Yuxarı

Tikinti monopolistlərinə zərbə

Tikinti monopolistlərinə zərbə

Dövlət başçısı Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.

Fərman Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi daşıyır.

Əmlak ekspertləri hesab edir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması Sosial Mənzil fondunun formalaşması istiqamətində atılmış addımdır. Bu prosesdə ən vacib məqam inşa olunacaq mənzillərin verilməsində sosial tələblərin gözlənilməsindən daha çox, satınalma müsabiqələrinin şəffaflığı və məbləği olacaqdır.

Ekspertlərin fikrincə, hazırda daşınmaz əmlak bazarında monopoliya yaratmış şirkətlər bundan qorxuya düşməli deyil. Əksinə, tikinti şirkətləri tenderin qalibi olmaqda maraqlı olmalıdırlar. Cəmiyyətdə sosial mənzillərə yüksək maraq var. Bu sərəncamı aztəminatlı ailələrin sosial mənzillə təmin edilməsini nəzərdə tutur.

“Əmlak Ekspert” Mərkəzinin İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı “Cümhuriyət”ə bildirib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının məqsədi sosial mənzil fondunun yaradılması ilə bağlı qanunvericiliyin tələbini tənzimləsin. Burda söhbət tender yolu ilə tikinti şirkətlərinin bu prosesə cəlb olunmasından gedir. Yəni dövlət vəsait ayırır, agentlik həmin vəsait üzrə tender qalibləri də bu cür evlərin tikintisini həyata keçirir. Burda bütün infrastruktur işləri dövlət xidməti ilə həyata keçirilir. Eyni zamanda torpaq agentliyi öz balansında olan torpaq layihəsindən istifadə olunur. Bu baxımdan qaydalar xeyli dərəcədə sadələşmiş olur, tədbirlər optimallaşdırılır”.

Tikinti şirkətlərinin bu prosesi əngəlləməsinə gəlincə, ekspert tikinti şirkətlərinin hansısa formada prosesə mənfi təsir göstərməyəcəyini bildirib: “Burda ayrı-ayrı şirkətlər tender yolu ilə layihələrdə iştirak etməkdə maraqlı olacaq. Burda kağız üzərində formalaşmış, heç bir vəsaiti olmayan MTK-nın iştirakı da düzgün olmayacaq. Çünki tenderin qalibi olmaq üçün bank təminatı lazımdır. Bank təminatındakı təqribən satınalma müqaviləsindəki dəyərin ən az 20-30 faizi civarında olur. Bu o deməkdir ki, binanın tikintisi üçün əgər “Kapital Bank”ın müqaviləsinin dəyəri 3 milyon manatdırsa, bunun təqribən 900 000 manatı bank təminatı şəklində həmin MTK-a tərəfindən təmin olunmalıdır”.

Ramil Osmanlı onu da vurğulayıb ki, hələlik sosial mənzillərin kimlərə veriləcəyi ilə bağlı detallar bəlli deyil:

“Azərbaycanın mənzil məcəlləsində sosial mənzil fondunun idarə edilməsi ilə bağlı müəyyən müddəalar var. Amma burda hələlik söhbət sosial kirayədən gedir. Yəni sosial satış mövcud deyil. Bu baxımdan hesab edirəm ki, normativ hüquqi aktlara dəyişiklik edilməlidir və aktiv müzakirələr keçirilməlidir. Adından da göründüyü kimi, burda mənzilə ehtiyacı olan az təminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılmasından gedir. Zənnimcə, mənzili olan insanların sosial evlərdən yararlanmaq imkanı məhdud olacaq”.

Yeganə Oqtayqızı Cebhe.info





Həftənin ən çox oxunanları