Yuxarı

Bünövrəsi hələ qoyulmayan sosial evlər

Bünövrəsi hələ qoyulmayan sosial evlər

Bu günlərdə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident tərəfindən sosial evlərin tikilməsi tapşırığı verilib. “Sosial Evlər” layihəsinin reallaşdırılması uzun müddətdir ki, gündəmə gətirilsə də, məsələ hələ də qanunvericilikdə əksini tapmayıb. Ekspertlər hesab edir ki, məsələ düzgün istiqamətdə, səmərəli qurulsa, gənc ailələrin ondan faydalanması və evsizlik probleminin böyük miqyasda həlli realdır.

Qeyd edək ki, son 10 ildə ipoteka kreditləşməsinə 700 milyon manatdan artıq vəsait ayrılıb. 2016-cı il də daxil olmaqla onun 316 milyon manatı büdcə vəsaitidir. Həmin vəsait hesabına ümumilikdə 18 min ailə (onun 32 faizi subay), o cümlədən sosial ipoteka xətti ilə 4,2 min nəfər və ya ailə mənzil ala bilib. Mövcud ipoteka şərtləri əhalinin əksər hissəsi üçün əlçatmaz olub. Bu səbəbdən əhalinin bütün təbəqəsi üçün əlçatan olması məqsədilə sosial evlərin tikilməsi zəruriyyət hesab olunur. Bəs mövcud vəziyyətdə layihənin reallaşmasına büdcə imkan verəcəkmi? Ehtiyacı olan insanlara bu evlərin bölüşdürülməsi mexanizmi necə həyata keçiriləcək?

Milli Məclisin İqtisadiyyat və Sənaye Komitəsinin sədri Vahid Əhmədov Cebhe.onfo-ya açıqlamasında deyib ki, sosial evlərin tikilməsi ümumiyyətlə gündəmdə var idi: “İpoteka krediti ilə evlərin verilməsi ilə yanaşı sosial evlərin də tikilməsi vacibdir ki, insanlar bu mənzildən istifadə edə bilsinlər. Sosial ipoteka təkcə dövlət vəsaiti hesabına deyil, özəl şirkətlər, təşkilatlar tərəfindən də həyata keçirilir. Sosial evlərin hansı şəraitdə və necə tikilməsi üçün normativ sənədlər olmalıdır. Həmçinin neçə il müddətində bu evlərin tikilməsi məsələsi var ki, burada, 30, 40, 50 ildən söhbət gedir. Dövlətə təxminən 80-100 manat vəsait verməklə insanlar bundan yararlanacaqlar. Burada söhbət özəl şirkətlərin bu məsələyə cəlb edilməsindən gedir. Bu çox əhəmiyyətli bir layihədir. Layihə Almaniya və Türkiyədə çox geniş istifadə edilir. Azərbaycanda da bu layihənin reallaşması vacibdir. İnsanları hazır mənzillə təmin etmək üçün yalnız ipoteka ilə kifayətlənmək olmaz. Sosial evlərin tikilməsi çoxdan gündəmdədir və mütəmadi müzakirə olunur”.

Millət vəkilinin sözlərinə görə, hazırda sosial evlərin qanunvericilik bazası mövcud olmadığından bu məsələnin qanunvericiliyə salınması lazımdır: “Bu məsələnin qanunvericilik bazasını hazırlamaq lazımdır. Bunu sənədlərlə, normativ aktlarla da etmək olar. Elə bir ciddi problem yoxdur. İqtisadi baza varsa, onun qanun layihəsini hazırlamaq mümkündür”.

Vahid Əhmədov ev ehtiyacı olan insanların sosial evlərlə təmin olunmasının icra mexanizminə də toxunub. O deyib ki, məsələnin həlli üçün uyğun normativ aktlar olmalıdır ki, həmin mənzillər bu aktlara əsasən istifadəyə verilsin: “Bu məsələ birdən-birə reallaşacaq adi məsələ deyil. Burada vəsaitdən, insanların taleyindən, mənzil və təminatdan söhbət gedir”.

Millət vəkili sosial evlərin tikilməsinə maneçilik törədən tikinti şirkətlərinin bazarlarda monopoliya yaratması məsələsinə də münasibət bildirib: “Bütün mənzillərin sənədləri və normativ aktları olacaq ki, həmin sənədlərdə evlərin neçə ilə və hansı vəsait hesabına başa gəlməsi əks olunacaq”.

Qeyd edək ki, sosial evlərin həm Bakıda, həm də rayonlarda tikiləcəyi bildirilir. Dövlət başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi iki məqsəd daşıyır – aztəminatlı əhalinin mənzillə təmin edilməsi və işsizliyin azaldılması. Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Dövlət başçısının bildirdiyinə görə, belə mənzillər aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətli kreditlərlə veriləcək. Sonradan həmin ailələr bu mənzillərə mülkiyyət hüququ alacaqlar. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək.

Onu da əlavə edək ki, sosial mənzillər əlavə 20 sahəni də inkişaf etdirəcək. Sosial mənzillərin tikintisi təkcə mənzil təminatına və işsizliyə yox, iqtisadiyyatın digər sahələrinə də dəstək olacaq. Prezident bildirib ki, bu mənzillərin verilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək.

Alçina Amilqızı

Cebhe.info





Həftənin ən çox oxunanları