Yuxarı

Bakıda “səssiz terror”

Bakıda  “səssiz terror”

 

Ölüm cəmi 2 nəfəsdə gəlir

Zeynal Məmmədli: “Bütün dünyada medianın əsas dayağı kiçik və orta səviyyəli biznesdir”

Havaların soyuması ilə dəm qazından ölüm təhlükəsi də artmağa başlayıb. Hətta havaların daha erkən soyuması dəm qazı kabusunun daha tez gəlməsi ehtimalını artırıb. İl ərzində dəm qazından ölüm hallarının artması narahatlığı bu sahədə maarifləndirmə səviyyəsinin də aşağı olması, təhlükəsizlik tədbirlərinin görülməməsi ilə şərtlənir. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyi hər il sosial çarxlar, bildirişlər vasitəsilə əhalini  qazdan ehtiyatlı davranmağa səsləyir, ancaq bu çağırışların ölüm faizinə təsiri o qədər də hiss edilmir.

Arayış: Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.

4-cü sıradakı ölüm

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara  daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.

Ölüm: 2-3 nəfəsdə

İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.

Ən çox ölüm məkanı: hamam

Mütəxəssislər bildirir ki, əsasən qapalı mühitdə tələb edilən havalandırma sistemi çalışmadıqda, istifadə olunan qaz cihazının üzərində tüstü bacası normalara cavab vermədikdə dəm qazının otaq daxilində qalma ehtimalı yüksək olur. Dəm qazından zəhərlənmə və ölüm halları əsasən vanna otaqlarında baş verir. Vanna otağına yayılan dəm qazı qısa müddətdə insana təsir göstərmək imkanına malikdir. Mütəxəssislər deyir ki, mövcud sanitar normalara görə həmin otaqlarda ventilyasiya kanalları nəzərdə tutulmur. Buna görə də otaqda dəm qazının qalma ehtimalı dəyərləndirilərək nəfəsciklər vasitəsilə bu təhlükə uzaqlaşdırılmalıdır. Ancaq insanlar havanın soyuq olduğunu əsas gətirərək bundan da imtina edirlər ki, nəticədə xoşaglməz vəziyyətlə üzləşənlərin sayı artır. Otaqdakı oksigen azalır, onun yerini isə tərkibində dəm qazı da olan  yanmış qazlar tutur. Bu qazlar isə insan həyatına son verməyə qadirdir.

Detektor alın, əgər pulunuz yoxdursa...

Bəzi məlumatlara görə, əhaliyə verilən qazın təzyiqi aşağı olduğu üçün onun tərkibinə xüsusi maddə vurulur və faciəli sonluğa da məhz bu maddə səbəb olur. Fövqəladə Hallar Nazirliyi və SOCAR bu iddiaları rədd edir.  Dövlət qurumlarının məlumatına görə, qazdan zəhərlənmələrin əsasən havanın dəyişdirilmədiyi yerlərdə, xüsusən hamam otağında baş verməsinin öz səbəbi var. Vanna otağında isti su açılan zaman havanı sıxışdırır. Eyni zamanda, qış aylarında rütubət olduğu üçün yanmış qazların tüstüsünün bacalardan çıxmasına maneə yaranır. Bu da ölüm riskini artırır. Mütəxəssislər belə otaqlarda qaz cihazlarından istifadəni məqsədəuyğun hesab etmirlər. İstifadə edildiyi təqdirdə isə hava daxil olmasına şərait yaratmaq üçün qapının altında boşluq buraxılması vacibdir. Bundan başqa tüstü bacası vaxtaşırı olaraq yoxlanmalıdır.  Təhlükəsizliyi təmin etmək üçün dəm qazı üçün detektorlardan istifadə etmək də məsləhət görülür. Bu detektorlar otaqda olan dəm qazını müəyyən edir və xəbərdarlıq siqnalı verir. Ancaq müşahidələr göstərir ki, bu detektorların varlığı barədə əksəriyyətdə heç bir məlumat yoxdur.

Ölüm necə gəlir?- Anbaan

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənməni əlamətləri ilə müəyyən etmək mümkündür.Yünqül dərəcəli zəhərlənmə zamanı  küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaşaxma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə və qusma, görmə və eşitmə hallusinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü, qan təzyiqinin artması müşahidə olunur.  Orta ağır dərəcədə isə əlamətlər fərqlənir. Bu zaman yuxululuq, hərəkətin məhdudlaşması özünü göstərir. Ən təhlükəli olan ağır dərəcədə huşun itməsi,qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması müşahidə olunur və bunun ardınca ölüm gəlir.

Xəstəyə ilk yardım

Həkimin sözlərinə görə, ilk tibbi yardım olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar. Amma ən çox müşahidə olunan zərərçəkmişin özündə olmaması olur. Bu zaman təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır. Bu, şəxsin huşunun qayıtmasına səbəb olar. Otaqdakı digər şəxslərin də zəhərlənməməsi üçün otağın qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək lazımdır.

Həyatınızı 25 manata qoruyun

Həkim bildirir ki, adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi markalı əleyhqazlardan istifadə edilir. Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir.

Amma bunlar hadisə baş verdikdən sonra məsləhət görülənlərdir. Ona qədər isə kiçik bir diqqətlə həyatınızı “dəm qazı” adlı kabusundan qurtara bilərsiniz. Unutmayın ki, dəm qazı ilə zəhərlənmə “səssiz gələn ölüm” də adlandırılır. Əgər otaqda sarımsaq qoxusuna bənzər qoxu hiss edirsinizsə, gözləriniz yanırsa, məkanda dəm qazı var. Dərhal pəncərələri açın, qazı söndürün, otaqdan çıxın. Dəm qazını yaradan səbəbi tapıb aradan qaldırın. Əgər dəm qazını müəyyən etməkdə özünüzə güvənmirsinizsə, detektora güvənin. Ancaq bazarlarda aparılan müşahidələr göstərir ki, ötən il 12 manata təklif edilən detektor indi 25 manatdan aşağı satılmır. Amma inanın ki, həyatınz buna dəyər.

Sevil Ağazadə

 





Həftənin ən çox oxunanları