Yuxarı

“Şou”ya çevrilən övladlığa götürmə

“Şou”ya çevrilən övladlığa götürmə

 

Azərbaycanda övladlığa götürmə prosesində sərt qaydalar mövcuddur. Bəzən dövlətdən himayəsinə uşaq götürmək istəyən ailələr minbir əziyyət çəkir, çətin prosedurlardan keçmiş olurlar. Bu proses illərlə davam etdiyindən məsələdən yan keçənlər də olur.  Nəticədə isə açıq şəkildə məsələnin həlli üçün “hörmət” məbləği işə salınır. Bir müddət əvvəl sığınacaqlara uşaq götürmə ilə bağlı müraciət edən ailələrə “yox” cavabı verilmirdi.

Təbii ki, qarşılığında müəyyən məbləğ tələb edilməsi  və digər sənədləşmə prosesi ilə bu məsələ baş tuturdu. Sonradan isə bu məsələyə müəyyən qədər sərt qadağalar qoyuldu və uşaq sığınacaq rəhbərləri ələ keçəcəklərindən ehtiyatlanaraq, açıq bazarı qismən də olsa, dayandırmağa başladılar. Mütəxəssislərin dediyinə görə, Azərbaycanda övladlığa götürmə prosesi ciddi alver mənbəyinə çevrilib ki, məhz sərt qaydaların kökündə də elə bu durur. Hətta övlad götürmək istəyən ailələr bu “sərt” qaydaların  önündə dayana bilmir və bi fikirdən imtina edirlər.

Övladlıq tələb edən şərtlər... Biznes və alver prosesinə keçid...

Məsələ ilə bağlı fikirlərini “Cümhuriyət” qəzetilə bölüşən vəkil Müzəffər Baxışov Ailə Məcəlləsinə görə övladlığa götürmənin qaydalarından danışıb. O deyib ki, Azərbaycanda övladlığa götürmə alverə çevrilib: “Övladlığa götürmə Ailə Məcəlləsinin müddəaları ilə tənzimlənir. Övladlığa götürülənlə övladlığa götürən arasında ən azı 16 yaş fərq olmalıdır. Övladlığa götürmə bir qayda olaraq ər-arvad tərəfindən həyata keçirilir. Yəni, qanun bunu tövsiyə edir. Övladlığa götürənin özünün səhhəti uşağa baxmağa imkan verməlidir. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xəstəliklərin siyahısı var ki, bu xəstəlik daşıyıcıları olan şəxslər övladlığa uşaq götürə bilməzlər.  Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazsisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyininrayon (şəhər) qeydiyyat şöbələri) qeydə alındıqdan sonra yol verilir. Bundan əlavə bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla,qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılıolmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları,valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir”.

Tək qadın və ya kişi övlad götürə bilərmi?

Hüquqşünasın dediyinə görə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) razılığı əsasında yol verilir. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir: “Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda) və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları (Azərbaycan Respublikasının vətəndaşı olan uşağın AzərbaycanRespublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü hallarda) iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdətutulmuş xüsusi icraat qaydasında baxılır.Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir”.

Tək qadın və ya kişinin övladlığa uşaq götürməsi məsələsinə toxunan Müzəffər Baxışov qeyd edib ki, tək qadın və ya kişi uşaq götürə bilər. O halda ki, əgər ər, arvad özünün nikahdan olmayan uşağını və ya arvadının, ərinin uşağını övladlığa götürə bilər: “Azərbaycanda belə hallar çoxdur. Tək qoca nənələr var ki, pensiyaya görə məhkəməyə saxta sənəd verərək, öz nəvələrini övladlığa götürürlər. Nənə dünyasını dəyişəndə nəvə onun pensiyasını götürür. Hətta tək qadın və ya tək yaşayan kişi hər hansı bir övladı özündən 16 yaş kiçik olmaqla övladlığa götürə bilər”.

“Şou” vəziyyətə gətirilən övladgötürmə...

Hüquqşünas əlavə edib ki, övladlığa götürmədə nə qədər sərt qaydalar olsa, bir o qədər yaxşı olar. Çünki bu qaydalar insan alverinə qarşı mübarizədir: “Bu məsələlər əslində nə qədər sərt olsa, daha yaxşıdır. Burada uşaqların mənafeyinə görə üsullar tətbiq olunur. Övladlığa götürmə əslində uşaqlara xidmət etməlidir. Azərbaycanda təəssüf ki, belə deyil, burada hər şeyin mahiyyətini dəyişirlər. Övladlığa götürməni biznes, alver mərkəzi ediblər. Yenə təkrar edirəm, qoca nənədir, heç başı əsmir. Aparır məsələn, 5 manat verir hakimə və nənəsini övladlığa götürür ki, sabah o öləndə pensiyasını nəvəsi götürsün. Bu məsələnin mahiyyətinə uyğun deyil. Əgər o uşağın ata-anası sağdırsa, uşağını saxlaya bilirsə, bu nə deməkdir? Qanun deyir ki, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Ona görə də Azərbaycanda bütün məsələləri “şou” vəziyyətinə saldıqlarına görə, övladlığa götürməni də “şou” vəziyyətinə gətiriblər”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları