Yuxarı

İlqar Məmmədovun məhkəməsində qalmaqal

İlqar Məmmədovun məhkəməsində qalmaqal

Mayın 12-də Bakı Apellyasiya Məhkəməsində Respublikaçı Alternativ Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyinin ilkin qeydiyyatının ləğvi ilə bağlı qərardan şikayətinə baxılıb.

REAL-ın icra katibi Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, məhkəmədə İlqar Məmmədov iştirak etməyib:

“Onun məhkəməyə gətirilməsi üçün iddia versək də, təmin olunmadı. O, hələ Şəkidədir. Vəkillər Cavad Cavadov və Xalid Bağırovun kifayət qədər əsaslı çıxışlarına baxmayaraq, iddia qəbul edilmədi. Bu qərardan Ali Məhkəməyə şikayət verəcəyik. Məhkəmədə ən gülməli məqam o idi ki, MSK-nın nümayəndəsi bəyan etdi ki, qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədlinin dedikləri rəsmi mövqe deyil, onun MSK-ya aidiyyəti yoxdur”.

Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Müsavat başqan müavini Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına ilə azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edənlərdən biri də REAL sədri İlqar Məmmədov idi. Aprelin 28-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi təsdiq olunub. Lakin aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi onun barəsində olan hökm qüvvədə saxlayıb. Beləliklə o, rəsmi olaraq seçki hüququnu itirib.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları