Yuxarı

Uşaqlara kimlər, niyə təcavüz edir?

Uşaqlara kimlər, niyə təcavüz edir?

  vio1pwaH9Hevi6mpage_14-yasindaki-kizi-taciz-eden-17-kisiden-239si-emniyet-sube-muduru-cikti_485950314 Əsrimiz texnologiya, inkişaf, kosmos əsri adlandırılır, amma yaşadığımız əsr bir az da təcavüzçülərin əsri hesab edilir. Son illər nə qədər uşağa təcavüz edilərək öldürüldüyünün fərqindəsinizmi? Bəs nə qədər uşağın təcavüz edildikdən sonra ruhi-psixoloji sarsıntılar keçirərək həyatını çətin şəraitdə yaşamağa məhkum olduğunu necə? Bütün bunlar baş verərkən onlara təcavüz edənlər – pedofillər cəmiyyətdə əlini-qolunu yelləyərək sərbəst gəzdiyini isə çoxumuz bilirik... Beynəlxalq araşdırmalara görə uşaqların ən çox təcavüzə uğradığı zamanlar 4-11 yaş aralığıdır. Təcavüzə uğrayanların 44 faizi 18 yaşdan aşağı olan yeniyetmə və uşaqlardır, 80 faizi isə 30 yaşdan aşağı insanlardır. Təcavüz və cinsi zorakılığın ən yüksək olduğu Amerikada hər 107 saniyədə bir qadın zorlanır. Dünyadakı təcavüz hadisələrinin 68 faizi hüquq-mühafizə orqanlarına bildirilmir. Təxminən 5 zorlama halının 4-də təcavüz edən  təcavüzə uğrayanın tanıdığı insan olur.   Dünyanın zorlanma statistikası dəhşət doğurur Zorlama hadisələrinin çox yaşandığı ölkələrin ilk onluğunu Efiopiya tamamlayır. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə Efiopiyada qadınların təxminən 60 faizi cinsi zorakılığa məruz qalır. Bu ölkədə qızı qaçırıb ona təcavüz edib evlənməyə məcbur etmək çox rastlanan hadisədir. 11 yaşlı qızlar belə zorlanaraq evlənməyə məcbur edilir. Şri-Lankada əhali dövləti ölkədəki təcavüz hadisələrinin səbəbkarı hesab edir. Bu ölkədə qadın məhbuslar mühafizə xidmətinin əməkdaşlarının cinsi zorakılığına çox məruz qalır. BMT-nin hesabatında 9-cu yerdə qərarlaşan bu ölkədə kişilərin təxminən 15 faizi təcavüzə meyl edir. Siyahıda 8-ci yeri Kanada tutur. Ölkədə son bir neçə ildə 3 milyona yaxın təcavüz hadisəsi qeydə alınıb. Bu rəqəm dünyada təcavüz statistikasının təxminən 6 faizinə sahib olmaq deməkdir.  Kanadada hər 3 qadından biri təcavüzə məruz qalır. 7-ci yerdəki Fransada təcavüz 1980-ci ilədək cinayət hesab edilirdi, amma artıq bu hadisəyə görə cinayətə cəlb edilmə ləğv edilib. Bu ölkədə ildə 75 min qadın təcavüzə uğrayır. Siyahının 6-cı pilləsində Almaniya var, bu ölkədə də təcavüz statistikası dəhşət doğurur. Ölkə tarixində  240 min qadının təcavüzə uğradığı üçün öldüyü rəsmi olaraq qeydə alınıb. BMT-nin hesabatına görə ölən qadınlar təcavüzə uğrayanın yalnız cüzi hissəsidir. Zoralama hallarına görə 5-ci yeri İngiltərə tutur. Dünyanın hər tərəfindən turist axını olan bu ölkədə təcavüz faizi də yüksəkdir. Bu ölkədə ildə 85 min qadın zorlanır. Bundan əlavə ildə 400 min qadın da cinsi zorakılığa məruz qalaraq son anda təcavüzdən canını qurtarır. Gözəl təbiətinə, nadir memarlıq incilərinə görə dünyanın mədəniyyət beşiyi hesab edilən Hindistan da təəssüf ki, bu siyahıdadır. Bu ölkə BMT-nin siyahısının 4-cü pilləsindədir. Hər il təcavüz faizi daha da yüksələn bu ölkədə ildə təxminən 25 min təcüvüz hüquq-mühafizə orqanları tərəfindən qeydə alınır, dövlətə bildirilməyən hadisələrin də elə bu qədər olduğu hesab edilir. Araşdırmalara görə Hindistanda hər 22 dəqiqədə bir təcavüz hadisəsi yaşanır. Yaşam səviyyəsinə, əhalinin rifah halına görə çoxumuzun ideal hesab etdiyi İsveç isə ilk 3-lüyə daxildir. Bu ölkə təcavüz hadisələrinin ən sıx rastlandığı ölkələrdən biridir. Araşdırmalara görə hər 4 qadından biri zorlanır. Avropada uşaq və qadınların ən çox təcavüzə uğradığı ölkələrin siyahısına İsveç liderlik edir. Siyahının ikincisi Cənubi Afrikadır. İldə orta hesabla 70 min təcavüz və cinsi istismar halı qeydə alınır. Bu ölkədə ən çox yeniyetmə və uşaqlara qarşı zorlama olur. Təcavüz edənə isə cəmi 2 il həbs verilir. Bu da siyahının lideri Amerika. Bu ölkə dünyada uşaqlara və qadınlara qarşı təcavüz hadisələrinə görə 1-ci yerdə qərarlaşıb. Ölkədə hər 6 qadından biri, hər 33 kişidən biri təcavüzə məruz qalır. Ən dəhşətlisi isə odur ki, təcavüz hadisələrinin əksəriyyətində 5 yaşını tamamlamamış uşaqlar qurban olur. Zorlama hallarının yalnız 16 faizi qeydə alınır.   Azərbaycanın zorlama statistikası da yüksəkdir Daxili İşlər Nazirliyinin  Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə etdiyimiz məlumata görə 2012-ci ildə isə 19 zorlama halı, 12 zorlamaya cəhd, dörd cinsi xarakterli zorakılıq və azyaşlı şəxsə qarşı bir cinsi zorakılıq halı baş verib. Məlumata görə, həmin il 36 seksual qısnama halı da baş verib. Yetkinlik yaşına çatmamış şəxslərin zorlanması ilə bağlı iki hal, azyaşlılara qarşı bir cinsi zorakılıq halı, 109 yetkinlik yaşına çatmamış şəxslərlə cinsi əlaqədə olma və dörd azyaşlı şəxslə əxlaqsız davranma halları baş verib. 2013-cü ildə qeydə alınan 500 cinayətin 1,1 faizi seksual xarakterli - zorlama cinayətləridir. Bundan başqa, həmin il ərzində uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri 4 faiz təşkil edir, bu hərəkətlərə məcburetmə isə 0,1 faiz olub. Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı sadaladıqlarımın fövqündə daha çox - 20 faiz təşkil edir. Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir. Təkcə cari ilin 5 ayında bu cinayətlə bağlı 57 fakt qeydə alınıb. Daxili İşlər Nazirliyi 2014-cü ildə 721 məişət zorakılığı baş verib, ilin birinci yarısında isə zorlama və zorlamaya edilən cəhdlə bağlı 18 hadisə qeydə alınıb. Bu hadisələr zamanı cinayəti törədən 18 nəfər məsuliyyətə cəlb edilib. Cari ilin statistikasını hələ ki, əldə edə bilmədik.   Kişilər niyə təcavüz edir? Təcavüzü insanlığın ən ağır davranışı kimi qiymətləndirən mütəxəssislər hesab edir ki, kişilərin təcavüz istəyi cinsi zorakılıqla başlamır. Bu həddə qədər şəxsdə fərqli formalarda da zorakılıqlar baş qaldırır. Buna misal olaraq psixoloji, istisadi, fiziki zorakılığı göstərmək olar. Bəs niyə  təcavüzü kişilər edir? Bəzi ekspertlər deyir ki, kişilər cinsi istəklərinə nəzarət edə bilmirlər və buna görə cinsi zorakılığa əl atırlar.  Amma psixoloqların qənaətinə görə təcavüz bir kişinin özünü qarşıdakı gücsüzə sübut etmək, “mən güclüyəm” mesajını vermək deməkdir. Psixoloji problemləri olan bir kişi də təcavüz edir, sağlam bir kişi də. Onların ortaq nöqtəsi “güc nümayişi” göstərmək istəyi də ola bilər, pedofiliyaya meylli olmaları da. Qəribədir ki, son illər dünyada, fərqli ölkələrdəki fərqli cəmiyyətlərin başqasının məhrəminə sataşmaq, başqasının qızına, qadınına təcavüz etmək halları getdikcə artır. Əvvəllər müsəlman cəmiyyətlərində demək olar ki, rastlanmayan bu kimi hallar indi adi hala çevrilib. İnsanlar bir-birinin həyatına müdaxilə edir, bəyənmədiyi bir şeyə etiraz edir, etirazına sərt cavab alanda daha qəddar üsullara əl atır. Qonşusu ilə sözü düz gəlməyən qonşusunun qızını zorlayır, arvadı ilə sözü çəp gələn onun qohumlarına zərər verir. Dəhşətli burasıdır ki, qardaş öz bacısına, ata öz qızına təcavüz edir.   Günahkar bir az demokratiya, bir az da cəmiyyətdir Psixoloq Azər Ağazadə deyir ki, ideal cəmiyyət heç vaxt olmayıb, zorakılıq isə həmişə olub. Onun sözlərinə görə cəmiyyətin zəifliyi ancaq ondan ibarətdir ki, bu zorakılığa qarşı mübarizə aparmır: “Güclü cəmiyyət zorakılığa qarşı mübarizə etməlidir. İnkişaf etmiş ölkələrdə də ailə zorakılığı mövcuddur. Amma orada birmənalı olaraq cəmiyyət də, dövlət də bununla mübarizə aparır. Bizdə cəmiyyətdən çox qanunun həyata keçirilməsində problemlər var”. Cəmiyyətin özünün də ailə, məişət zorakılığına qarşı o qədər də mənfi rəy bəsləmədiyini deyən müsahibim bildirir ki, insanlar yalnız müzakirələr zamanı bunun dorğu davranış olmadığını deyir, amma heç kim bunu əməldə hiss etdirmir: “Öldürülən, döyülən, təcavüz olunan fərd haqqında deyirlər ki, yəqin öz günahıdır, heç kimü boşuna döyülməz, filan yerdə neynirdi ki,  zorlanırdı. Bununla da zorakılığın həyata keçirilməsinə bəribaşdan bəraət qazandırırlar”. Müsabibimizdən son zamanlar azyaşlıların təcavüzə məruz qalması və yeniyetmələrin təcavüz etməsi faktlarının çoxalma səbəblərini də soruşduq, dedi ki: “Yeniyetməlik dövrü insanın həyatında ən qəddar bir dövr hesab edilir. Biz həmin dövrdə hələ dərk etmirik ki, ağrı nədir, əzab nədir. Bu dövrlərdə bir çox uşaqlar itə, pişiyə zərər verir. Onların düşüncəsi tam formalaşmadığı üçün o dövrdə onlar üçün hər şey birmənalı olaraq ya qara, ya da ağdır. Birinə təcavüz etmək faktoru da məhz bu kimi düşüncələrin üzərində qurulub”. Müsabibimizdən “Bəs ata niyə öz doğma övladına təcavüz edir?” deyə soruşduq. Dedi ki, bu tamamilə anormal psixoloji vəziyyətdir: Bu cür hərəkəti edən şəxslər yaxşı bilir ki, onları həbsxanada nələr gözləyir,  qanunların hökmünü bir kənara qoyaq, həbsxanalarda başqa cinayətlərdən yatan məhbuslar bu cür cinayətkarlara qarşı çox qəddar münasibət göstərirlər. Əgər bunu bilə-bilə yenə də o hərəkəti törədirsə deməli o sağlam deyil, problemləri var. Demokratiya dediyimiz mövhumun ən mənfi cəhəti də budur ki, bu cür insanlar ruhi-psixoloji dispanserlərdə müalicə almaq yerinə sərbəst cəmiyyətdə gəzir”.   Uşaqlarımızı necə qoruyaq? Ekspertlər deyir ki, valideynlər ən çox 4-11 yaşlarında uşaqlara diqqət etməlidir. Bəs onları necə qorumaq, təcavüzə və hya zorakılığa uğraya biləcəyini necə başa salmaq lazımdır?

  • Uşaqlara yad insanlarla ünsiyyət qurmanın təhlükəli olduğunu başa salın;
  • Zorakılığa məruz qalmağın uşağın günahı olmadığını anladın, çünki bir çox uşaq başına bu kimi hallar gələndə ailəsinə deməyə qorxur, hadisədə özünün də günahkar görüləcəyindən çəkinir;
  • Uşaqlarınızla münasibətinizi təkrar-təkrar gözdən keçirin, lazım olsa peşəkardan da yardım alın;
  • Unutmayın ki, yeniyetmələr və uşaqlar çox vaxt geyimlərinə görə təcavüzə uğrayırlar, ona görə uşaqları yaşlarına uyğun geyindirin, tək olacaqları mühitdə açıq geyimlər geydirməyin;
  • Qız uşaqlarınızı kiçik bir qadın kimi bəzəməyin, ədalı davranışlara, ətir vurmasına izin verməyin.
  Altay Bayramlı  





Həftənin ən çox oxunanları