Yuxarı

İmtahanlar pullu olacaq

İmtahanlar  pullu olacaq

 

Akif Nəsirli: “Dövlət İmtahan Mərkəzi ödənişli xidmət göstərəcək”

Devalvasiyadan sonra büdcədə yaranmış maliyyə-iqtisadi böhran dövlət orqanlarıında struktur  islahatlarını gündəmə gətirdi. Bu islahatların daha çox hökumət qurumlarının konsolidasiya formasında həyata keçiriləcəyi ehtimal olunurdu. Beləliklə, rəsmi orqanlarının sayının azalması dövlət büdcəsinə qənaət etmək məqsədilə həyata keçirilməlidir. Struktur islahatları başlasa da, bu proses bəzi mütəxəssislərin verdiyi proqnozlardan bir qədər fərqli istiqamətdə getdi.

Yəni büdcədən maliyyələşən qurumların birləşdirilməsindən daha çox onların ictimai əsaslarla fəaliyyətə keçirilməsi müşahidə olunur. Bir sıra dövlət və hökumət orqanlarının publik hüquqi şəxsə çevrilməsi prosesi gedir. Bu cür statusda idarəetmə sistemi Azərbaycan təcrübəsində yeni  olduğundan onun tətbiq edilməsi ilə bağlı problemlər də özünü göstərir. Məsələn, ekspertlər bildirir ki, publik hüquqi şəxslərin maliyyələşməsi mexanizmi hələ tam müəyyənləşməyib. Ona görə də yeni yaradılan ictimai qurumların dövlət büdcəsindən ayrılan vəsait hesabına, yoxsa özünümaliyyələşdirmə hesabına fəaliyyət göstərəcəyi açıq qalır. Əgər publik hüquqi şəxslər də digər dövlət tərəfindən maliyyələşməkdə davam etsə, o halda büdcəyə qənaətdən danışmaq mənasız olar. Onu da qeyd edək ki, publik hüquqi şəxslər nə dövlət orqanı, nə də sırf ictimai qurumdur. Mütəxəssislərin fikrincə, bu qurumlar ictimai əsaslarla fəaliyyət göstərməyinə baxmayaraq, dövlət dəstəyi ilə də fəaliyyət göstərə bilər.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, dövlət orqanları vətəndaşlara ödənişli xidmət göstərə bilmədiyinə görə, publik hüquqi şəxs yaratmaqla bu prinsiplər dəyişilir: “Belə ki, publik hüquqi şəxs həm dövlət büdcəsindən maliyyələşə bilər, həm də özü vətəndaşlara ödənişli xidmət göstərə bilər. İndiyə qədər Azərbaycanda  notarial kontorları bu cür fəaliyyət göstərirdi. Bu, büdcənin yükünün azaldılmasına xidmət edir. Yaxud Dövlət İmtahan Mərkəzi hər il on minlərlə abituriyentdən imtahan götürsə və hər bir nəfərdən 10-15 manat ödəniş almaqla dövlət büdcəsindən çəkilmiş xərcləri azalda bilər. Tutaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət etdiyi qurumlara ödənişli xidmət göstərə bilər. Bunun mexanizmi hələ dəqiq formalaşmayıb. Ancaq dünyada belə mexanizmlər dünyada var və bu da dövlət büdcəsinin xərclərinin azaldılmasına xidmət edir”.

Akif Nəsirlinin sözlərinə görə, publik hüquqi şəxslərin fəaliyyəti dövlət xərclərinə qənaət etməklə yanaşı,  həm də büdcəyə gəlir gətirə bilər. Publik hüquqi şəxslərin fəaliyyəti isə dövlətin qərarından asılı olaraq müəyyən sahələr üzrə ödənişli fəaliyyət göstərə biləcək. Hətta gələcəkdə yaradılacaq yeni publik hüquqi şəxslər də eyni statusa malik olacaq.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları