əlaqələndirir. Eyyub Hüseynovun sözlərinə görə, müştəri 14 gün ərzində malı dəyişdirmək və ya qaytarmaq hüququndan istifadə edə bilər. Bir halda ki, həmin mala ziyan vurmamış olsun: “Amma çox vaxt mağazalarda deyirlər ki, kampaniyaya düşən mallar geri qaytarılmır. Hətta mağazalarda belə elanlar da vurulur. Malın dəyişdirilməsinə belə razılaşmayan və bunu tələb kimi müstəri qarşısında qoyan satış obyektləri var. Bu da qanuna ziddir. Endirimli olub-olmamasından asılı olmayaraq, vətəndaşın malı dəyişmək hüququ vardır.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları