Yuxarı

Azərbaycan terrorun hədəfində

Azərbaycan terrorun hədəfində

Sülhəddin Əkbər: “Ölkəmizdə terror təhlükəsi yüksəkdir”

Ərəstun Oruclu: “Terror siyasi sifarişdir və özbaşına yayılmır”

Türkiyə kimi milli və daxili təhlükəsizliyə önəm verən, təhlükəsizlik strukturları inkişaf etmiş ölkənin hava limanında terror aktı baş verir. Nəticədə onlarla insan həyatını itirir, 150-yə yaxın insan yaralanır. Bu hadisə o ölkədə baş verir ki, buranın təhlükəsizlik stukturları uzun illərdir terrorizmlə mübarizədə təkmilləşib və ən yüksək səviyyədə inkişaf edib. Həmçinin Türkiyənin təhlükəsizlik orqanları baş verəcək terror aktını əvvəldən üzə çıxarıb ifşa etmək əməliyyatlarının da öhdəsindən lazımınca gəlir. Yəni İstanbulda baş vermiş son terror aktı kimi hallara təhlükəsizliyi və digər sektorları aşağı səviyyədə olan üçüncü sinif ölkələrdə rast gəlinir.

Bəs Azərbaycanda bu hadisənin baş verməsi nə dərəcədə realdır, təhlükəsizliyimiz hansı səviyyədə təşkil olunur? Sahə mütəxəssisləriylə suala cavab tapmağa çalışdıq. “Azərbaycanda terror təhlükəsi var”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Cebhe.info-ya bildirib ki, terror aktlarının nə zaman, harada baş verəcəyini əvvəldən bilmək o qədər də asan məsələ deyil. S.Əkbər qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində belə bu kimi hallara tez-tez rast gəlinir: “Fransa, İsrail, ABŞ, Böyük Britaniya və İspaniyada biz bunun şahidi olmuşuq. İkincisi, terrorizm assimetrik bir hədəfdir, artıq qloballaşıb. Terrorizmlə mübarizədə ilk növbədə inkişaf etmiş kəşfiyyat xidmətinə, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var. Əks halda bununla mübarizə problemli bir məsələ olaraq qalacaq. Tarixi təcrübə də göstərir ki, terrorizmlə mübarizə bir ölkənin gücünü aşan məsələdir, xüsusilə hansısa terror təşkilatının daxildə geniş şəbəkəsi varsa. Azərbaycana gəlincə, dəfələrlə qeyd etmişəm ki, ölkəmizdə də terror təhlükəsi yüksəkdir. Buna görə də, təhlükənin qarşısını almaq üçün tədbirlər görülməlidir. Düzdür, Azərbaycan anti-terror koalisiyasında iştirak etmir, amma onu da nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız Əfqanıstan, İraq və Suriyada müxtəlif terror təşkilatlarının tərkibində döyüşürlər. Zaman-zaman bir sıra ölkələrin xüsusi xidmət orqanlarına bağlı olan terror təşkilatları Azərbaycanı təhdid edirlər. Bu baxımdan Azərbaycanın Türkiyə ilə müttəfiq, sıx münasibətdə olduğunu nəzərə alsaq, xüsusi xidmət və hüquq mühafizə orqanları ayıq-sayıq olmalıdırlar”.

“Sığortalanmamışıq”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, politoloq Ərəstun Oruclu Cebhe.info-ya digər ölkələr kimi Azərbaycanın da terrordan sığortalanmadığını deyib. Lakin Ə.Oruclu hesab edir ki, Azərbaycanda təhlükəsizlik tədbirləri Türkiyədən də yaxşı görülür: “Amma terrordan qaçmağın yeganə yolu bu deyil. Dünyanın ən mükəmməl təhlükəsizlik strukturlarına malik olan ölkələr belə terrora məruz qalırlar. Bunun bir çox səbəbləri var. Səbəbin biri budur ki, terror özünü təkmilləşdirib və inkişaf etdirib. Terror digər tərəfdən siyasi sifarişdir və özbaşına yayılmır. Azərbaycan da terrordan sığortalanmayıb. Türkiyə - Rusiya, Türkiyə - İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi kimi adı hallanırsa, demək belə bir təhlükə ola bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları