Yuxarı

“Bakı Sığorta”dan qanunsuzluq

“Bakı Sığorta”dan qanunsuzluq

Azərbaycanda sığorta sistemindəki boşluqlar cəmiyyəti narahat edən məsələlərdəndir. Sığorta şirkətləri ilə vətəndaşlar arasında qalmaqallar səngimək bilmir. Avtomobil sahiblərilə sığorta şirkətləri arasında mübahisə daha çox qəzada dəyən ziyanın vaxtında həll edilməməsi məsələsi zamanı yaranır.

Dəfələrlə Bakıda fəaliyyət göstərən sığorta şirkətlərindən minlərlə vətəndaş şikayətləri gəlir. Bu qurumun sistemsiz və qüsurlu fəaliyyətindən narazı qalan vətəndaşlar günlərlə süründürməçilikdən və işin geçikdirilməsindən təngə gəliblər. Bu mənada artıq vətəndaşların sığorta şirkətlərinə heç bir inamı qalmayıb.

Xəbər verdiyimiz kimi, iyun ayının 17-də Şamxal Kərimova məxsus avtomobil ani bir qəzaya məruz qalıb. Belə ki, binanın önündə saxlanılan avtomobilin arxa şüşəsinə yuxarı mərtəbədən ağır əşya düşüb və şüşə zədələnib.

Avtomobilin təmir olunmasına cavabdeh olan “Bakı Sığorta” işi nəzarətinə götürsə də, artıq 5 gündür ki, avtomobilin təmir olunub-olunmadığı barədə işə nəinki etinasız yanaşır, hətta bu barədə məlumat vermir. Məsələ ilə bağlı “Bakı Sığorta”nın səlahiyyətli nümayəndəsi qeyd olunan hadisədə ziyan dəymiş avtomobilin 7 gün ərzində təmir edilib təhvil veriləcəyini bildirsə də, işin gedişatından bu prosesin uzanacağı istisna deyil. Məsələ burasındadır ki, qeyd etdiyimiz fakt əsasında avtomobilə dəyən ziyanın aradan qaldırılmasını çox tez bir zaman ərzində həll etmək mümkündür. Yəni avtomobilin yalnız bir hissəsinə ziyan dəyibsə, onun təmir edilməsinə günlərin sərf olunmasına gərək yoxdur. Məsələdə söhbət əgər bu avtomobildən gedirsə, arxa şüşənin təmir edilməsinə o qədər vaxt getmir. Yəni bunun üçün günlərlə təmir yox, bəlkə də bir saat vaxt kifayət edər ki, məsələ tam həllini tapsın. Amma sığorta qanunlarında və həyata keçirilmə mexanizmlərində boşluqların olması bu işlərin dalana dirənməsindən xəbər verir. Faktiki olaraq sığorta şirkətləri vətəndaşların get-gələ salınmasında maraqlıdırlar və bunun da özünəməxsus səbəbləri var.

Bəzi ekspertlərin fikrincə, sığorta şirkətləri müəyyən məqamlarda dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Bu zaman sığorta şirkətləri bəzən müqavilədə göstərilməyən halları bəhanə gətirərək müştəriləri süründürür.

Göründüyü kimi, hər iki tərəfin fakt üzrə öz iddia və ittihamları var. Son illərin təcrübəsi göstərir ki, belə hallarla mübarizə aparılsa da, lazımi effekt vermir. Halbuki, Avropa ölkələrində bu sistem saat dəqiqliyilə problemsiz işləyir. Ümid edirik ki, Şamxal Kərimovun da üzləşdiyi bu problem saat dəqiqliyi ilə həll olunacaq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları