Yuxarı

Sərt qış, laqeyd məmurlar

Sərt qış, laqeyd məmurlar

Nazim Bəydəmirli: “Bu qurumlar ancaq dövlət vəsaiti mənimsəməklə məşğuldurlar”

Qış gələr gəlməz problemləri də özü ilə gətirir. Son günlər paytaxt Bakıya düşən yağışlardan nəsibini alan əhalinin problemləri haqqında geniş yazılarımız oldu. Bu gün isə başqa bir problemdən danışacağıq. Belə ki, qış qapını döyməmiş bəzi qurumların fəaliyyətində məhdudiyyətlərin olacağı barədə mediada məlumatlar intensiv hal alıb. Demək olar ki, fəaliyyətində tez-tez məhdudiyyətlər yaranan qurumlar içərisində “liderliyi” "Azəriqaz" İstehsalat Birliyi tutur.

Belə ki, hava soyuyan kimi qurumdan məlumat verilir ki, Bakının filan ərazilərində, filan rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Təbii ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bu qurumlar niyə bütün yayı uzunu fəaliyyətsiz oturub soyuqlar düşən kimi təmirə başlayır? Məhdudiyyətin olması həqiqətənmi deyildiyi kimi qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və sair ilə əlaqədardır? Məgər əhali yayda qaz istifadə etmir? O zaman niyə bu kimi problemlər yay vaxtı aktual olmur? Bəlkə problem bu ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB qarşısında 8 milyon 416 min manat həcmində debitor borcu ilə əlaqədardır? Kimdir müqəssir? Problemlər həllini tapmadıqca bu kimi cavabsız suallar vətəndaşların beynində əsil kabusa dönür...

“Erməni kilsəsinə də keyfiyyətsiz qaz verilir?”

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə məsələnin çox ağrılı yer olmasına diqqət çəkərək bildirib ki, “Azəriqaz” ASC və SOCAR başda olmaqla ancaq vəsait mənimsəməklə məşğuldur: “İstehlakçı olaraq smartkartla əvvəlcədən ödəniş edib qaz almalıyam və o qaz da mənə vaxtlı-vaxtında verilmir, ya kəsilir, yaxud da keyfiyyətsiz verilir. Bu o deməkdir ki, bu qurumlar öz öhdəliklərini yerinə yetirmir. O gün yoxdur ki, yaşadığım mənzilin qazanxanasında avtomatik qapanma işə düşməsin. Ona görə işə düşür ki, qaz ya tamam yoxdur, ya da hava gəlir. Bu isə müəyyən problemlər yaradır. Bu korrupsiyanın miqyası çox böyükdür. Hesab edirəm ki, yay aylarında təmir-təchizatı normal vəziyyətə salmaq əvəzinə soyuq aylarda təmiri ortalığa atmaq bəhanədən başqa bir şey deyil. Ritorik sual verirəm: Görəsən SOCAR-ın Gürcüstanda erməni kilsələrinə verilən qazın da keyfiyyəti belədir? Görəsən Türkiyəyə və ya başqa ölkəyə satılan qaza da hava vurulur?Vətəndaşların kombiləri sıradan çıxmasına səbəb qazın yerinə hava vurulmasıdır. Bunun da bir izahı var, SOCAR və “Azəriqaz” rəhbərliyi işi bacarmır, nəticədə dövlətin onlara etibar etdiyi sahəni bərbad günə salır və əhali arasında dövlətə etibarsızlığı yüksəldir. Hesab edirəm ki, bu sahədə həm yeni kadr, həm də ciddi ölçülər götürülməlidir”.

İqtisadçı bölgələrdəki vəziyyətin də ürəkaçan olmadığını da qeyd edib. Onun sözlərinə görə, bölgələrdə əhaliyə verilən qazın səviyyəsi 50 faizdən aşağıdır: “Necə olur ki, Azərbaycan Avropanın, Gürcüstanın, Türkiyənin enerji təhlükəsizliyində önəmli rol oynamaqları haqqında bəyanatlar verir, SOCAR rəhbərliyi bunları görkəmli fəaliyyət növü kimi qələmə verir, ancaq öz ölkəsinin bölgələrində 50 faizdən çoxunda qaz yoxdur?! Gədəbəy rayonunun 30 faizi qazlaşdırılıb. Ümumiyyətlə, bəzi bölgələrdə qazlaşdırma prosesi dayandırılıb. İldə bir-iki kəndi qazlaşdırmaqla təqribən 100 ildən sonra Azərbaycanda bütün məntəqələrə qaz çəkmək mümkün olacaq. Necə olur ki, Bakıda keyfiyyətsiz və yarımçıq xidmət göstərən bir şirkət Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır? Bu, pafoslu çıxışdan başqa bir şey deyil. Hesab edirəm ki, qaz ixrac edən ölkənin vətəndaşlarının bu şəkildə qazla təminatı utancvericidir. Əgər paytaxt Bakıda qaz təchizatı yoxdursa, o zaman ucqar kəndlərdə yaşan vətəndaşlar haqda nə deyə bilərik? Onların vəziyyəti bizdən daha acınacaqlıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları