Yuxarı

Müəllim pulsuz bilik vermir

Müəllim pulsuz  bilik vermir

 

Ödənişsiz repititor proqramı necə məhv edildi?

Məktəb illləri sovet hakimiyyətinin mövcud olduğu illərə düşən oxucularımız xatırlayar, o vaxtlar dərsi bitən şagirdlər əlavə məşğələ üçün təyin edilmiş müddət ərzində məktəbdə dərsləri və əlavə biliklərlə məşğul olurdular. Bunun üçün şagirdlərə xüsusi ştat müəllimləri - qrup pedaqoqları kömək edirdi. Təmənnasız repititorlar həm ev tapşırıqlarının həllinə kömək edir, həm də sabahkı dərsə hazırlıq üçün şagirdləri əlavə vəsaitlərlə tanış edirdilər. Hazırda da uşaqlar məktəbdən sonra repititorla əlavə məşğələ keçirlər, amma bu xidmət indi ödənişlidir.

Valideyn: “Məşğələyə pul çatdırmaq olmur”

Bakı sakini Hüseyn Alıyev deyir ki, 1-ci sinifdə oxuyan övladını tədris ilinin yarısından etibarən məşğələyə göndərməli olub: “Əvvəl fikirləşirdim ki, yəqin uşaq çətinlik çəkir, dərs ağırdır deyə qavraya bilmir, sonra bir az artıq məşğul oldum, gördüm ki, uşaq öyrədəndə yaxşı anlayır. Amma anası da, mən də işləyriik deyə çox vaxt ayıra bilmirdik, ona görə qonşuluqda repititor yanına qoyduq, 60 manat aylıq ödəmə müqabilində. Uşaq bulbul kimi ötür, hər şeyi yaxşı qavrayır. Deməli, sinifdə yaxşı məşğul olmur müəllim. Oğlumun sinfində 31 nəfər şagird var, bu normada çoxdu axı, müəllim vaxt çatdıra bilməz bu qədər uşağa”.

2 məktəbli anası olan Leyla İsmayılova isə bildirir ki, hər övladını ayrıca məşğələyə qoyub: “Qızım hələ ibtidai sinifdədir, öz sinif müəlliminin yanına göndərirəm, 50 manat da pul verirəm hər ay. Oğlum da 5-ci sinifdədir, onu yalnız riyaziyyatdan məşğələyə göndərirəm, çünki yuxarı siniflərə keçdikcə dərslər çox ağırlaşıb, texniki fənləri anlamaq çətinləşib. Çox yaşıdı ingilis dilindən də gedir məşğələyə. Bir fənnin hazırlıq məşğələsi üçün 40 manat ödəmək lazımdır, çatdırmaq olmur. Məktəb dərsləri lazımi səviyyədə olsaydı bu qədər xərc çəkməzdik”.

Pedaqoqlar: “Dərslər ağır, müəllimlər etinasızdır”

Pedaqoq Namiq Hacıheydərli deyir ki, Azərbaycanda şagirdlərin dərs yükü lazım olduğundan olduqca ağırdı: “İbtidai sinifdə təhsil alan uşaqlara o qədər əlavə dərs verilir ki, məktəbdən qayıdandan gecə yarısınadək onlarla məşğul olmalı olur. Üstəlik dərslərin özü də olduqca çətindir, uşaqların qavraya biləcəyindən daha qəlizdir. Dünyanın ən nümunəvi təhsil sistemlərindən olan Finlandiya təhsilində şagirdlərə ev tapşırığı verilməsi ənənəsi yoxdu. Amma buna baxmayaraq orada təhsilin ümumi nəticə göstəriciləri olduqca yüksəkdir. İbtidai sinif şagirdi çox yüklənməməli, tapşırıqlar isə daha çox əyləncə xarakteri daşımalıdı. Lakin bizdə kiçik yaşlı məktəblilər normadan artıq yüklənir deyə onların dərsdən əlavə hazırlığıa göndərilməsi zərurətə çevrilir”.

Digər müsahibimiz, pedaqoq Təranə Məmmədtağıyevanın sözlərinə görə, hazırkı tədris sistemində məktəbli çox çalışmağa məhkumdur: “Uşaq çox çalışmalıdır, amma vaxt azlığı var. Azyaşlı məktəblilərin xüsusi məşğələyə daha çox ehtiyacı var. Əgər valideyn işləyirsə, uşağına çox vaxt ayıra bilmirsə, məcburən məşğələyə qoymalıdır. Çünki azyaşlı məktəbli hələ indi-indi öyrənməyə başlayır”.

Pedaqoq deyir ki, təhsil ocaqlarında özbaşınalıq baş alıb gedir: “Bəzi müəllimlər sinifdə uşaqları seçib məşğul olur, bir qisim uşaq da qalır kənarda. Valideyn də məcbur olub qoyur məşğələyə, çünki yaşıdlarından geri qalır. Bir vacib məsələdə var ki, ibtidai sinif müəllimlərinin özləri də öyrənmə keçidindədirlər. Yeni tədris proqramı onlar üçün də tam aydın deyil, müəllimlərin özü də öyrənir hələ. Bu da uşaqlarla dərindən məşğul olmalarına maneədir. Biz də məktəbli olanda məşğələyə getmişik, amma bu ödənişli yox, dövlətdən maaş alan müəllimlərin məşğələsi olurdu. Dərsimizin çox hissəsini o müəllimlərin nəzarəti altında hazırlayırdıq. İndi də məktəblərdə o fakültətiv ştatlar var ki pulsuz məşğələ keçməlidirlər, amma sadəcə maaş alırlar, məşğələ keçilmir”.

Ekspert: “Müəllimlər özlərini istismar olunmuş sayır”

Təhsil eksperti Nadir İsrafilov isə bizimlə söhbətində çox maraqlı məqamlara toxundu. Ekspert deyir ki, Təhsil Nazirliyi tərəfindən hazırlanmış minimum proqrama əsasən 5- 9-cu siniflərdə Riyaziyyat və Ana dili fənlərindən müəllimlərin zəif bilikli şagirdlərlə 90 saatlıq dərs həcmində əlavə məşğul olmaları barədə məktəblərə verilən tapşırıq məcburi olmamasına və məktəbə kömək məqsədi daşımasına baxmayaraq heç də hamı tərəfindən birmənalı qarşılanmayıb, bəzi müəllimlər arasında müəyyən narazılıqlar doğurub.

Ekspertin sözlərinə görə, bu proqramın tədrisi ilə bağlı heç bir əlavə ödəniş verilmir. Məktəb rəhbərliyi əsasən proqramı dərsdən sonra həyata keçirməlidir: “Belə bir eksperiment ibtidai sinif müəllimlərinə də şamil edilib, Baki şəhərinin bəzi məktəblərində 1- 4-cü siniflərdə zəif oxuyan şagirdlərlə ibtidai sinif müəllimləri həftədə 5 saat əlavə məşğul olmalıdırlar. Bir çox müəllimlər bunu haqqı ödənilməyən, lakin əlavə zəhmət tələb edən əməyə təhrik edilmək qiymətləndirirlər.

Müəllim meylini xüsusi məşğələyə salanda...

Ekspert bildirir ki, buraxılış və monitorinq imtahanlarının nəticələri əksər hallarda qənaətbəxş olmadığı nəzərə alınaraq, həm ən zəif şagirdlərin bilik səviyyəsinin artırmaq, həm də müəllimləri məktəbə daha sıx bağlamaq zərurətindən çıxış edərək Təhsil Nazirliyi belə bir tələb qoyub: “Hazırda vəziyyət elədir ki, əksər müəllimlər meylini evdə hazırlığa verir. Bu isə məktəb mühitinə öz təsirini göstərməklə repetitorluğun daha da inkişaf etməsinə şərait yaradır. Zəif şagirdlərin məktəblərdə əlavə hazırlaşdırılması kimi bir təcrübə sovet dönəmində də geniş tətbiq olunub. Yəni, 18 saatlıq bir stavkası olan müəllimin iş rejimini 6 gün ərzində günə 3 saata bölməklə tənzimləmək məqbul sayılmırdı. Müəllimin vəzifəsi təkcə ona ayrılan dərs saatlarını tədris edib, işini bitirməsi ilə məhdudlaşdırılmırdı. Hazırda dəyərlər dəyişib. Heç kəs ödənişsiz əlavə məşğul olmaq istəmir, bu işdə hansısa bir stimul görmür”.

Nadir İsrafilov deyir ki, “Təhsil haqqında” Qanuna əsasən “təhsil proqramlarının mənimsənilməsini təmin etmək” təhsilverənlərin bilavasitə hüquq və vəzifələrindən irəli gələn başlıca tələblərdən biridir: “Qanuna habelə “Keyfiyyətsiz təhsilə görə vurulan ziyanın ödənilməsi” barədə xüsusi maddə belə daxil edilib. Təəssüf ki, bu mexanizmlər işlək deyil. Müəllimlərin məktəbdə iş rejiminə dair mükəmməl mexanizm hazırlanmalıdır. Dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyanın məktəblərində də əlavə hazırlıq məqsədilə dərs saatlarından istifadə olunur, bizdən fərqli olaraq orada bu dərslər ödənişlidir”.

Bir sinifdə 40 şagird olarsa...

Müsahibimizdən “məktəbə yeni başlayan 1-ci sinif şagirdlərinin də repetitora ehtiyacı varmı?” deyə soruşduq, bildirdi ki, baxmayaraq ki, xüsusilə son zamanlar məktəbə hazırlıq məsələləri önə çəkilib, bunula belə məktəb təhsilinin möhkəm təməli məhz ibtidai təhsil pilləsində qoyulur: “İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Bununla belə bir sıra məktəblərdə xüsusi sıxlıq müşahidə olunur, ayri-ayrı siniflərə 30, bəzən 40 şagirdin qəbul edilməsinə yol verilir. Nəzərə alsaq ki, İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir, deməli, şagird bildi-bilmədi onun yuxarı siniflərə keçirilməsi qaçılmaz olur ki, bu da proqram materiallarını mənimsəməyənlər üçün növbəti mərhələlərdə problemlər yaradır”.

Vəziyyətdən çıxış yolunu 1-ci siniflərdə şagird sayının minimuma, heç olmasa 15 nəfərə endirilməsində görən ekspert deyir ki, bəzi özəl lisey və gimnaziyalarda belə bir təcrübə öz müsbət nəticələrini verir. Maliyyə məsələlələrini yuxarı siniflərdə komplektləşdirmə zamanı şagirdlərin sayını artırmaq yolu ilə də kompensasiya etmək olar. Çünki yuxarılardan fərqli olaraq, aşağılarla işləmək daha çətin və məsuliyyətlidir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları