Yuxarı

Ölkədə ailə institutu dağılır

Ölkədə ailə institutu dağılır

Boşanma təhlükəli həddə çatıb

Elnur Rüstəmov: “Evlənməmişdən öncə insanlar psixoloji müayinədən keçməlidir”

2016-cı ilin yanvar ayında 4554 nikah qeydiyyata alınıb. Lakin bu ilin ilk ayında 998 nikah pozulması olub. 2015-ci ilin müvafiq dövründə isə 5606 nikah, 1147 nikah pozulması dövlət qeydiyyatına alınıb. 2015-ci ilin dekabr ayında isə 5643 nikah, 1101 nikah pozulması qeydə alınıb. Həmçinin, 2014-cü ilin müvafiq dövründə 6448 nikah, 1117 nikah pozulması olub.

Səbəblər

Azərbaycan cəmiyyətinin son illərdə əsas problemlərindən birinə çevrilmiş bu problemin yaranması da müxtəlifdir. Nikahları pozmağa məcbur edən fundamental səbəblər var.

Məhkəmələr qarşısında gətirilən səbəblər də bunu deyir. Məsələn, sosioloqlara görə, Azərbaycan kimi yerli ənənələrin dominant olduğu ölkələrdə boşanmaların əsas səbəblərindən biri istənilməyən evlilikdir. Digər səbəblərə isə ailədaxili münaqişələr, ifrat qısqanclıq, normal olmayan seks həyatı, xəyanət, şübhə, maraqsızlıq, bitmiş sevgi və s. daxildir. Əvvəlki illərlə müqayisədə son illərin boşanma səbəbləri demək olar ki, eynidir. Buraya qeyd olunduğu kimi mövcud cəmiyyətin ənənələri, dəyərlər, günümüzün şərtləri, sosial problemlər və s. məsələlər daxildir.

Sosial problemlər

Araşdırmalara görə, inkişaf etmiş ölkələrdə boşanmaların sayı daha çoxdur. Səbəbi həmin ölkələrdə qadınların işləmələridir ki, bu da həyat yoldaşından asılılığı azaldır. İqtisadiyyatı inkişaf etmiş ölkə qadına iş həyatında azadlıq verir. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə isə bunun əksidir. Günümüzün əsas sosial və iqtisadi problemləri ailələrin gəlirlərini azaldıb və bu hər gün ailə daxilində artan stress yaradır. Uşaqların artan qayğısı fonunda azalan gəlirlər son nəticədə boşanmaya gətirir. Bəzi ailələrdə qadınların işləməsi və kişinin işsiz qalması da bu qəbildəndir. Ailədə qadının daha yüksək maaşlı işdə çalışması qadın-kişi tarazlığını pozur.

Erkən evlilik

Erkən yaşlarda, ailə yükünü götürmək üçün kifayət edəcək yaşda olmayanda qurulan evlilik də tez sona çatır. Belə evlilik qeyri-sağlam uşaqların doğulmasına da səbəb olur. Həmçinin 30 yaşdan sonra qurulan ailənin dağılması riski də yüksəkdir. 30 yaşa qədər öz istəkləriylə yaşayan insanın bundan sonra ailəyə uyğunlaşması çətin olur. Bu bir çox hallarda mümkün də olmur.

Cinsi problemlər

Normal seks həyatı olmayan cütlərin boşanmaq riski yüksəkdir. Cinsi əlaqə evlilikdə əsas yer tutan faktorlardan biridir. Əgər cütlərdən birinin cinsi problemi varsa, bu xəyanətə, xəyanət isə boşanmaya gətirib çıxarırır.

Valideynlərlə eyni evdə

Valideynlərin yeni evlənmiş cütlərlə eyni evdə yaşaması bir çox ailələrdə problemdir. Çünki bu vəziyyətdə valideynlərin uşaqlarının həyatlarına müdaxilə etmək imkanları da çox olur. Valideynlərin ailənin qaldığı evə yaxın qalmaları da eyni hallara yol aça bilir.

Nəticədə cütlər öz nizamlarını qurmaqda çətinlik çəkirlər və bu, münaqişələrə səbəb olur. “Sənin ailən”, “mənim ailəm” qarşıdurmaları yaradır.

Xəyanət və virtual tanışlıqlar

Ailədə xəyanət halları son illərdə sosial şəbəkə saytlarının çoxalmasıyla geniş hal alıb. Virtual əlaqələr xəyanət və bundan qaynaqlanan boşanmaları çoxaldır. Həmçinin, saytlarda bu kimi informasiyaların çoxalması, izlənilən porno videolar, seriallar evlilik xaricində cinsi əlaqələrə yol açır. Sosial şəbəkələrə keçirilən vaxt da ailədə cütlər arasında biri-birinə diqqətsizlik və zaman ayırmamaq kimi problemlər ortaya çıxarır.

Spirtli içki, qumar...

Əgər cütlərdən biri bu cür vərdiş içindədirsə və bunlar maddi itkilərə yol açırsa, boşanmanın olması mütləqdir.

Sosioloq nə deyir?

“Psixologiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmov “Cümhuriyət”ə açıqlamasında son illərdə Azərbaycanda artan boşanma hallarının müxtəlif səbəblərinin olduğunu deyib. E.Rüstəmov hesab edir ki, problemin ən başlıca səbəblərindən biri ailədaxili münaqişələrdir:

“Evliliyin doğru məcrada inkişaf etməməsi texnologiyanın ailə münasibətlərinə təsiri, valideyn - övlad münasibətlərinin normal olmaması, psixoloji problemləri olan insanların ailə qurması kimi məsələlərdən qaynaqlanır. Çox yaxşı olardı ki, evlənməmişdən əvvəl insanlar psixoloji müayinələrdən keçsinlər. Bu, könüllü və məcburi şəkildə ola bilər. Ailə qurmamışdan əvvəl psixoloji testdən keçmək onların münasibətlərinə və biri-birilərini tanımalarına da yaxşı təsir edəcək. Münaqişə vaxtı hara müraciət etmələri barədə ailələri maarifləndirməyə ehtiyac var. Yaxşı olardı ki, boşanmalarla bağlı müraciət edilən məhkəmələr ailələrə psixoloji dəstək göstərsinlər. Hesab edirəm ki, bu halda ailələrin bir qismi boşanmaq qərarından vaz keçə bilər. Təhlükəli məqam budur ki, boşanmalar bəzən kütləvi hal alır. Azərbaycanda həmçinin, təkrar ailə quranların sayı da artıb. Bu da boşanmaya adi hal kimi baxmağa şərait yaradır. Burada da diqqətli olmaq lazımdır”.

Mənsur





Həftənin ən çox oxunanları