Yuxarı

Unun qiyməti endirilmədi

Unun qiyməti endirilmədi

un-kiseleriBazarlar nazirliyi təkzib edir

Əhalinin etirazlarından sonra unun, çörəyin qiymətlərinin endirilməsi ilə bağlı tapşırıq verilib. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. İqtisadiyyat və Sənaye bunun nəticəsində unun topdansatış qiymətinin əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Nazirliyin məlumatı ilə bazarlardakı vəziyyətin hansı dərəcədə uyğunlaşması ilə tanış olmaq üçün Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında maşahidə apardıq. Gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. Bazara girər-girməz bizi baha qiymətlər qarşıladı. Əvvəlcə unun qiymətləri ilə tanış olduq. Un satışı ilə məşğul olan dükanların bəzilərində un qıtlığını da müşahidə etdik. Belə ki, 10 kiloqramlıq “Karmen” unu 6.5 AZN, “Mehriban” ununun 10 kiloqramı 7 AZN, 50 kiloqramlıq unun kisəsi isə nə az, nə çox - 30 AZN təşkil edir. Təxminən, 10-a yaxın dükana baş çəkdik, ancaq eyni vəziyyətlə qarşılaşdıq. Qiymətlərin ucuzlaşmamasının səbəbləri ilə bağlı sualımıza qəribə cavablar aldıq.

Satıcıların sözlərinə görə, unun qiymətlərinin endirilməsi onlara təsir etməyib: “Biz unu 29 manata alırıq və onun üzərinə də 1 manat qoyub satırıq. 1 manatı da unun maşınlara yüklənməsi, fəhlə pulu, daşınma xərclərinə sərf olunur. Bizə isə bundan cəmi 20-30 qəpik pul qalır".

Ət bölməsində də vəziyyət acınacaqlı idi. Mal əti 7.5 AZN, qoyun əti 9.5 AZN. Bir neçə satıcı ilə danışdıq. Əti baha aldıqlarını söylədilər: “Biz malı, qoyunu baha qiymətə alırıq. Bizim də uşaqlarımız, ailəmiz var. Bütün qiymətlər bahalaşıb. Biz də ailəmizi dolandırmalıyıq. Baha qiymətə aldığımız malın da üzərinə 30-40 qəpik pul qoyub satırıq ki, ailəmizi dolandıra bilək. Ot bağını rayonlarda 5-7 manat arasında alıb malı, qoyunu bəsləyirlər, yemin də qiyməti qalxıb. O da məcbur qalaraq bizə malı baha satır. Biz də baha aldığımız malı necə ucuz sata bilərik?"

Bu günlərdə müzakirə mövzusu olan başqa bir məhsulun -  yumurtanın qiymətləri ilə də maraqlandıq. Yumurta satışı ilə məşğul olan dükanlara baş çəkdik. Maraqlı mənzərə ilə qarşılaşdıq. Bölgələrə görə yumurtanın qiyməti də müxtəlif idi. Səbəbini anlaya bilmədik ki, İsmayıllı yumurtası niyə 0.23 AZN, Giləzi yumurtası 0.17 AZN, Bakı yumurtası isə 0.18 AZN-ə satılır. Satıcı səbəbini belə izah etdi: "Qardaş, indi İsmayıllıda ot yemiş toyuqla, Bakıda sellofan yemiş toyuğu niyə bir tutursunuz? Ordakı toyuqlar daha çox yaşıllıqla qidalanır, Bakıda isə süni qidalarla.Ona görə də qiymətlərdə bu qədər fərq olur".

Qaranlıq qalan məqam ondan ibarət idi ki, toyuqlar bölgədə təbiətdən qidalanırsa, onların bəslənməsi üçün əlavə xərc çəkilmirsə, niyə İsmayıllı yumurtası 0.23 AZN, Bakıda süni qidalarla qidalanmış toyuq yumurtası 0.18 AZN-ə təklif olunur?

Bazardakı mənzərəni şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, əslində, Azərbaycan özü-özünü taxıl məhsulları ilə indiyə qədər təmin etməli idi: “Lakin bu, belə olmadı. Ona görə də bu gün ölkə özünün taxıla olan tələbatını başqa ölkələrdən təmin edir. Manatın məzənnəsinin düşməsi isə xaricdən alınan istənilən məhsulun baha qiymətə alınması ilə nəticələnir ki, bu da ölkədə qiymət artımı yaradır. Bu gün ölkə başçısının verdiyi sərəncam, gömrük rüsumunun ləğvi, ƏDV-nin ləğvi təqdirəlayiq bir hal olsa da, bu prosesin qarşısını almaqda aciz qalacaq. Əgər sabah yenidən dolların məzənnəsi qalxsa, manat dəyərdən düşsə, bu proses dərinləşəcək. Bu addımlar məsələnin kökündən həll olunması üçün çıxış yolu deyil. Bu sahədə ciddi rəqabət yoxdur. Sahibkarlar ölkəyə taxıl gətirə bilmirlər. Bu zaman həmin strukturların müqaviməti ilə rastlaşırlar. Bir müddət rəqabətli mühit yaratmaq bu məsələnin həlli yolu ola bilər və qiymətlərin mühüm dərəcədə enməsinin şahidi ola bilərik. Bütün bunların qarşısını almaq üçün ölkəyə daxil olan məhsullara qapıları açmaq lazımdır. Məsələn, Rusiya Türkiyəni öz bazarına buraxmır. Bizim üçün bu fürsətdir. Biz Türkiyəni Azərbaycan bazarına buraxa bilərik ki, bu da ölkəyə əhəmiyyətli təsir edə bilər".

Həmçinin yumurtanın qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı qeyd edib ki, bölgələrdən gələn yumurtanın nisbətən baha satılması təbii prosesdir: “Çünki Bakıda quşçuluq fermalarında gün ərzində minlərlə yumurta əldə edilir, baxmayaraq ki, süni qidalarla qidalanır, lakin bölgədə bir həftəyə 50-100 yumurta əldə edilir və bölgədən Bakıya yumurta gətirilməsi, yol xərcləri Bakıda əldə edilmiş yumurtadan daha baha başa gəlir. Həmçinin bölgədə doğal təbiətdən qidalanan təbii məhsulla sünini eyniləşdirmək olmaz. Bununla yanaşı, kəndli öz toyuğunun yumurtasını istədiyi qiymətə sata bilər. Bu liberal bazar iqtisadiyyatıdır. Baha satacaqsa, o zaman məhsulunu heç kim almayacaq".

Unun qiymətindəki bahalıqla bağlı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, dəstəyi qaldırmadılar. Məsələ ilə bağlı nazirliyin mövqeyini dərc etməyə hazırıq.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları