Yuxarı

"Qızın iki adaxlısı var"

mingecevir dovlet teatriMingəçevir Teatrından ilginc iddia

Mingəçevir Dövlət Dram Teatrının (MDDT) keçmiş aktyoru İbrahim Salamov sözügedən teatra direktor təyinatı ilə bağlı Cebhe.info-ya ilginc məlumat verib. İ.Salamov bu təyinata qədər direktor Səxavət Məmmədovun bütün rəsmi və məhkəmə sənədlərində özünü MDDT-nın direktoru kimi göstərdiyini deyib:

“Mingəçevir Teatrında mövcud qanunsuzluqların pik həddi Səxavət Məmmədovun rəsmi və məhkəmə sənədlərində özünü teatrın direktoru kimi təqdim etməsidir. Bu barədə Mingəçevir şəhər İcra Hakimiyyətinə də bildirmişəm. Konstitusiya Məhkəməsi, Daxili İşlər Nazirliyi, Mingəçevir şəhər Polis Şöbəsinə də məsələ ilə bağlı ərizələr təqdim olunacaq. Çünki bu günədək Səxavət Məmmədovun etdiyi özbaşınalıqların hamısı qaranlıq qalır. Çox güman ki, direktorun saxta əməlləri Mədəniyyət və Turizm Nazirliyinin nəzarətindədir. Çünki onun rəhbəri olduğu qurum birbaşa bu nazirliyə tabedir. Bir neçə gün əvvəl cəhd etdim ki, direktorla arada olan “anlaşılmazlıqlar”a son verim. Hətta onun “diktəsi” ilə ərizə də yazdım. Göstərdim ki, aramızda yaranmış anlaşılmazlıqlara son qoymaq vacibdir, mənim körpələrim ac qalmamalıdır, o teatrda işləmək mənim də haqqımdır. Teatrın ən çətin dövrlərində ağır yükünün altına girən də mən olmuşam. Lakin Səxavət Məmmədov mənə bildirdi ki, mədəniyyət nazirinin müavini ilə razılaşmalıyam, onlar istədiyini “vurar”, istədiyini də qovar.

Səxavət Məmmədovun dediklərindən belə çıxır ki, teatrı bu hala salan, işçiləri ilə kölə kimi davranan Mədəniyyət və Turizm Nazirliyi və nazir müavinidir?

Bəs, bunu mətbuata niyə açıqlamır? Niyə direktor olmadığı dövrlərdə özünü bütün sənədlərdə “direktor” kimi göstərib? Əgər müavin olubsa, müavin kimi təqdim etdiyi Vüsal Məmmədov nə işin sahibi imiş? Dövlət və hökumətin düşməni belələri deyil? Onlar insan taleyi ilə oynamırlar? Səxavət Məmmədovun əməlləri Baş Prokurorluqdan verilən göstərişlə (məktubla) yoxlanılmalı idi. Lakin Mədəniyyət və Turizm Nazirliyindən yenə də “şablon” cavab verildi. Mən indi bütün ümidlərimi sonuncu məhkəmə instansiyasına, bir də nazir Əbülfəs Qarayevə bağlayıram. Çünki Səxavət Məmmədov bu günə kimi bir neçə məmurun adını hallandırıb. “Arxamda mədəniyyət nazirinin müavini, İcra Hakimiyyəti dayanır” deyirdi. İcra Hakimiyyətinin yetkililəri ilə görüşdüm. Bəlli oldu ki, bu günədək Səxavət Məmmədovun özbaşınalıqlarını İcra Hakimiyyətindən teatr sahəsinə cavabdeh şəxs Ramiz Əliyev ört-basdır edib. Məhz Ramiz Əliyev bu özbaşınalıqlarına görə, tutduğu vəzifədən azad edilib.

Mədəniyyət nazirinin qəbulunda olmaq istəyirəm ki, Səxavət Məmmədovun “arxamda dayanıblar” iddiasının doğru olub-olmadığından əmin olum. Ölkədə böhranın baş verdiyi vaxt Səxavət Məmmədovun maliyyə gəlirlərinin haradan gəldiyi təftiş olunmalıdır. Ən əsası mənim haqqım verilməlidir. Qazandığım qəpik-quruşlardan həmişə kimsəsiz uşaqlara da pay ayırmışam. Bu gün isə özüm kimsəsiz qalmışam. Səxavət kimilər saxtakarlıq etdilər, amma “haqlı” çıxarıldılar. Qarşı tərəfin bütün iddialarına yenidən cavab verməyə hazıram.

Yanvarın 18-də teatr direktorunun şərəfinin təhqir olunması üçün məndən pul istəməsinə görə, Ali Məhkəməyə kassasiya şikayəti vermişəm. Həmçinin işə bərpa ilə bağlı Avropa Məhkəməsinə müraciəti qısa müddət üçün təxirə salmışam. İndi isə Konstitusiya Məhkəməsinə müraciət planlaşdırırıq. Çünki sənədlərdə Səxavət Məmmədovun keçən ilin dekabrına qədər Mingəçevir Teatrının direktoru kimi göstərilməsi saxtadır. O, məhz keçən ilin həmin ayında sözügedən teatrın direktoru vəzifəsinə təyin edilib. Buna qədər onun teatrda hansı vəzifənin icraçısı olduğu naməlumdur. Hesablama Palatasının Mingəçevir barədə yoxlamaları bir daha göstərir ki, şəhərdə özbaşnalıq baş alıb gedir. Teatrda da qanunsuzluqlar müəyyən yollarla ört-basdır edilir. Teatr direktorunun özbaşınalıqları da bundan kənarda deyil. Onun ştat cədvəlində kimlərin adlarını yerləşdirdiyi, teatrda yaratdığı fəaliyyətsiz studiya və “yaradıcı sahə”nin də dövlətin büdcəsinə müəyyən mənfi təsirləri var. Bu, saxtakarlıq nümunəsidir”. Qeyd edək ki, aktyor İbrahim Salamov MDDT direktoru Səxavət Məmmədovun onu qanunsuz olaraq, teatrdan uzaqlaşdırdığını iddia edir.

Mingəçevir Dövlət Dram Teatrı (MDDT) sözügedən dövlət müəssisəsinin keçmiş aktyoru İbrahim Salamovun direktor təyinatı ilə bağlı iddialarına cavab verib. MDDT-nın direktor müavini Vüsal Məmmədov Cebhe.infoya açıqlamasında İ.Salamovun iddialarının kökündən yalnış olduğunu deyib:

“2014-cü ilin 4 mart tarixindən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tərəfindən əmr imzalandı. Həmin əmrə əsasən, Səxavət Məmmədov Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsi səlahiyyətlərinin içraçısı təyin olunub. 2015-ci ilin 22 dekabrında isə cənab nazir Əbülfəs Qarayev tərəfindən Səxavət Məmmədovla 3 illik müqavilə imzalanaraq, direktor vəzifəsinə təyin olunub.

Vüsal Məmmədov “teatrda hansı vəzifənin içraçısı olub?” ittihamına gəlincə, mən 2014-cü ilin aprel ayından direktor müavini vəzifəsini icra edirəm. O, məhkəmələrdən tutmuş bütün instansiyalara müraciət etməkdə sərbəstdir. Lakin onun direktor təyinatı ilə bağlı iddiaları heç bir həqiqəti əks etdirmir, əsassızdır. Məsələnin kökü budur. Lakin iddia olunur ki, 2015-ci ilin dekabrına qədər Səxavət müəllim müavin kimi gedib, bu belə deyil. Dekabrın 22-də Mingəçevirdə keçirilən iclasda da heç kəsin dilindən belə bir ifadə çıxmayıb. Buna qədər Səxavət müəllim direktor vəzifəsinin səlahiyyətlərini icra edən şəxs olub”.

Qeyd edək ki, İbrahim Salamov Səxavət Məmmədovun 2015-ci ilin dekabrına qədər MDDT-nın direktoru olmadığını iddia edib.





Həftənin ən çox oxunanları