Yuxarı

Xaricdəki azərbaycanlılar pulsuz qaldı

Xaricdəki azərbaycanlılar pulsuz qaldı

Ötən gün banklar kredit kartları üzrə əməliyyatları dayandırıb. Banklar Assosiasiyası bunu Azərbaycanda xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriyanın tətbiq edilməsi ilə bağlı olduğunu deyib. Assosiasiyanın məlumatına görə, xarici valyutada kredit kartları üzrə əməliyyatlar istehlak kreditlər kateqoriyasına daxil olduğuna görə banklar onları müəyyən müddətə dayandırıblar.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıb.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”ə bildirib ki, kredit kartları ilə verilən vəsaitlər istehlak kreditləri siyahısına daxildir:

“Xarici valyutada istehlak kreditlərinin verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının 4 aprel qərarından sonra 1 ay müddətinə dayandırıldı. Hazırkı situasiya onu göstərir ki, bu müddət uzadılacaq. Bu səbəbdən də banklar tərəfindən kredit kartları vasitəsi ilə kreditləşmənin həyata keçirilməsi mövcud göstərişin pozulması deməkdir. Buna görə banklar bu addımı atmaq məcburiyyətində qalıblar. Hazırda Palatanın əsas amalı real vəziyyətin təhlili, növbəti dövrlər üçün kreditləşmə strategiyasının hazırlanması və nəticələrin müəyyənləşdirilməsidir. Onu da nəzərə alaq ki, problemli kreditlərin böyük əksəriyyəti məhz istehlak kreditləri kateqoriyasına daxildir. Məhz bu səbəbdən də Nəzarət Palatası bu qərarı qəbul etdi. Hesab edirəm ki, bu qərar öz-özlüyündə kreditləşmənin məhdudlaşdırılmasına, xüsusilə xaricdə olan Azərbaycan vətəndaşlarını qısamüddətli dövrdə maliyyə vəziyyətinin qeyri-müəyyənliyinin yaranmasına gətirib çıxarır. 

Kredit kartlarının fəaliyyətinin dayandırılması bu insanlar üçün müəyyən problemlər yaradacaq. Digər bir problem ondan ibarətdir ki, bankların gəlirlərinin böyük bir qismi məhz kreditləşmə vasitəsi ilə əldə olunurdu. Hazırda banklar kreditləşməni minimal həcmdə kredit kartları ilə həyata keçirirdi. Böyük həcmli kreditlər demək olar ki, dayanmışdı. Bu funksiyanın da məhdudlaşdırılması bankların gəlirlərinə mənfi təsir göstərir. Həmçinin növbəti dövrlər kreditlərin geri qaytarılması ilə bağlı müəyyən riskləri də var. Nəzarət Palatası müəyyən addımlar atır, amma qərarlar qəbul edilərkən bunun mənfi və müsbət tərəfləri göz önünə gətirilməlidir. Kreditlərin məhdudlaşdırılması istiqamətində atılan son addımlar ölkədə vəsait çatışmazlığına gətirəcək. Zənnimcə, ən qısa müddətə Maliyyə Bazarlarına Nəzarət Palatası atacağı addımları müəyyənləşdirməli və kreditləşmə prosesinə start verilməlidir”.

Xarici valyutada verilən kreditlər dayandırılırmı?

İqtisadçının sözlərinə görə, hazırda xarici valyutada verilən kreditlərin dayandırılması halının mümkünlüyü görünür:

“Çünki son dövrlərdə yaranmış gərginliyin əsas səbəbi məhz devalvasiyadan sonra ödənəcək kredit məbləğlərinin manatla ifadədə kəskin artmasıdır. Bu da müəyyən müzakirələrə gətirib çıxarır. Nə üçün Azərbaycan vətəndaşı xarici valyutada kredit əldə edir? Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Hesab edirəm ki, vaxtın uzadılması ehtimalı çoxdur. Düşünmürəm ki, bir ay ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası konkret qərarlar qəbul edə bilsin. Bu baxımdan vaxtın uzadılması ilə paralel böyük ehtimalla xarici valyutada istehlak kreditlərinə məhdudiyyətlərin gətirilməsi də mümkündür”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları