Yuxarı

Məmur övladlarına “yaşıl işıq”

Məmur övladlarına “yaşıl işıq”

Hərbi xidmətdən yayınmaq üçün hüquqi baza yaradılır?

Kamran Əsədov: “Qanundan sui-istifadə halları olacaq”

Üzeyir Cəfərli: “Qanuna edilən dəyişiklik yerində və ağıllı bir addımdır” Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Layihə Mili Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, "xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.

Bundan sonra xarici ölkə təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş xarici ölkə təhsil müəssisələri siyahısına ehtiyac qalmır. Yəni bu məsələyə xarici ölkə təhsil müəssisələrindən nazirliyin siyahısına daxil edilməyən istənilən təhsil ocaqlarının da adları şamil edilir. Bəzi ekspertlər qanunvericilikdəki dəyişikliyin geçikmiş olduğunu, bəziləri isə bütün sahələrdə olduğu kimi bu məsələdə də müsbət nəticələrlə yalnız məmurların faydalanacağını düşünürlər. Yəni qanuna edilən dəyişiklik əslində, məmurların öz mənafelərinə hesablanmış bazadır və bundan yararlanacaq olanlar da elə onların özləri olacaq.

Bu qanundan sui-istifadə ediləcək...

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində bu çox gözəl təşəbbüsdür. Amma bu qanundan sui-istifadə hallarına yol verənlərin də olacağı istisna olunmur:

“Bu məsələ çoxdan gündəmə gəlməli idi. Dünya praktikasında elə bir sistem yoxdur ki, dövlət qurumu tərəfindən universitetlərin siyahısı müəyyənləşdirilsin. Azərbaycan hansı dövləti tanıyırsa, onunla qarşılıqlı müqavilə imzalayıbsa, bütün sənədləri qarşılıqlı tanınır və eyni qüvvəyə malikdir. Xarici təhsil üçün Azərbaycanın 2007-2015-ci il üçün proqramı var. Orada hansı universitetlərə maliyyə yardımı ayrılması ilə bağlı konkret siyahı var. Azərbaycanda elə bir siyahı yox idi ki, kiminsə xarici universitetdə təhsil almasi ilə bağlı sənədi yoxdursa hərbi xidmətdən azad edilsin. Sadəcə olaraq, Sərhəd Xidməti və başqa qurumlar təhsil alan şəxsin oxuduğu yerə baxırdılar və ona hər hansı maneçilik yaradırdılar. Təhsil Nazirliyi tərəfindən yalnız siyahıya salınan universitetlərin adı tanınacaq anlamı doğru yanaşma deyil.

Bu gün Azərbaycan tələbələri xaricdə gedib təhsil alırlar və qayıdıb gələndə nazirlik onlara qanunsuz problemlər yaradır. Hər bir ölkənin təhsil müəssisələrinin özünün daxili muxtariyyəti var. Təhsil Haqqında Avropa Konvensiyası var. O konvensiyada da göstərilmir ki, Avropada hər hansı bir universitet Azərbaycan tərəfindən tanınmır və onları hərbi xidmətdən azad etmir. Təhsil sahəsinin bütün pillələrində oxuyanlar təhsil aldıqları müddətdə hərbi xidmətdən azad olunmalıdırlar. Təəssüf ki, Azərbaycan bunu etmədi. Magistratura və doktoranturada təhsil alanlar hərbi xidmətdən azad edilmədilər. Biz demirik ki, ümumiyyətlə hərbi xidmətdən azad olunmalıdırlar. Sadəcə bu proses şəxsin təhsil aldığı müddətdə olmalıdr.

İkinci Dünya müharibəsində Sovet hökuməti təhsil alanların hamısını hərbi xidmətdən azad etmişdi”. Ekspert qeyd edib ki, qanuna ediləcək dəyişikliklərdən sui- istifadə edənlər də olacaq: “Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdə elə universitetlər var ki, insanlar gedib o təhsil ocaqlarından əyani oxumaq barədə sənəd gətirirlər və 4 il müddətdə hərbi xidmətdən yayınırlar. Belə neqativ hallar var. Amma əsas məsələ odur ki, Təhsil Nazirliyi və bütün orqanlar təhsil mane olmamalı idi”.

Məmur övladlarının 80 min dollarlıq təhsili...

Kamran Əsədəvun dediyinə görə, qanun hansı tərəfə fırladılsa belə məmurların qanundan kənar müstəsna səlahiyyətləri var:

“Hətta onlar dəfələrlə cinayət törətsələr belə normal vətəndaşın cinayət törətməsi ilə müqayisədə onların cəzaları daha çox cəzasız qalır. Bu gün Azərbaycan məmurlarının övladları dünyanın ən aparıcı universitetlərində təhsil alırlar. Amma bitirə bilmirlər. Mən 2007-2015-ci il proqramının statistikasına baxdım. Təsəvvür edin ki, təhsil haqqı 30 min dollardan yuxarı olan universitetlərdə təhsil alırlar. Halbuki onların həmin ölkənin tərzinə görə qalma, yaşama xərcləri ayda 50 min dolara başa gəlir. 5 il ərzində dövlət onları maliyyələşdirir, amma bünövrədən ibtidai təhsilləri olmadığından universiteti bitirə bilmirlər. 

Sonda gəlib nəticə etibarilə Azərbaycan universitetlərinə köçürmə və ya başqa yollarla diplom əldə edirlər. Bu gün necə oldu ki, xaricdə təhsil paketi özünü doğrultmadı. Buna səbəb böyük faiz göstəricisi ilə məmur övladlarının təhsil almalarına görədir. Ona görə də bu qanun qəbul ediləndə məmur övladları bundan sui-istifadə edəcəklər kimi narahatlığa əsas yoxdur.

Onlar necə lazımdırsa istifadə edirlər. Təkcə Gürcüstanın bir binasında 14-15 universitet fəaliyyət göstərir. Məmurlar bu mənada öz əlaqələrindən istifadə etməklə övladlarını müəyyən müddətə hərb xidmətdən azad edəcəklər. Ümumilikdə isə qanunvericilikdə məmurlar və sadə vətəndaşlar arasında ciddi nəzərə çarpan fərqlər var”.

Bürokratik əngəl kimlərə xidmət edəcək?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, qanuna edilən dəyişiklik yerində və ağıllı olan bir addımdır. Ona görə ki, indiyədək Təhsil Nazirliyi əslində dövlətçilik mövqeyindən çıxış etmək əvəzinə bəzən çox süni problemlər yaradırdı:

“Bu yaxınlarda 2 saylı İnzibati İqtisad Məhkəməsində çox maraqlı bir olay yaşanmışdı. Azərbaycanlı bir gənc Ukraynada təhsil alıb və diplomu da əldə edib. Azərbaycan Silahlı Qüvvələrində xidmət edib gələndən sonra gənc diplomunun tanınması ilə bağlı Təhsil Nazirliyini məhkəməyə vermişdi. Nazirliyin əməkdaşı məhkəmə heyəti və zalda iştirak edənlərin qarşısında inadkarlıq nümayiş etdirdi.

Gəncin vəkili isə bildirdi ki, belə çıxır Ukrayna və Azərbaycan arasında bir-birinin təhsil sisteminin tanınması ilə bağlı qərar, təşkil elədikləri bir komissiyanın səlahiyyətlərindən də aşağı alınır. Azərbaycanlı gənclər Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrdə rəsmi qeydiyyatdan keçən ali təhsil ocaqlarında təhsil alırlarsa onlara möhlət hüququnun verilməsi mütləq lazımdır. Ola bilsin ki, həmin təhsil müəssisəsinin adı Təhsil Nazirliyinin siyahısında omasın . Dövlət başçısının bu addımı həmin o bürokratik əngəli aradan götürdü və mən bunu alqışlayıram. Azərbaycan gənci 35 yaşına qədər harda təhsil alırsa alsın, öz ölkəsinə xeyir verirsə bu sevindirici haldır.

Bu gün Lomonosov adına Moskva Dövlət Universitetində xeyli azərbaycanlılar var ki, orada hələ də qalıb savadlarına görə pedaqoji fəaliyyətləri ilə məşğuldur. Hesab edirəm ki, qəbul edilmiş sənəd həmin gənclərə rahat şəkildə təhsil alıb, sonra da konstitusiya ilə vətən qarşısında borcunu yerinə yetirməyə zəmin yaradacaq. Valideynlər Təhsil Nazirliyində hansısa məmurların qəbuluna düşürdülər. İndi bu baryer də aradan götürüldü”.

Ekspertin fikrincə, qanunların sərt şəkildə çalışılmasına nail olunmalıdr:

“Kimliyindən asılı olmayaraq, sadə vətəndaşdan tutmuş yüksək çinli məmura qədər qanunlar sərt şəkildə hamı üçün eyni işlənilməlidir. Azərbaycanda hamı bərabərdir. Əgər vətəndaşımız hansısa bir ölkədə təhsil alırsa o ölkəni təmsil edən qurum və ya səfirliklərimiz bu barədə məlumatlar əldə etməlidir və rahat şəkildə Təhsil Nazirliyinə verməlidir. Əlaqəli şəkildə işləmək lazımdır. O ki qaldı məmur övladının xaricdə təhsil almasına, əsas odur ki, o boş-boş veyllənməsin və başımızı aşağı salacaq işlər görməsin. Yaşı tamam olanda isə hər bir vətəndaşın borcu kimi gəlib hərbi xidmətdən keçməlidir. Sonra harada yaşamaq istəyirsə azaddır. Düşünmürəm ki, bundan hansısa məmurlar sui istifadə etsinlər. Hər haldas təqdir olunası bir addımdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları