Yuxarı

Nemət Pənahlının arxivi siyasətçiləri qorxuya saldı

Nemət Pənahlının  arxivi siyasətçiləri  qorxuya saldı

 

Pənah Hüseyn: “Açsın görək nə var”

Sərdar Cəlaloğlu: “Bu arxiv onun əlinə necə düşüb?”

Bəxtiyar Tuncay: “O, arxivi açsa, çoxları biabır olacaq”

Milli Azadlıq Hərəkatının rəhbərlərindən biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Meydan Hərəkatı və 20 yanvar hadisələri ilə bağlı arxivini açacaq. N.Pənahlı deyib ki, hazırda arxivində həmin dövrün hadisələrini əks etdirən 300-dən çox videokaset var və tezliklə onları köçürüb, internet üzərindən yayımlayacaq ki, xalq tarixi həqiqətləri görsün:

“Məqsədim cəmiyyətə həqiqəti çatdırmaqdır. Çünki, 20-30 illik fəaliyyətimlə bağlı bütün məlumatlar cəmiyyətə təhrif olunmuş formada çatdırılıb”.

“Baxaq, görək nə var”

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn Cebhe.infoya N.Pənahlının arxivini açmasını dəstəklədiyini bildirib: “Onda nə qədər materialın, hansı məlumatların olmasından xəbərim yoxdur. Amma nə qədər tez açsa, bir o qədər yaxşıdır. Açsın, biz də baxaq, görək nə var”.

“Arxivi necə əldə edib?”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Cebhe.infoya Nemət Pənahlının iddiasının gülməli olduğunu bildirib: “Onun nədən danışdığını bilmirəm. Bu arxiv onun əlinə necə düşüb, necə əldə edib? Hadisələrin üstündən 27 il keçəndən sonra nəyi açmaq istəyirsə, açsın. İlk dəfə Nemət Pənahlını 1987-88-ci illərdə Naxçıvanda görmüşəm. Asif Kələntərli bizi tanış etmişdi. Həmin vaxt Nemət Pənahlı Səttarxan adına zavodda fəhlə işləyirdi, hələ Meydan Hərəkatı başlamamışdı. O vaxtı bizə dedi ki, “bir neçə dəfə Heydər Əliyevlə görüşmüşəm, burdan qayıdandan sonra Moskvada da görüşəcəm, mən ondan müəyyən məsləhətlər alıram”.

Mən o vaxtdan Nemət Pənahlını Heydər Əliyevlə sıx əlaqədə olan, onun vasitəsilə hərəkatçı qüvvələri idarə edən adam kimi tanımışam”.

“Biabır olacaqlar”

Meydan Hərəkatının iştirakçılarından Bəxtiyar Tuncay Cebhe.infoya arxivin açılmasının vacib olduğunu bildirib: “Nemət Pənahlının bu hadisələrə dair materiallarını 10 il əvvəl görmüşəm. Dəqiq bilirəm ki, o, arxivi açsa, bu gün bir çoxlarının Meydan Hərəkatının qəhrəmanı kimi tanıdığı adamlar biabır olacaqlar. Məlum olacaq ki, kim kimin əleyhinə ifadə verib. Bu, tariximizin daha da dərindən öyrənilməsinə kömək edəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları