Yuxarı

Banklar evlərə “əl qoyacaq”

Banklar evlərə “əl qoyacaq”

“Unibank”dan deyiblər ki, get, böyrəyini sat, borcunu ödə” İkinci devalvasiyadan sonra dollar kreditlərində olan problemlər daha da artmağa başladı. Bank-vətəndaş qarşıdurmaları getdikcə daha ciddi şəkil alır. Əhalidə narazılıq son həddə idi. Ancaq son dövrlər nisbətən sakitçilikdir. Bu sakitçiliyin səbəbi nədədir? Bəs nə baş verdi? Bu qədər problemli kredit həll olundumu? Bu cür sualların sayını istənilən qədər artırmaq olar. Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi və ən çox diqqət çəkən məsələ sosial narazılıqların aradan qaldırılması üçün hökumətdən banklara verilə biləcək tapşırıq ehtimalıdır. Hazırkı durumda bu məsələ daha real görünür. Çünki devalvasiyadan sonra əhali arasında ən çox narazılıq məhz kreditlər barədə idi. Əhalinin xərclərinin artması və gəlirlərinin sabit qalması kreditlərin ödənişlərində çox böyük problemlər yaratmışdı. Hətta bankların vətəndaşları “sıxması” nəticəsində bir neçə intihar cəhdi də qeydə alınmışdı. Hesab etmək olar ki, bu cür halların qarşısını almaq üçün hökumət bu addımı atıb. “Cümhuriyət”ə şərhində hüquqşunas, bank üzrə ekspert Əkrəm Həsənov bankların təzyiqinin daha da artığını bildirib: “Problem təbii ki, həll olunmayıb. Banklar, kredit təşkilatları, lombardlar, lizinq şirkətləri borcalanlardan kreditləri ödəməyi tələb etməkdə davam edirlər. Borcalanların da əksəriyyəti kreditlərini qaytarmır. Çünki qaytara bilmirlər. Qarşıdurma davam edir, çoxlu sayda qarşılıqlı məhkəmə iddiaları var. Bankların müştəriləri məhkəməyə verməklə yanaşı, artıq müştərilərdə bankları qanunsuz əməllərinə qarşı məhkəməyə verirlər. Eyni zamanda banklar və kollektor şirkətləri tərəfindən borclulara qarşı təzyiqlər artıb. Bir məlumatı diqqətinizə çatdırım ki, Unibank bir borclu müştərisinə, “get, böyrəyini sat gətir” borcunu ödə deyib. Biz indi bu işin araşdırmasını aparırıq və Daxili İşlər Nazirliyinə, Baş Prokrorluğa müraciətlər hazırlayırıq. Hal-hazırda əslində borclulara daha ciddi təzyiqlər var”. Əkrəm Həsənov son günlər bu söz-söhbətlərin səngiməsinin də səbəblərinə aydınlıq gətirib. O, bildirib ki, bunun səbəbi cəbhədə baş verən son hadisələrdir: “Son zamanlar bu söz söhbətlərin azalması cəbhədə baş verən hadisələrlə bağlıdır. Çünki torpaqların bütövlüyü hər zaman bizim üçün milli bir problemdir. Borcluları da daha çox bu problem narahat edir. Amma indi cəbhədə vəziyyət sakitləşib. Və müəyyən gözlənti var idi ki, aprel ayında hökumət tərəfindən güzəştlər olacaq. Ancaq hələ ki heç nə yoxdur. Getdikcə məhkəmə işləri artır. Və bu da get-gedə artan xətlə davam edəcək. Hesab edirəm ki, yay və payız aylarında banklarla borclular arasında daha qızğın mübarizə baş verəcək. Çünki bəzi məhkəmə prosesləri artıq bitəcək. Və əsasən evlərini girov qoymuş borclulardan, evlərini almaq prosesi başlayacaq. Əgər vəziyyət bugünkü kimi davam etsə, biz bir çox xoşagəlməz halların şahidi ola bilərik”. Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları