Yuxarı

Vərəsəlik hüququ zamanı yaranan problemlər

Vərəsəlik hüququ zamanı yaranan problemlər

1446479893Addımbaşı  hüquqi baxımından bir çox problemlərlə qarşılaşırıq. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır. Son dövrlər ailə daxili münaqişələrin artması boşanma hallarına gətirib çıxarıb. Boşanma zamanı ailə üzvləri və yaxın qohumlar arasında  əmlak mübahisələri kimi hallar daha çox baş verir. Problemə səbəb isə  Mülki Məcəllədə nəzərdə tutulmuş vərəsəlik haqqında qanuna vətəndaşların düzgün əməl etməməsi və bilərəkdən pozmasıdır. Vərəsəlik münasibətləri ilə bağlı olan ölümlə və ya sağlamlığa ağır zərərvurma ilə nəticələnən işlərin sayı heç də az deyil. Ən ağrılı məqam odur ki, bu cinayətin iştirakçıları yaxın qohumlar, ailə üzvləri olurlar.

Vərəsəlik tarixən mülki hüququn ən vacib sahələrindən biri hesab olunub və bu gün də vətəndaş hüquqlarının təminatı kimi böyük önəm kəsb edir. Həyatda çox tez-tez insanlar arasında mübahisə predimetinə çevrilən vərəsəlik hüququ nədir? Bu hüquq necə həyata keçirilməlidir? Ümumiyyətlə, bu hüquqlardan necə istifadə edilir? Əvvəlcə onu qeyd edək ki, vərəsəlik qanunvericilik aktlarında ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçə) keçməsi kimi izah edilir. Yəni, vərəsəlik dedikdə, ölən vətəndaşın (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik münasibətləri 2 formada tənzimlənir: qanun üzrə və vəsiyyət üzrə vərəsəlik. Hüquqları qanunla qorunan istənilən ölkənin vətəndaşı dövlət aktları və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olur. Məsələn, vəfat etmiş şəxsdən miras qalmış əmlak onun vərəsələrinin adına rəsmiləşdirilir və bütövlükdə bu proses vərəsəlik hüquq normaları ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə də əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Məsələ ilə əlaqədar hüquqşünas Həbibzadə Arif qanun üzrə vərəsələrin 5 növbəli olduğunu bildirib. “Birinci növbədə şəxsin ölümündən sonra doğulan uşaq vərəsələr sırasına daxildir. Bu zaman qız və ya oğlan övladı  arasında fərq qoyulmur. Belə bir fərq ola da bilməz. Çünki Konstitusiyanın 25-ci maddəsinə görə hamı qanun qarşısında bərabərdir. İkinci növbədə ər-arvad, valdeyinlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər. Əgər ölən şəxsin birinci növbəli qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir”, - deyə o vurğulayıb. Bundan başqa, son dövlərdə ciddi məhkəmə çəkişmələrinə səbəb olan daşınmaz əmlakın bölünməsi də qanunda yer alıb. Belə ki, valideyin vəfat etdikdən sonra ailədəki övladlardan biri kənarda yaşamağına baxmayaraq həmin mülkdən ona da miras payı düşür. Bunun üçün notariat kontorlarından vərəsəlik şəhadətnaməsi alınır ki, burada bütün övladların adı olur. Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə, o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə  vərəsəlik formasında həll olunur. Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs  əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının  və valideynlərinin mirasda məburi payı vardır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Mirası qəbul edib- etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb.

Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə  nizamlanır. Bu baxımdan vərəsəlik hüquqi önəmli bir institutdur.

1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin cəmi 41 maddəsi vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsinə həsr olunduğu halda 2000-ci ildə qəbul olunmuş yeni Mülki Məcələnin 192 maddəsi məhz bu münasibətlərin nizama salınması ilə bağlıdır. Bu da ölkəmizdə vətəndaşlarımızın əmlak hüquqlarının qorunmasına yönəlmiş addımlardan biri kimi qiymətləndirilməlidir.

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Vərəsəlik hüququ: qanunvericilik və təcrübə" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.

Ülkər Yarıyeva





Həftənin ən çox oxunanları