Yuxarı

Rayonlar nəzarətə götürüldü: Nazirlik araşdırma aparır

Rayonlar nəzarətə götürüldü: Nazirlik araşdırma aparır

Salyanda yaradılan süni balıq göllərinin ləğvi ilə bağlı xəbər vermişdik. Ölkənin bir çox ərazilərində, xüsusən də Salyanda süni balıq göllərinin ləğv edilməsinin əsas səbəbi nədir?  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev Cebhe.info vasitəsilə məsələyə münasibət bildirib. Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində bəlli olub ki, balıqçılıq təsərrüfatları qanunvericiliyə zidd şəkildə yaradılıb:

“Torpağın təyinatı dəyişdirilmədən qanunvericiliyə zidd olaraq bir çox ərazilərdə balıqçılıq təsərrüfatları yaradılıb. Vaxtilə kənd təsərüfatına  aid olan pambıqçılıq, üzümçülük ərazilərində balıqçılıq təsərrüfatı yaradılıb. Balıqçılıq təsərrüfatı ilə məşğul olmaq üçün ilk növbədə nəzərdə tutulan ərazi betonlanmalıdır ki, ərazidə su sızması olmasın. Lakin təəssüflər olsun ki, respublikanın ayrı-ayrı bölgələri, xüsusən də Salyan, Neftçala, Sabirabadda balıq təsərrüfatı ilə bağlı açıq-aşkar qanun pozuntusu özünü göstərib”.

Bələdiyyə və icra hakimiyyətləri torpağı satdıqda bu torpağın hansı məqsədlə istifadəsinə nəzarət etməlidir. Torpaq təyinatı üzrə istifadə edilməlidir. Satılan torpaqdan digər məqsədlə istifadə edildikdə torpağın təyinatı dəyişdirilməlidir. Torpaq mülkiyyətçiləri yerli icarə müqavilələrinə nəzarət etməyərək bu qanunsuzluğa göz yumub. Nazirlik tərəfindən artıq bu istiqamətdə lazımi işlər görülüb. Qanun pozuntusuna yol verən inzibati şəxslər cərimələnir, onlara göstərişlər verilir. R.Mirzəyevin sözlərinə görə, hər hansı vətəndaş məhsuldarlıq təyinatı üzrə torpaq alıb balıqçılıqla məşğul olur. Bu zaman torpaqda sızma olur, şoranlaşır ki, bu da təsərrüfat sahələrinə mənfi təsir göstərir.

R.Mirzəyev Salyan rayonu ərazisində yerləşən süni balıq göllərinin ləğvinə də münasibət bildirib: “Nəinki Salyan, həmçinin digər rayonlarda primitiv şəkildə yaradılan balıq göllərinin ləğvi ilə bağlı dəfələrlə tədbirlər görmüşük. Aidiyyatı qurumlar, rayon icra hakimiyyətləri və bələdiyyələr qarşısında məsələ qaldırmışıq. Hazırda Salyan ərazisi də nəzarətdədir, ərazidə monitorinqlər aparılır”.  R.Mirzəyev  “Kənd təsərrüfatı torpaqlarının sayını artırmaq istəyiriksə, primitiv şəkildə fəaliyyət göstərən balıqçılıq göllərini ləğv etməliyik”,- deyə bildirib. Nazirlik rəsmisinin açıqlamasına görə, Azərbaycanda 100-lərlə belə qanunsuz balıq gölü var. Xatırladaq ki, qanun pozuntusuna görə, vəzifəli şəxslər 2 min 500 - 3 min 500 manat arasında cərimələnməklə yanaşı eyni zamanda torpağın öncəki vəziyyətə gətirilməsinə görə də məsuliyyət daşıyır.  Məsələ ilə bağlı dəfələrlə Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da telefonlara cavab verən olmayıb.

Nigar Məhərrəm