Yuxarı

Xərçəngdən xəbər verən xallar

Xərçəngdən xəbər verən xallar

xercengHamiləlik və ərgənlik dönəmində bədəndə peyda olan xallar insan orqanizmi üçün təhlükəlidir

Dünyaca məşhur araşdırma mərkəzlərinin hesablamalarına görə, insan bədənində 10 - 40 arası xal sayının olması normaldır, bu rəqəm 40-ı keçirsə, insan orqanizmi üçün təhlükəli hesab edilə bilər. Əgər doğuşdan xalınız varsa və o xal getdikcə həcmini dəyişərək böyüyürsə, o zaman təhlükədə olduğunuzu bilməlisiniz...

Xərçəngə meyilli xallar günəşlə qidalanır

Xallar dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin - melanoçitlərin artması nəticəsində əmələ gəlir. Onlar quruluşca yastı, dəridən bir balaca hündür, kiçik təpəcik formasında, üstü xırda tükcüklərlə örtülü olur. Xallar rənglərinə görə də bir-birindən seçilir: qara, açıq-qəhvəyi, tünd-qəhvəyi, göy xallar olur. Ən çox yayılanı tünd-qəhvəyi xaldır.

Bəzən xal o qədər böyüyə bilər ki, bütün sifəti, bütün bədəni əhatə edə bilər. Bu, nadir rastlanan xəstəlikdir. Bədəndəki xalların çoxalmasına və böyüməsinə səbəb Günəşə məruz qalmaq ola bilər. Günəş şüalarının zərərli olduğu saatlarda bayırda olmaq iri, tüklü ət xalı çox olan insanlar üçün təhlükəlidir. Bu xallar günəşdən qidalanaraq böyüyə bilir. Böyüdükcə xalların toxuma və hüceyrələrində xərçəngə meyillilik artır və ailəsində iri tüklü xalı olan, xərçəng xəstəliyi olan xallı insanlar da bu xəstəliyə tutulmuş olur.

Xalınız harda yerləşir?

Həkim-kosmetoloq Firuzə Bağırova deyir ki, bədəndə olan xalların estetik görünmədiyinə görə götürülməsinə daha çox rast gəlir: “Tutaq ki, gənc qızdır, ya da gənc oğlandır, üzündə, boynunda, sinəsində xoş görünüşü olmayan xal var, ona görə onu götürtmək istəyir. Amma bəzən elə xallar var ki, üzümüzdə estetik görünüşümüzü tamamlayır. Xalın götürüləcəyi yerdə iz qalması da mümkündür, bu xalın ölçüsündən və yerləşməsindən asılıdır, ona görə məsləhət görürəm ki, xalı götürtmək üçün peşəkar estetik cərrahla məsləhətləşsinlər”.

Həkim deyir ki, xalların bədəndən götürülməsinin başqa bir səbəbi də xərçəngə meyilli hüceyrələr daşıdığı ehtimal edilən xallardır: “Elə insanlar var ki, xalı dəyişir, getdikcə böyüyür, daha çox yerə yayılır. Bu halda xal təhlükəlidir, dərhal götürülməlidir. Xüsusilə iri və tüklü xallar xərçəngə daha çox imkan yaradır. Xalların əməliyyatla götürülməsinin bir səbəbi də qeyri-münasib yerdə olmalarıdır. Məsələn, burun dəliyinin önündə göz qapaqlarında, qulaq dəliyinin qarşısında çıxan xallar insana sağlamlığını hədələdiyi üçün həkimlər tərəfindən cərrahi yolla götürülməsi məsləhət bilinir”.

Xal yeniyetməlikdə yaranarsa...

Xallar bir neçə millimetrdən bir neçə santimetrə qədər müxtəlif ölçülərdə ola bilir. Formaları adətən yumru, yuvarlaq, oval və ya düz olur. Xüsusilə qadınlarda ərgənlik və hamiləlik dönəmində xalların quruluşunda dəyişikliklər yarana, yeni xallar peyda ola bilər. Həmçinin ərgənlik və hamiləlik dönəmində rəngini dəyişdirən xallar da təhlükə mənbəyi ola bilər. Xalların rəngi və ölçüsündə yaranan ani dəyişikliklər normal deyil və dərhal  bir peşəkar tərəfindən müayinə edilməlidir. İnsan ömrünün ilk 20 ilində bədəndə yaranan xallar adətən ən çox yarım sm.-lik bir ölçüyə malik olub qəyvəyi rəngdə olur, onlar insan orqanizmi üçün o qədər də təhlükəli hesab edilmir, bir şərtlə ki, sayı 40-dən çox olmasın. Sayı 40-dan çox olan xallar dəri xərçəngi riskini artırır.

Anadangəlmə olan xallar da var ki, o xallar dəri xərçəngi riskini daha çox daşıyır. Əgər anadangəlmə xalınız ləkə halındadırsa və 20 sm.-dən çox dərini örtürsə, o zaman həkim müayinəsindən keçməyiniz vacibdir.

Həkim müayinəsi vacibdir

Özünüzü daim nəzarət altında saxlamaq və xallarınızın sizə zərər verməyəcəyinə əmin olmaq üçün bədəninizdəki xalların yerini, ölçüsünü və sayını diqqətdə saxlayın. Əgər xallar ölçüsünü, rəngini dəyişirsə, dermotoloq-həkimlə məsləhətləşin.

Xüsusilə də xalın yarısının rəngi fərqli, digər yarısının da başqa rəng olduğu zaman təhlükə yarana bilər. Xalın kənarları girintili, çıxıntılı olması, 2 və ya daha artıq rəngli olması, xalın böyüklüyünün yarım sm-dən çox olması (çeçələ barmağın sədəfi böyüklükdə), əvvəllər ölçüsünü, formasını bildiyiniz xalınızın qəfildən dəyişməsi də sizin təhlükədə olmağınızdan xəbər verə bilər.

Sonda bir şeyi də qeyd etməyi vacib hesab etdik: bəzən insanlar iri ət xallarından azad olmaq üçün onlara iynə ilə dəridən qoparmağa çalışırlar, bəzən isə xalın kökündən sapla bağlayırlar ki, qan dövranı dayansın və xal çürüyüb düşsün. El arasında xalın sirkə ilə yandırılması hallarına da rast gəlinir. Bu kimi cəhdlər bəzən çox ağır fəsadlarla nəticələnir, xalları zədəlikdə orada bədxassəli şişlər əmələ gələ bilər. Çünki ət xalları qoparıldıqda, kəsildikdə qoparıldığı yer gec bitişir, dərinin bərpası ləng gedir.

Bu  səbəbdən də yara iltihablanaraq qaşınmağa, çirk etməyə başlayır. Qaşınma nəticəsində yara daha da böyüyür və onun ətrafındakı hüceyrələr zərər görməyə başlayır.

Bundan sonra da qanaxma başlaya və siz çox qan itirə bilərsiniz. Ona görə də sağlamlığınızı hədələyən xallarınızdan qurtulmaq üçün həkimə müraciət edin.

Lalə Mehralı





Həftənin ən çox oxunanları