Yuxarı

AXCP şöbə sədri: “Rektorlar pulu düşünür, keyfiyyət arxa plana keçir”

AXCP şöbə sədri: “Rektorlar pulu düşünür, keyfiyyət arxa plana keçir”

“Son dövrlər, daha doğrusu ölkəmiz müstəillik qazandıqdan sonra respublikamızın, demək lar ki, bütün sahələrində islahatlar keçirilməyə, yeni əsrə, yeni epoxaya doğru inamlı addımlar atmağa başladıq. Çoxsaylı təhsil ocaqları yaradıldı, fəaliyyətdə olan bir çox institutlar universitet statusu aldı və s. Sonra da təhsilimizə yeniliklər gətirmək adı ilə başladılar bu sahəni də şumlamağa. İldən-ilə «uğurlar» əldə edənlər, bu sahədə yeni-yeni “nailiyyətlər” əldə edənlər də oldu. Beləcə də dünya təhsil siteminin müxtəlif fəndlərinin, müxtəlif metodlarının bizim təhsilə inteqrasiyası başladı. Sonra da tərifimiz, xüsusən də təhsil sahəsində əldə etdiyimiz “uğurlar”dan, “nailiyyətlər”dən yazdıqca, eşitdikcə “qoltuğumuz qarpızlanır”, sevincdən az qala tovuzquşu kimi şişirik. Təhsilimizdən yazan, onu təbliğ edən neçə-neçə qəzet və jurnallar açıldı, ictimaiyyətimizin hər bir üzvünə çatdırıldı ki, bəs, görün necə də analoqu olmayan təhsilimiz var”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) şöbə sədri Arif Baxışəlioğlu deyib.

O bildirib ki, təhsildə baş verən bütün neqativ hallar hamını narahat edir: “Lakin son dövrlərdə keçirilən imtahanların nəticələri, eləcə də müəllimlərin təbəqələrə bölünməsi göstərdi ki, 20 ildən çoxdur ki, təhsilimizdə nəinki sıçrayışlı irəliləyişlər olmayıb, nətta bu sahədə böyük bir uçuruma düşmüşük. Və öz-özlüyümdə təhsilimizin indiki duruma düşməsinin əsas səbəblərini analiz edərək bu nəticəyə gəlmək olur. Ali təhsil ocaqlarında (istər dövlət, istərsə də özəl) kəmiyyət ön plana çəkilib. Bunun da başlıca məqsədi ödənişli təhsilin olmasındadır. Yəni ali məktəb rəhbəri, rektor çalışır ki, onun tələbələrinin sayı çox olsun və təhsil ocağının büdcəsinə çox gəlir gəlsin. Belə olan halda təhsilin keyfiyyəti arxa plana keçir və maraq dairəsindən uzaqlaşır. Ali təhsil ocaqlarında tələbat nəzərə alınmır. Nəticədə əksər tələbələr sonda diplom alır və təhsili başa vuranların böyük əksəriyyəti ixtisası üzrə işləmək istəmir, yaxud iş tapa bilmir”.

Şöbə sədrinin sözlərinə görə, elmində inkişaf olmayan xalqın gələcəyi şübhə altındadır: Təhsil sistemində (xüsusən də pedaqoji təhsildə) bu kimi neqativ halların olduğunu sübuta yetirən faktlar mövcuddur. Məsələn, son zamanlar müəllimlərin öz ixtisası üzrə aparılmış imtahanlardan qeyri-kafi qiymət alması məhz ali təhsil ocaqlarının tələbələrə dərs keçməməsindən xəbər verir. Buradan bir sual meydana çıxır: əgər ali təhsil ocağı biliksiz, savadsız müəllimə diplom verərək, orta təhsil ocaqlarına göndərirsə, 4 ildə bu tələbəyə hansı biliyi öyrədib? Deməli, universitetlərin bəzi məzunları ilə inkubasiya cücələrinin arasında heç bir fərq yoxdur. Bəs çıxış yolunu harda axtarmalıyıq? Bu sualın savabı hələ tapılmayıb. Bircə onu demək olar ki, elmində inkişaf olmayan xalqın gələcəyi də şübhə altındadır”.

 





Həftənin ən çox oxunanları