Yuxarı

Ağlar günə qalmış Ağcabədi təhsili

Ağlar günə qalmış Ağcabədi təhsili

Rayon rəhbərliyi məktəbi təmir yox, mediaya təzyiq edir Sarıcalı kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir “Oxumaq, oxumaq, qəbr evinə qədər oxumaq!” deyib sevgili peyqəmbərimiz. Məhz elə bundan sonra bütün dünyada müsəlman olub imana gələnlərin əksəriyyəti elm öyrənməyə başlayıb, öyrənib və öyrədiblər… Məhəmməd peyğəmbərin elm haqqında söylədiyi kəlamlar qədim Odlar diyarının sakinlərindən də təsirsiz ötüşməyib.Yəni, müqəddəs hədisi kəlamlar ulu babalarımızı elmə aparan yollarda mayak olub, işıq saçıb. O zamandan oxumağı, təhsil almağı imandan-dindən bilmişik… Ancaq təəssüf ki, bugünümüzdə təhsilin önəmini dərk etməyənlər də var. Sizə Ağcabədi rayonunun ürək dağlayan, “dağ boyda” problemindən danışacam. Rayonun Sarıcalı kənd orta məktəbindən… Çatlamış divar, uçuq tavan, dağılmış döşəmə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş, şəhid Elşən Uluxanovun adını daşıyan Sarıcalı kənd orta məktəbi tamamilə qəzalı vəziyyətə düşüb.Divarlar çatlayıb, döşəmələr sökülüb, tavan isə hər zaman uçma təhlükəsindədir.Lakin buna baxmayaraq hər səhər Azərbaycanın gələcəyi olan fidan balalar əldə çanta bu binaya elm, təhsil arxasınca gəlir.Uçuq-sökük sinif otaqlarında sınıq-salxaq parta arxasında oturub oxuyub yazırlar. Əlbəttə ki, bu nəqədər çətin olsa da… Həmin məktəbin naəlac müəllimlər isə böyük fədakarlıqla həyatları bahasına olsa belə, öz işlərini icra edir, Azərbaycanı ziyalı gələcəklə təmin etmək uğrunda mübarizə aparırlar. Təhlükə mənbəyinə çevrilmiş bina 1937-ci ildə kolxozun inzibati binası kimi inşa edilib. Lakin zaman keçdikcə məktəb istifadəyə yararsız olan binada yerləşib.1993-cü ildən kənd orta məktəbinin dərsləri tədris edilir.Binanın kiçik olması səbəbindən 2001-ci ildə kənd sakinləri xarici təşkilatlarla birgə əlavə sinif otaqları tikdiriblər.Lakin yenə də 321 nəfər şagirdi olan məktəbdə sinif catışmazlığı ucbatından şagirdlər 2 növbəli dərs sistemində həftənin 6 günü təhsil almaq məcburiyyətindədirlər. Halbuki, bu gün diqqətdən kənarda qaldıqlarını deyən kənd sakinləri 1978-ci ildən- 1993-cü ilədək rayonun ən böyük məktəb binasında təhsil aldıqlarını deyirlər. Torpaqların işğalı zamanı kəndə gələn məcburi köçkünlər onların təhsil müəssisəini zəbt etdikdən sonra yenidən bu məktəbə möhtac qalıblar.Məktəbdə məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən yeni mənzillərlə təmin olunublar.Hazırda ikimərtəbəli uçuq-sökük məktəb binasında cəmi 3 ailə qalır. Özü də ağır şəraitdə... Həmin ailələr isə evlə təmin olunarlarsa, məmnuniyyətlə, binanı tərk edəcəklərini deyirlər.Ondan sonra cəmi bir məsələ qalır, binanı əsaslı təmir etdirib Sarıcalı kəndinin fədakar müəllim və şagird kollektivinə vermək. İcra hakimiyyəti çəkilişə mane olub Kənd sakinləri sözügedən problemlə bağlı KİV-lərin yerli nümayəndələrinə məlumat verib.Onların dadına isə ilk olaraq “Lider” televiziyasının Qarabağ bölgəsi üzrə əməkdaşları çatıb.Həmkarlarımızın valideynlərin xahişini nəzərə alıb çəkiliş aparmaq istəyi öncə məktəb rəhbərliyi tərəfindən normal qarşılanıb.Sonra rayon İcra Hakimiyyətindən gələn zəng direktorun həm rəngini, həm də fikrini dəyişdirib.Belə ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva direktora zəng edərək televiziya işçilərinin oradan qovulmasını tapşırıb.Məktəb direktorunun havadarlıq elədiyi bir qrup şəxs “yuxarıdan” gələn tapşırığı yerinə yetirməyə çalışsa da bacarmayıb. Necə deyərlər, qorxudan qaralmış məktəb drektorunun yanında “üzüqara” çıxıblar... Maraqlıdır, görəsən rayon icra hakimiyyətinin bu jestə məcbur edən səbəb nədir? Axı, Sarıcalı kənd sakinləri övladlarının keyfiyyətli təhsil almasından, yaxşı, təmirli məktəbdə oxumasından, dövlətə, dövlətçiliyə yararlı bir vətəndaş olmasından başqa heç nə tələb etmirlər. Bundan başqa, görəsən rayonun yüksək kürsülərində əyləşən “cənabların” media işçilərini görməyə gözləri niyə yoxdur? Yeri gəlmişkən, yaxın günlərdə “Lider” TV-nin əməkdaşlarına edilən kobudluğun daha qaba formasını hələ aylar öncə mənə qarşı eləmişdilər. Rayonun Hindarx qəsəbəsində yerləşən məktəbin binasında yanğın baş verərkən ora gələn rayon rəhbəri Şahim Məmmədovun göstərişi əsasında birinci müavin Rövşən “ağa” və bir neçə yüksək rütbəli polis əməkdaşları qollarımı buraraq kameramı əlimdən almışdılar. Və məni Şahim Məmmədovun “hüzuruna” apardılar. “Möhtərəm başçı” üzümə baxıb bir neçə təhqiramiz ifadələr işlədərək məni “xarici xüsusi xidmət orqanlarına işləyən agent” kimi qələmə verdi... Sonra bayaq yuxarıda adını qeyd etdiyimiz xanım müavin gözümün içinə baxıb ondan rüşvət tələb etdiyimi iddia elədi. O məsələni unutduq getdi... Bəs onda görəsən, işlərinə müdaxilə etmək isdədiyiniz televiziya əməkdaşları hansi xidmət orqanlarının əməkdaşları idi ki, üstlərinə hücum çəkdirdiniz?! Gəlin, bir düşünək, görək, xarici xüsusi xidmət orqanlarının məqsədlərinə uyğun işləyən kimdir?Bizim işimiz Sarıcalı kəndinin məktəb problemini ictimailəşdirilərək lazımi dairələrə çatdırmaqdır ki, kəndin təhsil səviyyəsi daha da yüksəlsin.Siz isə bunun ictimailəşdirilməsi məsələsinə qarşı çıxırsınız.Yəni sizin kölgə salmaq isdədiyiniz işə biz işıq salmaq istəyirik. Maraqlıdır, eləmi?.. Elgün Gəncimsoy, Ağcabədi  





Həftənin ən çox oxunanları