Yuxarı

QHT-lərə açılan “pəncərə”

QHT-lərə açılan “pəncərə”

Prezident fərmanı nəyi dəyişəcək?

Hikmət Hacızadə: “Bu, xarici maliyyə və analitik mərkəzlərinin tələbi idi”

Mirvari Qəhrəmanlı: “Fərman şəffaflığın təmin olunması üçün imzalanıb”

Azərbaycan Respublikası Prezidenti“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərman imzalayıb. Fərmanda göstərilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilməsi qərara alınıb.

Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunub.

Prezidentin QHT-lərlə bağlı imzaladığı fərmanı Cebhe.info-ya şərh edən, uzun müddət xarici donorların maliyyə yardımı ilə layihələr həyata keçirən politoloq Hikmət Hacızadə bildirib ki, bu sənəd maliyyə məsələlərindən irəli gəlib. Onun sözlərinə görə, fərman xarici malliyyə və analitik agentliklərin tələbi idi: “Sona qədər əməl etsələr, bu fərmanın yaxşı tərəfləri çoxdur. Xarici maliyyə və analitik agentliklərinin tələbi idi ki, bu məsələ asandlaşdırılsın və şəffaflaşdırılsın. Əgər bunlar olmasa, onda Azərbaycanın reytinqini aşağı salacaqlar və Azərbaycan kredit ala bilməyəcək”.

“Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin” rəhbəri Mirvari Qəhrəmanlı isə qeyd edib ki, fərman şəffaflığın təmin olunması üçün imzalanıb: “Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə imzalanıb”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları