Yuxarı

İqtidarın “Mahmudov sindromu”

İqtidarın  “Mahmudov  sindromu”

 

Sabiq nazirin həbs olunmaması təhlükəli presedent yarada bilər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş başçısı Eldar Mahmudovun Bakıda bağlanılmış obyektlərinin fəaliyyətə başlaması barədə məlumat yayılıb. Mahmudovun “don”unun açıldığı obyektləri arasında məşhur şərab dükanları var. Keçmiş MTN “şef”i istefaya göndərildikdən sonra Nəriman Nərimanov və “İnşaatçılar” prospektlərindəki şərab mağazaları bağlanılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri və şəhərin digər yerlərindəki obyektləri fəaliyyətlərini bərpa ediblər.

Eldar Mahmudovun istefaya göndərilməsi ilə MTN daxilində qurduğu cinayətkar şəbəkəsinin işlətdiyi cinayətlər açıldı. Polkovnik İlqar Əliyev və general Akif Çovdarov kimi simaların yer aldığı şəbəkəyə rəhbərliyi də Mahmudov edirdi. İstintaq İlqar Əliyev və Akif Çovdarovu cinayət məsuliyyətinə cəlb edib, həbsinə qərar versə də məlum olmayan səbəblərdən dolayı Eldar Mahmudov hələ də azadlıqdadır. MTN “şef”inin də həbs olunacağının gözlənildiyi vaxt, biznes fəaliyyətini bərpa etməsi sübut edir ki, o, cinayət məsuliyyətinə cəlb olunmayacağı və həbs edilməyəcəyi ilə bağlı qarantiya alıb.

Məmurlar üçün mənfi presedent

İşlədiyi cinayətləri demək olar ki, qeyri-rəsmi formada sübut olunsa da həbs edilmək əvəzinə Eldar Mahmudova azadlıqda öz biznesini genişləndirmək imkanının verilməsi mənfi presedent yaradacaq. Bu hökumət strukturlarında qeyri-qanuni fəaliyyətlərlə məşğul olanların sayını artıra bilər. Vaxtilə keçmiş iqtisadiyyat naziri Fərhad Əliyev və “Azpetrol”un sabiq rəhbəri Rafiq Əliyev korrupsiya və rüşvət ittihamlarıyla həbs olundular. Həbsdə olarkən əfv ərizəsi yazdılar və azadlığa buraxıldılar. Bu kimi nümunələrdən belə çıxır ki, istənilən dövlət adamı, yaxud məmur, nazir cinayət işləyə bilər və hansısa öhdəlik qarşısında əfv oluna bilər. Eldar Mahmudov məsələsi isə tamamilə fərqlidir. Fərhad Əliyev və digərilərindən fərqli olaraq, keçmiş MTN “şef”i işlədiyi cinayətlərə baxmayaraq azadlıqdadır və fəaliyyətinin genişləndirilməsi üçün əlavə nəfəslik verilib. Bu, siyasi sistemdəki məmurlara pis örnəkdir. Hər halda Mahmudovun ağır cinayətləri qarşılığında azadlıqda yola davam etməsi, sistemdəki qeyri-şəffaf fəaliyyət mexanizmini bir qədər də qatılaşdıracağı gözləniləndir.

MTN məsələsi bitib?

Eldar Mahmudovun həbs olunmasının əvəzinə biznesinin genişləndirilməsinə yaradılan şərait başqa bir məsələdir. Bu o deməkdir ki, müəyyən dairələrdə MTN məsələsi bitmək üzrədir və Mahmudov həbs olunmayacaq. Bu bir neçə amillə izah oluna bilər, gələn məlumatlarda da bu ehtimallar özünü doğruldur. Hesab olunur ki, Eldar Mahmudovun azadlıqda qalması və biznes fəaliyyətinə davam etmək müqabilində ölkədən çıxardığı milyardlarla dollar (90 milyard dollar çıxardığı iddia olunur) pulu geri qaytarmaq barədə razılaşıb. MTN ətrafında vəziyyət qarışan kimi ölkədən çıxan oğlu Anar Mahmudovun bir müddət əvvəl ölkəyə qaytıması da bundan xəbər verir. Hesab olunur ki, A.Mahmudov həmin pulları geri qaytarmaq üçün Azərbaycana gəlib. Mahmudov 90 milyardı geri qaytarır və azadlıqda qalır. Qeyd olunur ki, keçmiş MTN “şef”inin bərpa olunan biznesinin başına Anar Mahmudov keçib. Ev həbsində olan atasının fəaliyyətini çöldən o idarə edəcək.

Beynəlxalq Bank vasitəsilə milyardları kim çıxarıb?

Gələn məlumatlara görə, istintaq MTN cinayətlərini Akif Çovdarov və Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlayacaq. C.Hacıyev məsələsi artıq bitdi. Beynəlxalq Bank vasitəsilə ölkədən çıxarılan dövlət pulları və banka ayrılmış maddi vəsaitlərin mənimsənilməsi Cahangir Hacıyevin üzərində qaldı və bu ittihamlar əsasında 7 il azadlıqdan məhrum olundu. Beynəlxalq Bank məsələsində o fakt da müəyyən vaxtlarda dilə gətirildi ki, Cahangir Hacıyev təkcə bu banka ayrılan pulları mənimsəməyib, həmçinin müxtəlif səviyyədə və yüksək çinli dövlət adamlarının ölkədən qeyri-qanuni yollarla pul çıxarmalarına yardım edib. Eldar Mahmudovun da bu dövlət adamları içində yer alması şəksizdir.

Hacıyev Mahmudovu necə ələ verdi?

Keçmiş bank rəhbəri özünə qarşı olan ittihamları yumşaltmaq və alacağı cəzanı azaltmaq üçün müxtəlif manevrlər etdi. Məhkəmə proseslərindən birində Cahangir Hacıyev DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov məsələsinə toxundu. Bildirdi ki, Hacı Məmmədov işində ondan 20 milyon manat pul istənilib. Konkret ad çəkmədi. Əlbəttə, əsas diqqət Məmmədovun əsas rəqibi Mahmudova yönəldi. Məlumdur ki, Eldar Mahmudov MTN rəhbəri seçilənədək dövlət adamları, sahibkarlar və zəngin iş adamlarından şantaj və təhdid yollarıyla pulların alınması işinə Hacı Məmmədov baxırdı. Mahmudov MTN-nin başına keçər-keçməz əməliyyat keçirdi və rəqibinin cinayət əməllərini ifşa edərək həbs etdirdi. Məhkəmədə diqqəti bu məsələyə çəkən Cahangir Hacıyev dolayı yolla başa salmaq istədi ki, cinayət törədib, lakin bunu öz iradəsi altında etməyib, təzyiq altında görməyə məcbur olub.

Beynəlxalq Bank və MTN cinayətlərinin əsas təşkilatçısının Eldar Mahmudov olmasının əsas detalı Cahangir Hacıyevin maliyyə naziri Samir Şərifova qarşı irəli sürdüyü ittiham idi. O, S.Şərifovun da pulların mənimsənilməsindəki rolundan danışdı. Bu ittiham da Eldar Mahmudova yönəlik idi. Çünki MTN və Eldar Mahmudov cinayətlərinin üzə çıxmasında maliyyə nazirinin rolunun olması iddia olunur. Bildirilir ki, məsələni ilk dəfə məhdud çərçivədə gündəmə gətirən Samir Şərifov olub. Düzdür, Cahangir Hacıyevin Samir Şərifovu hədəfə gətirmək istəyi Eldar Mahmudovun ondan qisas almaq cəhdi idisə, digər tərəfdən bu, keçmiş MTN “şef”inin cinayət məsuliyyətinə cəlb olunmasında tutarlı səbəb olmalıydı.

Çovdarov keçmiş “patron”unu ələ verə bilər?

Hazırda MTN məsələsi bitməyib və Akif Çovdarov dindirilir. Çovdarov və Cahangir Hacıyev cinayət işində Eldar Mahmudovun adını çəkmədi, buna görə məsələnin üzdə görünən hissəsi rəhbər tutularaq, cinayət məsuliyyətinə cəlb olunmur. Cahangir Hacıyev Mahmudovu “satmadı”, Akif Çovdarovun da indən sonra sürpriz edərək keçmiş “şef”ini ələ verəcəyi inandırıcı deyil. Şəbəkənin işlədiyi cinayətlərin ən xırda detallarını bilən keçmiş həmkarı İlqar Əliyevin acınacaqlı aqibəti və müəmmalı intiharı Akif Çovdarova susması üçün yetərli səbəbdir.

Milyardlar geri qaytarılarsa...

Təsadüfi deyil ki, Eldar Mahmudovun dondurulmuş biznesinin fəaliyyətə başlaması da Cahangir Hacıyevə hökmün oxunmasından dərhal sonraya təsadüf edir. Akif Çovdarov məsələsi də bitmək üzrədir. O da hələlik tutarlı faktlar vermir və mümkün qədər müxtəlif bəhanələrlə istintaqdan yayınmağa çalışır. Bütün MTN cinayətləri İlqar Əliyev öldüyü üçün hələlik Akif Çovdarovun üzərindədir. Cahangir Hacıyev və İlqar Əliyevdən sonra Eldar Mahmudov cinayətlərinin növbəti qurbanı Çovdarov olacağı şübhəsizdir.

Nəzərə alsaq ki, istər C.Hacıyev, istər A.Çovdarov, istərsə də İ.Əliyevin cinayət fəaliyyətlərini E.Mahmudovun təzyiqləri altında görməsi barədə ittihamlar var və ölkədən çıxarılan pullar hələ ki, geri qaytarılmayıb, bu da keçmiş MTN “şef”inin ən azından yaxın vaxtlaradək, bu maddi vəsaitlər geri qaytarılanadək həbs olunmayacağı ehtimalını yaradır. Təhlükəsizlik üzrə ekspertlər Eldar Mahmudovun gələcək taleyinin bu pullara bağlı olduğunu istisna etmirlər.

Ekspertlər bu fikri onunla izah edirlər ki, işlədiyi cinayətlərdə tərəf müqabillərinin onu ələ verməməsi, “dondurulmuş” biznesinin fəaliyyətinə başlanılmasına yandırılan “yaşıl işıq” və həbs olunmayacağına verilən qarantiya pulları geri qaytarması üçün verilən şirnikləndirici vəddir.

Əfqan