Yuxarı

Mülki şəxslərin hərbi geyimlərə marağı artır

Mülki şəxslərin hərbi geyimlərə marağı artır

herbi geyimPaytaxtımızda günbə-gün yeni dəblərlə geyinən gənclərin, şəhər sakinlərinin çox vaxt da hərbi paltarlar geyinməsinin şahidi oluruq. Belə ki, gənclərin daha çox hərbi paltarlar geyinməsi son günlər diqqətimizi çəkdi. Lakin bu, vətənpərvlik baxımından ruhyüksəldici olsa da, bununla bağlı cərimələr də tətbiq edilib. Belə ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Dərgahlının bildirdiyinə görə, "Hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi liseylərin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Məhz bu səbəbdən də hərbi formanın mülki vətəndaşlar tərəfindən daşınması məqbul sayılmır.

Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi, yəni mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan söhbət gedir. Qanunvericilikdə bu məsələdə müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar hissəsinin 310-2 maddəsində göstərilir ki, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir. Düzdür, burada hərbi geyimin üzərində hərbi nişanların daşınmasına qadağa qoyulmasından söhbət gedir. Amma öz tərəfimizdən bildirmək istərdik ki, bu məsələdə vətəndaşlarımız ümumilikdə hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və bu məsələdə məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar" - deyə vurğulayıb.

Lakin heç də ekspertlərin fikirləri bu məsələ ilə bağlı birmənalı deyil. "Doktrina jurnalistlərin hərbi araşdırmalar mərkəzinin direktoru", hərbi təhlilçi  Cəsur Sumərinli qeyd edib ki, "Hərbi geyim formalarının satışı və alınması ilə bağlı normaları tənzimləyən konkret qanunvericilik bazası yoxdur. Bununla belə, hərbi, eyni zamanda hüquq-mühafizə orqanlarında çalışanların geyim formalarından sui-istifadə etmə nəticəsində hər hansı cinayətin törədilməsi baş verərsə, bu əməl ağırlaşdırıcı kimi nəzərə alına bilər. Mülki şəxslər tərəfindən sadəcə, geyim dəbi kimi hərbi geyimlərin alınması, onların gündəlik həyatda istifadə olunmasına pis baxılmamalıdır. Nəzərinizə çatdırım ki, ortada olan tendensiya ondan ibarətdir ki, hərbi xidmətə meyl göstərən gənclərin sayı ildən-ilə azalır və hərbi xidmət (həmçinin müqaviləli xidmət), hərbi iş cəmiyyətin gözündə ikinci plana keçir. Qərb ölkələrində bu problemin qarşısını almaq üçün hərbi xidmətin populyarlaşması istiqamətində bir sıra addımlar atırlar ki, bunlar içində müxtəlif reklam plakatları ilə yanaşı, hərbi parçalardan istifadə edilərək müasir dəbdə geyimlərin tikilməsi, hərbi üslubda mülki çəkmələrin hazırlanması da əsas yer tutur. Beləliklə, hərbi geyimdən və yaxud onun dizaynından istifadə bütün inkişaf etmiş ölkələrdə normal hesab olunur, o vaxta qədər ki, həmin geyimdən sui-istifadə hallarına, saxtalaşdırmağa yol verilməsin. Beləliklə, hesab edirəm ki, hərbi geyimlərin satışına hər hansı qadağa qoyulması düzgün deyil. Eyni zamanda əgər hərbi geyimlər insanlar arasında populyardırsa, buna sevinməklə yanaşı, bunun cəmiyyətdəki vətənpərvərlik səviyyəsi ilə əlaqəsini araşdırmaq lazımdır. Cəmiyyətin tələbinə uyğun olaraq, bütün bunlar nizamlanmalıdır. Hərbi geyimlərdən bəzi hallarda tikintidə çalışan şəxslər tərəfindən istifadəsindən də narahat olmaq lazım deyil. Bütün hallarda bu məsələyə geniş aspektdən yanaşılmalıdır."

Hərbi patrul xidmətinin əməkdaşlarının hərbi formada olan vətəndaşa yaxınlaşaraq onları yoxlanış etməsi, onları Hərbi Polis İdarəsinə aparılması ilə bağlı məsələyə isə münasibət bildirən Cəsur Sumərinli onu da qeyd edib ki, "Hərbi geyimdən sui-istifadə edilmə qaydaları yolverilməzdir. Eyni zamanda hərbi patrulun reydlərində qeyd etdiyiniz anlaşılmazlığın yaranması ehtimalı da istisna deyil. Hərbi patrulun hərbi geyimdə olan şəxsləri sual-cavab etmək hüququ var. Əgər hərbi formadakı şəxs əsgərdirsə, hərbi hissəni qanunsuz tərk edibsə və hərbi patrulun suallarına yalandan cavab verirsə, sözsüz ki, həmin əsgər buna görə məsuliyyət daşıyır və qanun qarşısında cavab verməlidir. Yox, əgər hərbi formanı hansısa gənc dəb naminə geyinibsə, eyni zamanda xüsusi hərbi elementləri taxmırsa, bu ona əsas vermir ki, hərbi patrul səlahiyyətini aşaraq onu xəbərdar etsin. İnsan haqları həmişə önəmlidir. Bu gün Azərbaycanda hərbi patrulu özünə daxil edən Hərbi Polis sovet dövründən qalma fəaliyyətlə məşğuldur. Amma müasir texnoloji inkişaf mühitində qeyd etdiyiniz problemlər mövcud deyil. Bütün vətəndaşların adı vahid qeydiyyat sistemində olur. Bu sistemin məlumatları bütün polis strukturlarında o cümlədən Hərbi Polisdə, onun səyyar fəaliyyətlərində olmalıdır. Bu, baş verərsə, o zaman hərbi geyimli gəncin hərbçi olub-olmaması yerindəcə bəlli olar. Vətəndaşın adı qarşısında onun qeydiyyat ünvanı (o cümlədən hərbi hissə) əks olunar. Beləliklə, hər hansı əlavə sorğu-suala, şərhlərə ehtiyac qalmır".

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli isə mülki şəxslərin hərbi forma geyinməsi ilə əlaqədar qanunlarda boşluğun olduğu kimi bu sahədə də qanunların boşluğu müşahidə edildiyini qeyd edərək  bildirib ki, " Hərbi forma bizim ərazi bütövlüyümüzü qoruyan insanların daşıdığı müqəddəs bir formadır və buna qarşı birmənalı olaraq çox böyük hörmətlə yanaşılmalıdır. Hətta mülki şəxslər tərəfindən geyinilərsə, yaxud hansısa qeyri-etik formada hərbi formaya münasibət sərgiləyərsə, davranarsa, o, mütləq cəzalandırılmalıdır. Əgər Hərbi Polis əməkdaşları mülki şəxslərdə hərbi forma aşkarlayarsa, mütləq ondan sənəd tələb edilir, onların hərbiyə aid olub-olmaması müəyyənləşdirilir, müvafiq qanunauyğun şəkildə tədbirlər görülür və mütləq də görülməlidir.

Hətta televiziyalarda KİV-lərdə müxtəlif təbliğatlandırma aparılmalı, hərbi forma geyinmiş mülki şəxslər aşkar şəkildə cəzalandırılmalı, digərlərinə də görk etmək lazımdır ki, hərbi formanı harada gəldi, necə gəldi daşımaq olmaz. Həmçinin hərbi formaların satılması ilə bağlı da bir çox addımlar atılmalıdır. Həmin satış mərkəzlərinə ciddi xəbərdarlıq edilməli, satışına qadağa qoyulmalı, sənəd təqdim edilmədən hərbi forma satan kəslər isə cəzalandırılmalıdır. "

Rövşən Əsədov





Həftənin ən çox oxunanları