Yuxarı

Xaricdən gətirilən bayrağımız...

Xaricdən gətirilən bayrağımız...

Dövlət bayrağımız Türkiyədə və Çində istehsal olunur

Son günlər orduya və əsgərlərimizə dəstək məqsədilə paytaxda və bölgələrdə keçirililən aksiya və mərasimlərdə dövlət bayrağından istifadə olunur. Aksiyalarda əllərində bayraq tutan həmvətənlərimiz müxtəlif şüarlar səsləndirərək ordunun yanında olduqlarını ifadə edirlər. Eyni zamanda, bayrağımız təkcə gənclərin əllərində deyil, binaların eyvanlarında, maşınların üstündə, müxtəlif obyektlərin girəcəyində, orta məktəb partalarının üzərində də dalğalanır.

Çox maraqlı fakt ondan ibarətdir ki, Azərbaycanın dövlət bayrağı ölkədə istehsal olunmur. Bayrağımızın əsasən Çində və Türkiyədə hazırlandığı bildirilir. Ümumiyyətlə, Azərbaycanda hazırda bayraq tikilişi üzrə fabrik və yaxud sex fəaliyyət göstərmir. Hətta Azərbaycanın ən kiçik ölçülü-stolüstü bayraqları da Türkiyə və Çində istehsal olunur. Ölkənin milli atributlarından biri hesab olunan Azərbaycan bayrağının niyə öz ölkəmizdə istehsalı yoxdur? Maraqlıdır, adları çəkilən ölkələrdə istehsal olunan Azərbaycana bayraqları konkret standart və ölçülərin tələblərinə cavab verirmi? Belə acı mənzərə ölkənin özündə bayraq istehsalını zəruri edirmi? Məsələ ilə bağlı Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, onlara Azərbaycan bayrağının tikilməsi sifariş edilməyib, bu səbəbdən bayraq istehsalı ilə məşğul deyillər: “Bizdə Azərbaycan bayrağı tikilmir. Amma bütün mağazalarda bayraq satılır. Bu hər halda sifarişlə tikilir. Bizə bayraqla bağlı sifarişlər olunmayıb. Biz hərbçilərin, daxili qoşunların və məktəblilərin formalarını tikirik”. Etibar Əzimov qeyd edib ki, gələcəkdə də Bakı Tikiş Evində bayraq tikilməsi nəzərdə tutulmur: “Kimsə bizə bunu sifariş versə, tikə bilərik. Amma bayrağın bir qıtlığı da yoxdur, bütün mağazalarda bayraq satışı var. Burda sifarişlə bayraq tikənlər də var. Kimsə öz yanından bayraq istehsal edə bilməz. Müəyyən ticarət mərkəzləri var, onlar tikdirib satırlar”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Azərbaycan bayrağının standart və ölçüləri barədə danışıb. Onun sözlərinə görə, əvvəla Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanun var, daha sonra isə onun standartları müəyyənləşdirilib: “Dövlət bayrağı eni bərabər olan rəngli üç üfiqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir, düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir, böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. Bu elə standart tələblərinə aiddir. “Dövlət bayrağı haqqında” Əsasnamədə bayrağın rənglərinin konkret çaları da müəyyən olunub. Belə ki, bayraq hazırlanan zaman onun mavi rəngi "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rəngi - Red 185C rənginə, yaşıl rəngi isə Green 3405 C rənginə uyğun olmalıdır. Kataloqdan o rənglərin olmağı tələb kimi göstərilib. Yəni standartlarda bunlar əks olunub. İstehsalçılar və idxalçılar bu standartların tələbinə uyğun bayraq istehsal edib, satışını təşkil etməlidirlər”. Fazil Talıblı qeyd edib ki, Azərbaycan bayrağı xarici ölkələrdə istehsal olunması hesabına yaranır: “Satış da həmçinin Türkiyə və Çinin hesabına formalaşır. Xarici ölkələrdə istehsal olunan Azərbaycan bayrağının standartlarında təəssüf ki, qaneedici məqamlar yer alıb: ”Bayrağın standartlarında, rəngində fərqlilik aşkar olunur. Həmçinin keyfiyyətində bayrağın istehsalında istifadə olunan xammala, parçaya olan tələblər var. Biz isə bunu satışda bəzi hallarda görmüşük”. Bayraq dövlət atributudur. Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci ildə AXC hökumətinin qərarı ilə qəbul olunub. İkinci dəfə isə 1990- ci ilin 17 noyabrında qərar yenidən bərpa olunub. Azərbaycan dövlətinin bayrağımıza olan sayğısı onunla bağlı təqvimdə ayrıca bir günün bayram günləri sırasına salınmasında özünü göstərir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları