Yuxarı

Soyuq silah təhdidi çoxalır...

Soyuq silah  təhdidi  çoxalır...

Bu günlərdə "4" saylı marşrutun sürücüsü Məmməd Məmmdovun üzərində silah gəzdirməsi və eyni xətt üzrə hərəkət edən həmkarı Zülfüqar Əzizlini avtobusdaca sükan arxasında bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə əsas müzakirə movzusundan birinə çevrilib. Abtobus sürücülərinin soyuq silahla iş başına çıxması və istənilən an təklükəli hadisə törədə biləcəyi qorxusu bu gün ictimaiyyəti narahat edən məsələ müstəvisinə qalxır.

Ümumiyyətlə, istənilən şəxsin üzərində bıçaq gəzdirməsi adi hala, əslində isə, cəmiyyətin bəlasına çevrilib. Bu gün gənclər bir-birlərinin başını kəsir, məktəblilər bir-birlərinə bıçaqla xəsarətlər yetirir, küçədə gəzən hər beş nəfərdən üçü üstündə soyuq silah gəzdirir. Məsələ ilə bağlı “Cumhuriyət” qəzetinə fikirlərini bölüşən millət vəkili Çingiz Qənizadə deyir ki, hansı bıçaqların soyuq silah hesab olunması barədə rəyi ekspertlər verə bilər: “Bıçağın tiyəsində onun əl tutumu yeri, ağzının uzunluğu və sair məsələlərdə bir çox ziddiyyətlər var. Bir çox hallarda da bıçaq istifadə olunduqdan sonra ona qiymət verilir ki, bunu soyuq silah kimi qiymətləndirsinlər. Mən millət vəkili olaraq bununla bağlı məsələ qaldırmışam. Düzdür, hazırladığım təklifi müvafiq qurumlara göndərdim. Bəzilərindən müsbət, bəzilərindən isə mənfi rəy gəldi. Ümumiyyətlə, bu soyuq silah məsələsinə yenidən baxılmağın tərəfdarıyam. Fərqi yoxdur, onun tiyəsinin, dəstəyinin hansı ölçüdə omasından, kəsici hissəsinin hansı uzunluqda olmasından asılı omayaraq, əgər o kəsici, deşici xarakterə malikdirsə, soyuq silah kimi xarakterizə oluna bilər və məsuliyyət halıdır. Burada kimsə evindən bıçaq götürüb yolda tutulursa o da məsuliyyətə cəlb oluna bilər. Hesab edirəm ki, biz bunun üzərində işləyə bilərik”.

Hüquqşünasın sözlərinə görə, cibdə bıçaq gəzdirilməsi və məişət bıçağının götürülüb aparılması məsələsi də ciddi müzakirə olunası problemdir: “Son zamanlar cəmiyyətdə adamların bir-birilərinə bıçaqla həddən çox xəsarət yetirmələrin şahidiyik. Hətta bu yaxınlarda metronun qarşısında bir oğlan həyat yoldaşı ilə gedərkən digər bir nəfər onun xanımına söz atır və bu oğlan dərhal bıçaq çıxarıb onun başını kəsir. Yadıma gəlir ki, Mingəçevirdə toy evində qız tərəfi oğlan tərəfindən bir nəfəri bıçaqlamışdı. Bunlar hətta şənlik, toy, istirahət yerlərinə belə bıçaqla gedirlər.

Bunun qarşısı alınmalıdır. Bu gün əgər statistika aparılsa, ölkədə xəsarətlə baş verən halların böyük əksəriyyəti məhz soyuq silahla törədilmiş cinayətlərdir. Bu məsələ artıq cəmiyyəti narahat edən məsələ olduğu üçün gələcəkdə buna baxılmalıdır. Həmçinin, hüquq-mühafizə orqanları, nəzəriyyə ilə məşğul olan bizim alimlərimiz yeni tövsiyələr verməlidirlər. Bu gün ziddiyyət var və bu da cəmiyyəti narahat edir. Eyni zamanda cinayətlərin artmağına xidmət edən məqamlardan biridir. Əgər gəlinin ya bəyin dayısı cibində bıçaq toya gedirsə, avtobus sürücüsünün bıçaqla küçəyə çıxması adi hala oxşayır. Onu heç müzakirə etməyə dəyməz. Amma hər halda kimsə iş yerinə, kimsə şənliyə, ailəsi ilə gəzməyə gedərkən cibində çıçaq götürüb gedirsə, o,bunu xoş niyyətdən aparmır. Bunun reallaşmasına bir çox səbəblər, müəyyən gərginliklər, streslər mövcuddur. Həmçinin işsizliklə, maliyyə imkanları və insanların tərbiyəsi ilə bağlı olan məsələdir. Hesab edirəm ki, soyuq silahların üstdə gəzdirilməsi məsələsinə qanunvericilikdə yenidən baxılmalıdır”.

Alçina Amilqızı