Yuxarı

Paytaxtda “Qiyamət siqnalı”

Paytaxtda “Qiyamət siqnalı”

İsrafilin suru, yoxsa UNO-ların xəbərdarlığı?

Martın 27-də günorta saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı gurultu səsi eşidildi. Səsin gücü yaşayış binalarını silkələdi. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanları qorxutdu. Respublika Seysmoloji Xidmət Mərkəzi bunun zəlzələ ilə bağlı olmadığını bildirdi. Fövqəladə Hallar Nazirliyindən də partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildirdilər. Beləliklə, səsin əsl mənbəyi naməlum qalır.

Səsin mənbəyi

Azərbaycanla yanaşı, son illərdə dünyanın bir sıra ölkələrində eşidilən naməlum səslərin sayı artıb. İspaniya, Meksika, Ukrayna, Çili, Fransa, Kanada, Rusiya, Avstraliya, Malayziya və Türkiyədə son bir neçə il ərzində dəfələrlə qorxulu sayılacaq bu hadisə yaşanıb. Afrikada isə buna heç vaxt rast gəlinməyib. Fenomenal hadisəylə bağlı şərhlər birmənalı deyil, fikirlər haçalanır. Bir qayda olaraq bu kimi hadisələr yadplanetlilərə, naməlum obyektlərə, UNO-la bağlanılır. Naməlum səsi “Qiyamət əlaməti” (“İsrafilin suru”) adlandırlanlar da var. Ən qorxulu iddia isə bunun yadplanetlilərin Yer kürəsinə hücumu olması ilə bağlıdır.

Spektr məlum deyil

Fiziklər bildirirlər ki, bu səslərin spektri heç vaxt məlum olmur. Eşidilən səslər əsl səsin yalnız kiçik hissəsidir. Eşidilən səslər 20-100Hz arasındakı ultra-az tezliyindəki akustik emissiyaları və 0.1-15Hz arasında ultra-az infrasonik olan dalğalardır. Geofizikada bunlara akustik cazibə dalğaları deyilir. Atmosferin yuxarı qatlarında, xüsusilə ionosferdə olur. Bu dalğaların yaranmasının bir sıra səbəbləri var. Məsələn, zəlzələ, vulkan partlayışları, qasırğa, sunami və s. Lakin təbii fəlakətlərin yaratdığı səslər eşidilən naməlum gurultudan daha zəifdir. Fizikaçılara görə, belə bir səs üçün yüksək enerji tələb olunur. Bu, həmçinin, dünyaya çırpılan ionosfer, atmosferin yuxarı qatını və mezosferi qeyri-sabit vəziyyətə gətirən Günəş partlayışı və enerji axınları da ola bilər.

Yer kürəsinin quruluşunun dəyişməsi

Elm adamları arasında bu fenomenal hadisəni 2011-ci ildən Yer kürəsinin quruluşunda başlayan dəyişikliklərə bağlayanlar da var. 1998-2003-cü illər aralığında Şimal qütbündə sürüşmə sürətlənib. Dünyanın geomaqnit sahəsininin daxili və xarici səthində enerji prosesləri də sürətini artırıb. Bildirilir ki, baş verənlər 2011-ci ildən Yer kürəsində ani hərəkətlənmələrin sayını da çoxaldıb. Nəticədə Yer kürəsinin nüvəsində yüksək enerji partlayışları baş verə bilir.

“Əsl həqiqət bilinmir”

Astroloq Səbuhi Rəhimli ”Cümhuriyət”ə açıqlamasında Bakıda baş vermiş hadisənin mistikləşdirilməsinin tərəfdarı olmadığını deyib. O, mistikadan uzaq olduğunu da bildirib: “Hər hadisəyə müxtəlif cür yanaşma var. Biri bunu mistika kimi qəbul edə bilər, kimisi də məxfi əməliyyat kimi. Arxeoloqlar da bunu zəlzələ ilə əlaqələndirə bilərlər. Kimisi də dərin düşünə bilmir deyə, mistikləşdirir. Əsl həqiqəti bilmirik. Mən də bilmirəm. Astronomik bir hadisə olsaydı, nəsə bir şey demək olardı. Bunu daha çox zəlzələ ilə əlaqələndirirlər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları