Yuxarı

Saxta diplomlu məmurlar

Saxta diplomlu məmurlar

 

Təhsilə vulqar münasibət dəyişəcəkmi?

Sərdar Cəlaloğlu: “Hətta elmlər doktoru, elmlər namizədi kimi elmi adlar da saxta yollarla alınır”

Əjdər Ağayev: “Yaxşı olar ki, onlar vəzifəyə təyin olunmazdan öncə diplomları  yoxlanılsın”

Məmurların saxta diplom məsələsi tez-tez gündəmə gələn mövzulardandır. Bu gün Azərbaycanda saxta diplomla işləyən kifayət qədər vəzifə sahibləri var. Bəzi məmurlar üçün Kiyev, Dərbənd kimi şəhərlər “diplom bazarı”na çevrilib desək, yanılmarıq. Hətta bir müddət əvvəl TQDK-nın sədri Məleykə Abbaszadə öz açıqlamasında bildirmişdi ki, ölkədə 30 mindən artıq saxta diplom var. Ancaq çox təəssüf ki, bu günədək saxta diplom sahiblərinin adı cəmiyyətə açıqlanmır.

Sanki dövlət sirri kimi qorunub saxlanılır. Məlumdur ki, hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Bəzi məmurlar var ki, vəzifə sahibi olandan sonra onlar diplomsuz qohum-əqrəbasını da hansısa vəzifəyə təyin etmək istəyir. Bu zaman saxta diplom almaq vəziyyətdən optimal çıxış yolu olur.

“Ordan-burdan köçürməklə müdafiə edirlər”

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün Azərbaycanda təkcə ali təhsil diplomları saxta deyil: “Hətta Azərbaycanda elmlər doktoru, elmlər namizədi kimi adlar da saxta yollarla alınır. Bu adı alanlar ordan-burdan köçürməklə müdafiə edirlər. Bu, ümumiyyətlə, Azərbaycanda təhsilə vulqar münasibətlə bağlıdır. Hakimiyyətdə olanların qohum-qardaşlarının hamısı yüksək səviyyəli elmi dərəcə alıb. Bununla da özlərinin gələcəklərinı bir növ qarant altına alırlar. Vaxtilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev demişdi ki, nazirlərin hamısı elmlər doktorudur, görəsən, onlar, nə vaxt müdafiə ediblər?! Yoxlasaq Azərbaycanda verilən diplomların 99.9 faizi saxta və ordan-burdan köçürmədir”.

“Hökumət qərar verməlidir”

Təhsil şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələnin təhsil prosesinə, təşkilinə və təhsilin inkişafına heç bir aidiyyətinin olmadığını bildirib: “Bu, sadəcə bir qrup insanın saxtakarlığıdır. Yaxşı olar ki, bu adamlar hansısa vəzifəyə təyin olunmazdan əvvəl sənədləri qəbul olunanda diplomların yoxlanması zərurəti yaransın. Bu gün xarici ölkələrdən müxtəlif sahələr üzrə saxta diplom almaq halları çoxalıb. Yaxşı olardı ki, işə qəbul zamanı təqdim olunan diplomlar dəqiq yoxlanılsın. Bu cür halları vaxtında aşkarlamaq lazımdır. Bu gün xaricdə təhsil alan insanların diplomları Təhsil Nazirliyi tərəfindən yoxlanılır. Diplomunu təqdim edən şəxsin hansı ölkədə təhsil alması, sərhədi neçə dəfə keçməsi, harada qaldığı, qiymət cədvəlini, hətta jurnaldakı adını öyrənəndən sonra dəqiqləşir və onu tanıyır.

Fakt ortadadır. Qalır onlara necə münasibət göstərilməsi. Əlbəttə, bu, hökumətin işidir. Pedaqoji sahənin mütəxəssisi kimi tövsiyə edərdim ki, bu şəxslər nə təhsil müəssisələrini aldatsın, nə də milləti. Nəticənin necə olmasına qanun çərçivəsində hökumət qərar verməlidir. Saxtakarlığa alışmış adam bu yolla başqa işlər də görməyə meyllidir. Burda bir məsələ də var ki, alan qədər satan da günahkardır. Bu insanlar xaricin saxta diplomlarına meyllənməkdənsə, öz universitetlərimizin təhsil yolunu seçsinlər. Hökumət bu işi elə qurmalıdır ki, bu cür hallara yol verilməsin”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları