Yuxarı

Arif və Leyla Yunusun işi yenə məhkəmədə

Arif və Leyla Yunusun işi yenə məhkəmədə

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə kassasiya şikayətlərinə baxılacaq. Bunu Cebhe.info-ya vəkil Elçin Sadıqov deyib. O qeyd edib ki, proses hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək: “Leyla Yunusun Cinayət Məcəlləsinin 178.3.2, 192.2.2, 213.2.2, 320.1, 320.2-ci maddələri ilə, Arif Yunusun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2015-ci il dekabrın 9-da olan qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 2016-cı il oktyabrın 26-da saat 11:00-a təyin edilib. Məhkəmə iclası Ali Məhkəmənin binasında keçiriləcək”. Xatırladaq ki, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus 2015-ci il avqustun 5-də tutulub. O, 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirli bilinirdi. Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Yunus 7 il azadlıqdan məhrum edilib. Arif Yunus noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin məhkəməyə göndərilmiş vəsatəti əsasında məhkəmə zalından azad olunub. Onun barəsindəki həbs qətimkan tədbiri başqa yerə getməmək tədbiri ilə əvəz olunmuşdu. Leyla Yunus 2015-ci il iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım azadlıqdan məhrum edilib. Dekabrın 9-da Bakı Apellyasiya məhkəməsi Leyla Yunusu 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxıb. Qeyd edək ki, 2016-cı ilin aprel ayında Leyla və Arif Yunuslar Azərbaycanı tərk edərək Hollandiyaya gediblər. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları