Yuxarı

Məhv edilən ipoteka ümidləri

Məhv edilən ipoteka ümidləri

Mənzil problemi hər zaman cəmiyyətin aktual müzakirə mövzusu olub. Bu problemin həllinə çalışan hökumət ipoteka kreditlərinin məbləğini 50 min manat dəyərində müəyyənləşdirdi. İpoteka kreditlərin verilmə şərtləri müəyyən qədər sadələşdirildi. Ancaq bir çox dövlət proqramları kimi, bu da kağız üzərində qaldı. Banklar yenə də öz maraqlarına uyğun olan şərtlərlə ipoteka kreditləri ayırmağa davam etdi.

Son günlərdə isə ipoteka krediti ilə bağlı kommersiya bankları daha bir addım atdı. Kredit şərtlərini daha da çətinləşdirdi. Belə ki, əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və bir nəfər üçün 200 manat yaşayış minimumu hesablayırlar. Bu o deməkdir ki, 50 min manat ipoteka krediti götürmək istəyən vətəndaş ən azı 20 min manat ilkin ödəniş etməlidir. Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş nəinki tələb edilmir, banklar heç bu haqda düşünə bilmirlər.

İqtisadçı-alim Vüqar Bayramov bankların bu qərarı ilə bağlı verdiyi şərhdə bankların vətəndaşlardan orta aylıq əmək haqqından 3 dəfə çox maaş tələb etdiyini vurğuladı:

“Azərbaycan prezidenti tərəfindən 2016-cı il üçün ölkə üzrə orta yaşayış minimumunun 136 manat müəyyənləşdirilməsinə baxmayaraq, bankların əksəriyyəti heç bir iqtisadi əsaslandırma olmadan bir nəfərə 200 manat xərc hesablayır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə sadəcə, 800 manat yaşayış xərci hesablanır və aylıq ödəniş də 400 manat olarsa, o zaman ən azı 1300 manat əmək haqqı olmalıdır ki, heç də böyük məbləği olmayan kreditə müraciət edə bilsin. Bu, ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən təxminən 3 dəfə çox maaş tələbidir. Bu eyni zamanda o deməkdir ki, banklar ipoteka kreditini bundan sonra yalnız varlılara verəcəklər: bir neçə mənzili olan varlıların isə ipoteka kreditinə heç ehtiyacı yoxdur”.

Bankların bu cür addım atmasının arxasında iki məsələ dayana bilər. Birinci və ən vacib məsələ maliyyə problemlərinin olmasıdır ki, bundan çıxış yolu tapmaq üçün banklar ipoteka kreditinin şərtlərini bu qədər çətinləşdirir. Nəzərə alsaq ki, ipoteka kreditləri dövlət vəsaiti hesabına ayrılır və banklar sadəcə olaraq, vətəndaşlarla dövlət arasında bir vasitəçidir. Bankların bu cür qərar verməsi, bunun arxasında başqa maraqlarının olması fikrini formalaşdırır. Digər məsələ isə problemli kreditlərin məbləğinin kəskin dərəcədə artmasıdır ki, kommersiya bankları artıq vətəndaşlara inanmır. Baxmayaraq ki, ipoteka kreditləri milli valyuta ilə verilir, manatın kəskin dəyər itirməsi nəticəsində ərzaq qiymətlərinin artması vətəndaşların xərclərinin artması ilə nəticələndi. Bankların ipoteka kreditinin şərtlərini bu qədər çətinləşdirməsi onu göstərir ki, artıq minimum əmək haqqı ilə dövlət işində və özəl sektorda çalışanlar bu kreditdən yararlana bilməyəcək. İlk növbədə, kredit götürmək istəyən şəxsdən ilkin ödəniş kimi tələb olunan 40 faiz vəsaiti ödəmək minimum əmək haqqı ilə demək olar ki, qeyri- mümkündür. Digər tərəfdən isə bu vəsaiti ödəyən vətəndaşın 25-30 il müddətində ödəniş cədvəli üzrə tələb olunan pulu ödəyə biləcəyi də sual altındadır.

Bəs ipoteka kreditləri necə tənzimlənməlidir?

İqtisadçı ekspert Fuad İbrahimov bankların ipoteka krediti haqqında verdiyi bu qərarı “Cümhuriyət”ə şərh edib. Onun sözlərinə görə, ipoteka kreditləri ilə bağlı kifayət qədər sərəncamlar imzalanıb, ancaq heç bir iş görülməyib:

“İpoteka kreditləri haqqında kifayət qədər qanunlar var. Azərbaycan Respublikasında ipoteka krediti sisteminin yaradılması ilə bağlı prezidentin fərmanı var. İpoteka kağızının dövlət qeydiyyatı qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar vermişdi. Sənədlər kifayət qədərdir ki, bu mexanizmi həyata keçirsinlər. Qanunvericilik var, amma qanunvericilikdə olan tələblər hərəkətə gətirilmir. Banklar belə bir qərar verir, ilk ödənişi 20 faizdən 40 faizə qədər artırır. Əslində, 20 faizin özü belə beynəlxalq standartlara uyğun deyil. Bizim iqtisadiyyatın real göstəricilərini nəzərə alsaq, bu özü çox yüksək bir tələbdir. Ancaq 40 faizə qədər qaldırılması, artıq o deməkdir ki, ipoteka siyasətinin həyata keçirilməsi iflic bir dönəmə gəlir”.

Ekspertin fikrincə, banklar bu qərarla bazar iqtisadiyyatının riskli olduğunu təsdiq edirlər:

“Bu, qəbul olunmazdır. Ölkə rəhbərliyi bu proseslərin yumşalmasına dair fərmanlar, sərəncamlar imzalayıb. Ancaq bu mexanizmlər hərəkətə gətirilmir. Desək ki, mütəxəssis yoxdur, o da düzgün deyil. Ümumiyyətlə, ipoteka haqqında bu qanunvericiliyi həyata keçirən dövlət orqanlarında, banklarda xaricdə təhsil almış, bu sahədə ixtisaslaşmış lazımi qədər gənc kadrlarımız var. Niyə biz gözləməliyik ki, müstəqil ekspert bu haqda qərar versin və ya müxalifət düşərgəsindən kimsə bununla bağlı tövsiyə versin. Bu mütəxəssislər niyə bu məsələni qaldırıb hansısa bir yeni paketin hazırlanmasında iştirak etmirlər? Azərbaycan prezidentinin sərəncamı ilə iqtisadi islahatlar üzrə köməkçi vəzifəsi yaradılıb və Natiq Əmirov o vəzifəyə təyin olunub. Xaricdə təhsil alıb, bu prosesi yaxından izləyən gənclər niyə yazılı surətdə müraciət edib, bununla bağlı təkliflər vermir? Bu, biganəlikdir! Bu prizmadan yanaşsaq, bankların bu qərarı qəbuledilməzdir. Bizim mühit üçün bu işləməyəcək. İpoteka siyasəti bununla üzüaşağı doğru gedəcək”.

Fuad İbrahimov ipoteka siyasəti üçün yenilik etməyə ehtiyac olmadığını, bununla bağlı dünyada qəbul olunmuş hazır modellərin mövcudluğunu vurğulayıb:

“Dünyada 1 nömrəli ipoteka modelini formalaşdıran dövlətlərdən biri Amerika Birləşmiş Ştatlarıdırsa, bizə daha yaxın olan Türkiyədir. Türkiyə Avropada ipoteka siyasətinə görə irəli getmiş ölkədir. O modelləri götürmək, ipoteka siyasətini bu sistemlərə uyğunlaşdırmaq lazımdır. Ümumiyyətlə, böhran dövründə heç bir sərtləşdirici, ağırlaşdırıcı tədbir görmək olmaz. Əksinə yumşaldıcı, stimullaşdırıcı tədbirlər görülməlidir. Hal-hazırda görülən işlər, verilən qərarlar bazar iqtisadiyatına, bazar münasibətləri tələblərinə, normalarına birmənalı olaraq cavab vermir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları