Yuxarı

Paytaxtda saxta düyü ajiotajı: Oyun, yoxsa təhlükə?

Paytaxtda saxta düyü ajiotajı: Oyun, yoxsa təhlükə?

Bayram ərəfəsində paytaxt Bakıda saxta düyü ajiotajı yarandı. Məlumata görə, Abşeron rayonu ərazisində yerləşən «Bolluq-LTD» MMC hardansa düyü gətirərək (alaraq) 1800 qramlıq qablaşmada dükanlara ötürür. Hətta şikayətçinin təqdim etdiyi düyü nümunəsinə baxış keçirilib.

Həmin düyünü Azərbaycanda yetişdirilən ənənəvi çəltik-düyü ilə birgə qızdırıcının üzərinə töküb yandırıblar. «Bolluq-LTD» MMC-nin düyüsü dərhal tezalışan plasmas məhsul kimi tüstülənməyə başlayıb.

Ümumiyyətlə, Azərbaycanda tək düyü yox, bir çox ərzaq məhsullarının saxtalaşmış forması mövcuddur. Amma bayram ərəfəsində saxta düyünün olması barədə geniş yayılmış məlumatlar istər-istəməz insanda hansısa anti-kampaniyanın aparıldığı təəssüratını yaratdı. Bu hal digər tərəfdən müxtəlif işbazların məlum kampaniyadan yararlanaraq bayram ərəfəsində öz şəxsi mənafelərinə xidmət etməklə gəlir əldə etmək məqsədi daşıyır. Bundan əziyyət çəkənsə sadə xalqdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, bayram ərəfəsində birliyə istehlakçılar tərəfindən 4-5 telefon zəngi daxil olub:

“Birmənalı şəkildə qeyd edirəm necə ki, dünyada eləcə də bizim ölkəmizdə süni kürü istehsalı var, eləcə də süni düyü istehsalı var. Bu süni düyülər nişastanın, düyü qırıntılarının üyüdülüb yenidən ona qarışdırılması, unun və digər qida üçün nəzərdə tutulmuş xammalların birləşməsindən əmələ gəlir. Dünyada süni düyü istehsal edən texnologiya var. Bu avadanlığın qiyməti 15 min dollardır. Süni düyünün Azərbaycanda istehsalı və yaxud xaricdən ölkəyə gətirilməsi istisna olunmur. Lakin düyünün tərkibində plastikin olması absurddur. Belə bir texnologiya yoxdur. Ola bilsin ki, Azərbaycanda belə düyü satılır. Belə düyülər özünün şəffaflığı ilə, bişirəndə dən-dən durması və uzunsov olması ilə xarakterizə olunur. İstehlakçıların hüququ var ki, düyü alanda sertifikatların tələb etsinlər. O şəxslər ki, istehlakçılara süni düyünü natural düyü adı altında satırsa və istehlakçı bu barədə dövlət orqanlarına məlumat verərsə, belə satıcıları 1500 manata qədər cərimə gözləyir. Çox təəssüflər olsun ki, saxta düyü hansı brend adı altında satılır bu barədə hələ məlumat yoxdur. Bizim ofisə də nümunə gətirən heç kəs olmayıb”.

Ekspert qeyd edib ki, müəyyən texnologiya ilə istehsal olunan düyülər var və belə düyülər insanlar üçün təhlükəli deyil:

“Bu cür texnologiya ilə istehsal olunan düyülər qadağan oluna bilməz. Bakıda müəyyən texniki şərtlərlə, standartlarla və texnologiya əsasında istehsal olunan süni kürü satılır. Belə düyülər də istehsal olunub satıla bilər. Sintetik düyülərin kimyəvi maddələrlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, ona belə bir ad qoyulub, düşünürəm ki, o ad onun mahiyyətini ehtiva etdirmir. Azərbaycanda Astara və Şəkidə təbii düyü yetişdirilir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları