Yuxarı

Bir il bir yerdə - “Cümhuriyət”... Cebhe.info...

Bir il bir yerdə -  “Cümhuriyət”... Cebhe.info...

Sentyabr Cebhe.info saytı və “Cümhuriyət” qəzeti üçün önəmli aydır. Bir il bundan öncə, sentyabrın 1-də Cebhe.info saytı oxucularla görüşə gəldi. Elə o gündən də “Cümhuriyət”in yenidən nəşrinə hazırlıqlarımız başladı və 12 sentyabrda da qəzetimizin ilk sayı işıq üzü gördü.

***

İndiki media bazarının durumu hər kəsə aydındır. Şərtlərin ağır, baxışların sərt olduğu bu bazarda “oynamaq” çox çətindir. Hər sözün yox, az qala hər hərfin məna daşıdığı məqamda Cebhe.info-nu qurmaq, günün xəbər portalına çevirmək, “Cümhuriyət” qəzetini gündəlik olaraq, yenidən oxucuları ilə görüşdürmək ağır zəhmət hesabına başa gələn iş idi. Bunu zatən bilirdik. İllərin təcrübəsi də göstərirdi, nəyisə sıfırdan qurmaq, oxucu auditoriyası toplamaq, zövqünü oxşamaq, maraq dairəsində olan informasiyanı ona çatdırmaq nə qədər çətindir. Sosial-iqtisadi durumun bu günündə az maaşla, ağır zəhmətlə jurnalistlərin bunu edəcəyi fədakarlıqdır. Ölkənin “söz bazarı”na daxil olmaq, “söz bazarı”nda söz sahibi olmaq üçün günlərini, şəxsi həyatını unutmalısan, vaxtından, özünə aid həyatdan imtina etməlisən.

Saytın yaradılması və qəzetin bərpası oxucu zövqünün, oxucu istəyinin naməlum,  sosial şəbəkələrin “at oynatdığı” bir zamana təsadüf edirdi. Amma sözün məsuliyyəti, mövqe, “Cümhuriyət”in şərəfli tarixi, Cebhe.info-ya olan sevgi bütün bu çətinliklərin arxada qalacağaını deyirdi. Necə ki, dedi!

Köhnə (“Cümhuriyət”in keçmiş əməkdaşları) və yeni dostlarla birgə azad sözün qorunması, yolunu azmışları cəmiyyətə tanıtmaq istəyi, haqq və ədalət bildiklərimizi yazmaq üçün peşəkar bir kollektiv formalaşdırdıq. Bacardıqca etdik və edərik.

***

Zamanında “Cümhuriyət” qəzeti AXCP-nin rəsmi orqanı olub və o zaman AXCP-də Əli Kərimlinin formalaşdırdığı qruplaşmanın – “Yurd”un təzyiqlərini daim öz üzərimizdə hiss etmişik. Onların basqısı, hədəsi hökumətin basqısından az olmayıb. Gah təhdid ediblər, gah hədə-qorxu gəliblər. Hətta hökumətin, ayrı-ayrı nazirliklərin əli ilə bizi susduracaqlarını da deyiblər və ediblər. Məqsədləri isə bizi də özlərinin XORuna qatmaq, Əli Kərimlinin təbliğat ruporuna çevirmək olub. Xəyanət bizi də ortaq etmək olub. Amma xəyanət adamı deyildik və olmadıq. Hələ 95-ci ildən şəxsən bunu bilirdim. Onun üçün qazanc, var, saxta şöhrət hər şeydən üstündür. Vətəndən də, millətdən də, dövlətdən də, liderdən də. Hər kəslə əməkdaşlıq edə bilər, maraqları naminə. Az sonra öz yolundan dönməyəcək. Xəyanət də edəcək, arxadan zərbə də vuracaq. Qaloşlu adam kimi. Bilirdik, deyirdik, inanmayanlar gec də olsa inandılar.

Ona görə də boyun əymədik, nahaq bildiyimiz, ŞƏRİ XEYRİndən çox olan bir kimsəylə əməkdaşlıq etmədik. Əxlaqsız siyasəti qəbul edib, hansısa qazancdan imtina etdik və Elçibəyin yanında olduq. Maddi cəhətdən varlı, mənəvi cəhətdən kasıb Əli Kərimliylə ola da biməzdik. Biz Azərbaycanı sevirdik, biz dövlətimizi sevirdik. Biz hakimiyyət naminə, var-dövlət naminə Əli Kərimliylə ola bilməzdik.

***

Bu gün də AXCP-ni Əli Kərimlidən müdafiə etmək işimizin bir tərəfidir. Cəmiyyətə Əli Kərimlinin AXCP-yə aid olmaması haqqında informasiya təminatçısına çevrilmişik. Bu da bir missiya! Tarix qarşısında, Vətən qarşısında, Azərbaycan qarşısında! “Cümhuriyət”in taleyinə həm də Əli Kərimlinin kimliyini Azərbaycan cəmiyyətinə tanıtmaq yazılıb. Onda da, indi də.

***

Bir il bir yerdə. Qəzetimizin, saytımızın oxucuları ilə bir yerdə olmaq böyük zövqdür.

Peşəkar kollektivimzin əməyini xüsusi qiymətləndirmək lazımdır. Redaktorlarımız, jurnalistlərimiz, texniki heyət hər biri sidq-ürəkdən, vaxta vaxt demədən, iş həyatını şəxsi həyatdan üstün tutmaqla bu yükü birlikdə daşıdıq. Bu da bir illik zəhmət – “Cümhuriyət” və Cebhe.info özünün oxucu auditoriyası olan, media məkanında söz sahibi olan media vasitələrindəndir. İdeyalarımıza sadiqliklə! Bütöv, firavan, demokratik Azərbaycan yolçuluğunda, haqq bildiklərimiz yazmaqla gedirik. Müasirlik və dövlətçilik əbədi missiyamızdır. Bu missiyanı dəyərli dostlarımızla, kollektivimizlə hələ çox illər davam etdirəcəyik.

***

“Cümhuriyət”in Azərbaycanın media məkanında öz yeri var. Həm də öz taleyi var. Azərbaycanımız kimi. Ən çətin dövrlərdə, çəkinmədən, təqiblərdən, təzyiqlərdən qorxmayıb, haqq bildiyini yazıb. Qapadılıb, maliyyə böhranına məğlub olub, amma mövqeyindən geri durmayıb. Nəşrinə imkan verməyib, amma nüfuzunu, mətbuat alımində yerini qoruyub saxlayıb. Ölkə mediası üçün qələmindən od saçan, söz sahibi olan jurnalistlər yetişdirib. Müasir Azərbaycan mediasının bünövrə qoyanlarından biri olub “Cümhuriyət”!

Cebhe.info-da bu yolu gedir. Eyni məktəbdir. İnanıram ki, gələcəkdə, “Cümhuriyət” kimi Cebhe.info haqqında da bu qədər ürəkdən danışılacaq.

***

Bu bir ildə “Cümhuriyət”in, Cebhe.info-nun oxucularla görüşündə öz köməkliklərini əsirgəməyən dostlarımız oldu. “Cümhuriyət”in təsisçisi, AXCP sədri Razi Nurullayev hər zaman yanımızda oldu, dəstəyini hiss etdik. Problemlərlə üzləşəndə müraciət etdik, fədakarlıqla bizi dəstəklədi.

Fədakar cəbhəçi dostlarımız təbliğatımızı apardı, oxucu auditoriaysının formalaşmasında yanımızda oldular.

Bir zaman bir yerdə işlədiyimiz və baş redaktorumuz olan Yadigar Məmmədli qəzetimizin uzun sürən fasilədən sonra yenidən oxucularla görüşməsində bizə dəstək oldu.

Dəyərli siyasətçilər, millət vəkilləri, ekspertlər (adlarını çəkməsəm də, qəzetimizi, saytımızı izləyənlər bilir) hər zaman sorğularımızı cavablandırdı, dəyər verdilər.

Oxucularımız adından da, kollektivimiz adından bu bir ildə bizə dəstək verən dostlarımıza minnətdarlıq edirik, təşəkkürlərimizi bildiririk.

***

Milli məfkurənin möhkəmlənməsi, bütöv və güclü Azərbaycan quruculuğunda yolumuz açıq olsun!

Rafael Becanov

"Cümhuriyət" qəzetinin baş redaktoru





Həftənin ən çox oxunanları