Yuxarı

Universitet müəllimi Qarabağ əlilinin tövləsini sökdürür

Universitet müəllimi  Qarabağ əlilinin  tövləsini sökdürür

Fuad Rzayev: “Bu adam qanunlara məhəl qoymur”

“Bakı Müharibə Əlil və Veteranları İctimai Biriyi”nin sədri, Qarabağ əlili Fuad Rzayev İqtisadiyyat Universitetinin müəllimi Sakit Yaqubov tərəfindən hədələndiyi barədə “Cümhuriyət” qəzetinə müraciət edib. Fuad Rzayevin sözlərinə görə, Novxanının Sarıqaya qəsəbəsində dədə-baba bağında qonşusu Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Sakit Yaqubov qanunsuz olaraq əlilin hasarına bitişik ev tikib. Buna baxmayaraq, əlilin həyətində 40 ildir ki, fəaliyyət göstərən kiçik fermasının yığışdırmasını tələb edib.

Hansı ki, bu fermadan İctimai Birliyin bütün müharibə əlilləri istifadə edir: “Mənim Novxanının Sarıqaya ərazisində ata-baba torpağım var. Orada 40 ildir ki, sahibkarlıqla məşğuluq. İki il əvvəl İqtisad Universitetinin müəllimi Sakit Yaqubov adında biri gəldi bağımın yanında balaca bir yer aldı və gözəl bir villa tikdirdi. Evi tikdirən zaman hasarını mənim bağımın hasarına birləşdirdi və burada ara məsafəsi qaydasını pozdu. Mən buna iradımı bildirsəm də, əhəmiyyət vermədi. Sonra dedim ki, həyətə pəncərə açmaq düzgün deyil. Nə isə buna da məhəl qoymadı. Artıq villanı tikib qurtarıb, son işlər gedir. İndi isə mənə tələb edir ki, tövləni dağıtmalısan, bura təsərrüfat yeri deyil. Qardaş, mən gəlib sənin binanın yanında tövlə tikməmişəm. Sən gəlib mənim tövləmin yanında ev tikdirmisən. İkincisi, bütün qanunları pozmusan. Qanuna görə hasarlar arasında 3 metr olmaqla ara məsafəsini saxlamalı idin. Dövlətin qanunu ilə mən öz həyətimdə fermer təsərrüfatı ilə məşğul olmalıyam, sən buna qadağa qoyursan. Bu adam artıq iki ildir ki, dirənib ki, bu təsərrüfatı yox etməlisən, vəssalam.

Gələndən mənim təsərrüfatımı dağıtmaq istəyir. Təbii ki, mən də dağıtmıram və dağıtmayacam. İqtisad  Universitetində hansısa maaşla o boyda pulu yığıb villa tikdirməsi özü qaranlıq bir məsələdir. Amma onun məndən tələbi və buna görə hədələməyi heç bir əndazəyə sığmır.

Baxmayaraq ki, qanunları o pozdu, həyətimə 6 pəncərə açdı. Bu məsələdə heç müsəlmançılıq da etmədi. Amma bəyan edir ki, nə bahasına olursa-olsun, bu təsərrüftı buradan yığışdırtdıracaq. Bu,kiçik sahibkarlıqdır. Yəni elə böyük təsərrüfat deyil”. Fuad Rzayev deyib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət hazırlayır: “Müraciət hazır olan kimi həmin quruma ünvanlayacam. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsinə məktub hazırlamışam. Azərbaycan prezidenti Yanında Sahibkarlar Şurasına müraciət edəcəyəm. Bütün bunlardan əlavə təşkilat üzvləri aprelin 2 və 3-də İqtisad Universitetinin qarşısında 20 nəfərlik piket keçirməyi düşünürük. Bu təsərrüfatdan bizim təşkilat qidalanır. Yəni təşkilatı bu təsərrüfata görə saxlayırıq. O pul bizə göydən tökülmür. Öz təsərrüfat hesabımıza yaranır. Bağ mənimdir, amma təsərrüfat hamımızındır. Təxminən, 100-ə yaxın adamın burada payı var. Elə təşkilatımızdakı insanlar da mənə təklif edirlər ki, bir piketi təşkil edək və ictimaiyyətə göstərək ki, bu müəllim nə oyunlardan çıxır. Təşkilatımızın Azərbaycan üçün xeyli xidmətləri olub. Dövlətçilik uğrunda fəaliyyətimiz olub.

Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, hamı Qarabağ əlillərinə hörmət etməlidir. İkinci deyib ki, sahibkarların hüquqlarını kim pozursa, elə bil mənim hüquqlarımı pozur. Amma bu adam nə prezidentin sözlərinə, nə Allaha, nə də kişilik qanunlarına belə məhəl qoymur. Təsərrüfatımızı dağıtmaq, bizi quru yurdda qoymaq istəyir. Belə çıxır ki, pulum varsa burda mənəm, Bağdadda kor xəlifə... Belə deyil axı... Bunun bir sonu olmalıdır. İnsanları bu dərəcədə incitmək olmaz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları