Yuxarı

İş dəftəri, yoxsa əlavə yük?

İş dəftəri,  yoxsa  əlavə yük?

Hər fənnin xüsusi iş dəftəri: vacibdir ya israf?

Elnur Bayramov: “Təbii ki, problem və çətinliklər də olacaq”

Sevinc Hüseynova iki məktəbli uşağın valideynidir. Müsahibimiz məktəbdə tədris olunan tədris materiallarından narazılıq edir. Bildirir ki, 2 və 3-cü sinifdə oxuyan uşaqları dərsi qavramaqda çətinlik çəkir, tapşırıqları həll edib çatdıra bilmir, buna görə də həmişə narahat və aqressiv olurlar. Valideyn uşaqların dərs yükünün azaldılmasını tələb edir.

Ötən il 3, bu il 5 manata

Əslində Sevinc Hüseynova kimi yüzlərlə valideyn bu məsələdən narahatdır, çünki uşaqların tədris ləvazimatları günü-gündən artırılır. İş dəftərlərinin sayı hər il çoxalır, əlavə test vəsaitləri artır.

Məlumat üçün qeyd edək ki, 2016-2017-ci tədris ilinin başlanğıcında iş dəftərlərinin tədrisdən yığışdırıldığı barədə xəbərlər yayıldı. Sosial şəbəkələrdə bu mövzu ətrafında xeyli müzakirələr aparıldı. Ziyalı və ya orta təhsilli olmasından asılı olmayaraq valideynlərin hamısı iş dəftərlərinin əleyhinə olduğunu yazırdı.

Şikayətçi valideyn Sevinc Hüseynova deyir: “Uşaqlarımın hər ikisi iş dəftəri ilə işləyir. Dərs ili başlayanda dedilər ləğv edilib, elə sevindik ki. Həm onlar rahat olar, həm də biz. Çünki onların səhərdən axşama kimi dərs içində eşələnməsini istəmirəm, uşaqlıqlarını yaşamırlar. Çox yüklənirlər dərslə. Hər fənnin həm adi tapşırıqları olur, həm də iş dəftəri üzrə. Müəllimə dedik bəs nazirlik yığışdırıb axı iş dəftərlərini, dedi ki, yığışdırılıb, amma böyük və kiçik summativ qiymətləndirmədə iş dəftərində verilmiş tapşırıqlar salınır testə. Ona görə də seçim valideynə buraxılır, istəyirsən al, istəmirsən alma”. Müsahibimiz deyir ki, əvvəl iş dəftərlərini almaq istəməyib: “İki uşağın hərəsinə orta hesabla 7-8 iş dəftəri alınmalıdır, dəftərlərin birinin qiyməti də təqribən 4-4.50 manat civarındadır. Ümumilikdə 100 manata yaxın pul edir. Mən məktəbli formasına, çantaya, ayaqqabıya, ləvazimatlara onsuz da külli miqdarda pul xərcləyirəm, iş dəftərlərinə xərcləmək istəmədim. Üstəlik, keçən il 3 manata aldığımız iş dəftərləri bu il 4.50-5 manat olub. Amma gördüm ki, sinifdə hamının iş dəftəri var, onlar işləyəndə mənim övladım boş oturur, ya da şəkil çəkir. İstəmədim ki, övladım seçilsin, geri qalsın. Aldım dəftərlərin hamısını. Yəni deməyim odur ki, elə şərait yaradırlar ki, özümüz istəyirik alaq”.

Nazirlik: “Müəllim məcbur edə bilməz”...

Təhsil Nazirliyindən isə bildirirlər ki,  dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas və ən vacib tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər. Nazirlikdən bildirirlir ki, dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin olunur.Ancaq bununla belə müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər  tədris resurslarından da istifadə etməkdə sərbəstdir və əslində bunu etməlidir.

Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər.

Açıqlamada həmçinin bildirilir ki, müəllimlərin valideynlərdən iş dəftərlərinin almağı tələb etməsi də şagirdlərin xeyrinədir. Belə ki, müəllim tərəfindən tədris prosesində istifadə edilən istənilən tədris resursları şagird üçün əlçatan olmalıdır. Başqa sözlə, verilən tapşırıqlar (misal, məsələ, çalışma, əlavə material və s.) ya dərslikdə əks olunmalı, ya müəllim tərəfindən işçi vərəqlərdə şagirdlərə paylanmalı, ya lövhədə yazılaraq təhsilalana çatdırılmalı, yaxud da şagirdin öz istəyi ilə könüllü olaraq aldığı iş dəftərində olmalıdır. Müəllim tapşırıqların verilməsi üçün tədrislə bağlı internet resurslardan da istifadə edə bilər. Bu zaman da yenə həmin resursların şagird üçün əlçatan olması prinsipi əsas götürülür. Açıqlamada xüsusi olaraq bildirilir ki, şagirdin istifadəsində olmayan hər hansı vəsaitdən istifadə edilməsi və ya onun alınmasına məcbur edilməsi tədris-metodik baxımdan yolverilməzdir.

Qeyd edək ki, Təhsil Nazirliyi iş dəftərlərinin qiymətinə müdaxilə etmir. Dərsliyin yaradıcısı olan nəşriyyatlar dərsliyə uyğun iş dəftərləri hazırlayırlar və satışa çıxarırlar. Satış qiymətləri nəşriyyatlar tərəfindən müəyyənləşdirilir. Bildirilir ki, valideynlər tərəfindən iş dəftərlərinin alınması qətiyyən məcburi deyil, könüllü xarakter daşıyır: “Valideynlər öz maddi vəziyyətlərini nəzərə alaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, flomaster, karandaş, albom, bloknot və s.) iş dəftərlərini də ala bilərlər. Əlbəttə, dərsliyə uyğun iş dəftərlərindən istifadə tədris prosesinin effektivliyini daha da artırır. Lakin bir daha vurğulayırıq ki, iş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır".

Psixoloq: “Şagirdlər bacardığı qədər yüklənməlidir”

Psixoloq Elnur Bayramov da tədris olunan fənlərdə iş dəftəri, test kitabları və digər əlavə materiallar alınması və işlənilməsi məcburi olmadığını deyir, amma hesab edir ki, yeni təlim proqramları və kurrikulumun tətbiqi ilə məhz hər bir şagirdin bilik və bacarıqlarını gücü catacaq səviyyədə öyrənə biləcəyi nəzərdə tutulur: “Məhz kurrikulum təhsil sistemi şagirdyönümlü bir sistemdir. Şagirdin tədrisdə əziyyət çəkməsi ilə bağlı olan məsələdə isə müəllim məktəbin psixioloqu ilə məsləhətləşməli, şagirdin bacardığı qədər tapşırıq verərək onun inkişafını izləməlidirlər”.

Müsahibimiz deyir ki, müasir tədris şagirdyönümlü olduğu üçün onların müstəqil fikir yürütmələrinə, fikirlərini aydın ifadə etmələrinə yönəlib: “Təbii ki, problem və çətinliklər də olacaq, amma proses inkişaf etdikcə çətinliklər aradan qalxacaq. Müasir təhsil uşaqları inkişaf etdirir”.

Lalə Mehralı





Həftənin ən çox oxunanları