Yuxarı

Hökumət işsizliyi ört-basdır edir

Hökumət işsizliyi  ört-basdır edir

 

Akif Nəsirli: “Xalqa ölkə iqtisadiyyatının davamlı inkişafı haqqında saxta statistika sırıyırlar”

Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr aylarında paytaxt Bakıda və regionlarda tikintisi başa çatmış yeni zavod və müəssisələr barədə məlumat açıqlayıb. Komitənin məlumatına əsasən Bakı şəhərində iri qabaritli transformatorlar və yeni “Ağdağ” gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı tikilərək istifadəyə verilib.

Həmçinin ilin eyni dövründə İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su-Elektrik Stansiyası, Qəbələ rayonunda “Qafqaz Tufandağ Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə ölkədə 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlərin tikintisi başa çatdırılıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi  2016-cı il mayın 20-də açıqladığı məlumatda bildirilir ki, bu ilin I rübü ərzində ölkədə 48 min yeni, o cümlədən 42 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 64,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 25 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 73,8 faizi regionların payına düşüb.

Daimi iş yerlərinin 7,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 30,4 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 61 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb. Komitənin məlumatına görə, 2014-cü ilin yanvarın 1-dən 2016-cı ilin aprelin 1-dək Azərbaycanda ümumilikdə 291,1 min olmaqla 238,2 min daimi iş yerləri yaradılıb. Bundan başqa, komitədən qeyd edilib ki, 2016-cı ilin I rübündə ölkədə 14,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 78,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,4 faizi fərdi sahibkarlıq subyektlərinin, 15,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 21,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar iləəlaqədar bağlanıb.

Qeyd edək ki, ötən ildən xarici şirkətlərin Azərbaycandan getmə tendensiyası nəzərdən qaçmayan məqamlardan biri oldu. Belə ki, son 1 ildə ölkədə xarici şirkətin nümayəndəliyinin ləğv olunması intensiv hal alıb. Məsələnin aktuallığını nəzərə alaraq bu ilin sentyabrında “Cümhuriyət” qəzeti Vergilər Nazirliyinə sorğu ünvanlamışdı. Sorğuya cavab olaraq Aparat rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyevbildirib: “2015-ci ildən hazıradək Azərbaycan Respublikasında tam xarici investisiyalı 760 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bunlardan da 291-i xarici şirkətin filial və nümayəndəlikləridir. Həmin dövrdə tam xarici investisiyalı 105 kommersiya qurumunun dövlət qeydiyyatı ləğv edilib. Bunlardan da 69-u xarici şirkətlərin filial və nümayəndəlikləridir”.

Həmçinin bu günlərdə Dövlət Statistika Komitəsi Azərbaycanda işsizlərin sayını açıqlayıb. Məlumata görə, 2016-cı il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,8 min nəfər olub, onların 37,9 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 247,3 manat olub.

Bundan əlavə son bir il ərzində ölkədə fəaliyyət göstərən 13 bankının,yüzlərlə valyutadəyişmə məntəqəsi, sığorta şirkətləri də fəaliyyətini dayandırıldı. Bağlanan obyekt və müəssisələrin siyahısını uzatmaq da olar. Komitə siyahıdakı müəssisələri yeni açılmış iş yerləri kimi cəmiyyətə təqdimetsə də reallıqda mənzərə başqadır. Hətta mütəxəssislər də bu qənaətdədirki, təqdim olunan göstəricilər ziddiyyətlidir. Ciddi araşdırmalar nəticəsində də müəyyən oluna bilər ki, bu müəssisələr real iş yerləri hesab oluna bilməz.

“Vətəndaş real həyatda “çiçəklənən Azərbaycan”ı görə bilmir”

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan hökumətinin işsizliklə bağlı son 20 illik statistikası özünü doğrultmur: “Bu da Azərbaycan statistikasının bəlasıdır. Hökumət işsizliyi ört-bastır etməkdən ötəri, xalqa, cəmiyyətə ölkə iqtisadiyyatının inkişafının davam etməsini sırımaq üçün saxta statistikadan istifadə edir. Lakin Azərbaycan hökumətinin özünün müəyyənləşdirici testləri var, saxta rəqəmlər bu testlərin qarşısında dura bilmir. İşsizlik aradan qaldırılırsa, iş yerləri açılırsa, sözsüz ki, Dövlət Sosial Sığorta Fondunun gəlirləri və əməkhaqqından ayrılan vergilər də artmalıdır. Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun statistikasına nəzər salsaq son 6 ayda əməkhaqqı ilə bağlı olan gəstəricilər özünü doğrultmur. Əgər iş yerləri, əhalinin məşğulluğu artıbsa, əməkhaqqıdan tutulan gəlir vergisi, sosial sığorta ödənişləri artmalıdır. Bunların heç birində artım yoxdursa, maraqlıdır, o zaman işsizlik hansı formada aradan qalxıb? Belə çıxır ki, yeni işə düzələnlərin hamısı qeydiyyatsız işləyir. Əgər belədirsə, o da statistikaya düşə bilməz. Bu rəqəmlərin havadan yazıldığını sübut etmək çox asandır. Bu statistikanı ekspertin yox, istənilən jurnalistin araşdırması ilə alt-üst etmək mümkündür. Saxta statistika vətəndaş cəmiyyəti institutularının da işinə ciddi maneələr törədir. MDB ölkələri sırasında da var ki, vətəndaş cəmiyyəti institutları ölkə statistikasına istinad edir. Amma Azərbaycanda tərsinədir, yəni vətəndaş cəmiyyəti institutları özləri ayrıca statistika aparmaq məcburiyyətində qalır. Hətta vətəndaş cəmiyyəti institutlarının statistikasını dövlət statistikasından daha mötəbər sayırlar. Bir vaxtlar İqtisadi Tədqiqatlar Mərkəzi paralel olaraq ölkədə inflyasiyanın ölçülməsi layihəsini həyata keçirdirdi. Dövlət Statistika Komitəsinin nəticələri ilə onların tərtib etdiyi statistika arasında böyük fərq var idi. Hökumət statistikadan siyasət kimi istifadə etməyə son qoymalıdır. Nə qədər ki, statistika siyasətə qarışır Azərbaycan dövlət statistikasının saxta rəqəmlərini eşitmək məcburiyyətində qalacağıq. Azərbaycan hökuməti düşünür ki, ictimai rəyə təsir edə bilir. Hökumət ölkədə belə rəy formalaşdıra bilir ki, iqtisadiyyat inkişaf edir, işsizlik aradan qalxır. Amma elin gözü tərəzidir. Əgər vətəndaş həmin statistikanı öz həyatında hiss etmirsə, rəqəmlərdəki “çiçəklənən Azərbaycanın” bəhrəsini görə bilmirsə, sözsüz ki, saxta rəqəmin yaratdığı ictimai rəy də siyasətin əleyhinə işləyir. Azərbaycan hökuməti real statistika ortaya qoymağa siyasi iradə göstərməlidir”.

Yeganə Oqtayqızı