Yuxarı

Çovdarovun işində adı keçən məmurlar

Çovdarovun  işində adı keçən məmurlar

 

Sabiq general kimlərlə üzləşdirilib?

Kamandar Nəsibov: “Dəfələrlə izahat verilsə də, üzləşmə keçirilmədi”

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında yüksək rütbəli məmurların olduğu deyilir. Hətta bildirilir ki, Akif Çovdarovun işində ittiham tərəfi Eldar Mahmudovun dindirilməsini tələb edə bilər.

Məsələ ilə bağlı  Cebhe.info-ya danışan Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, sabiq generalın  işində heç bir məmur dindirilməyib. Sadəcə Tağı Əhmədovun adı keçib: “Tağı Əhmədovdan başqa heç kimin adı o məsələdə hallanmayıb. Onun özü də heç üzləşməyə gəlməyib. Dəfələrlə izahat verilsə də, üzləşmə keçirilmədi”.

Akif Çovdarovun işində ittiham tərəfinin Eldar Mahmudovun dindirilməsini tələb edə bilməsi məsələsinə gəlincə, vəkil qeyd edib ki, Eldar Mahmudovun bu məsələdə adı keçmir: “Onu necə çağıra bilərlər?”

Vəkil Akif Çovdarovun oktyabrın 25-dın müddətsiz aclığa başlaması məsələsinə də toxunub. O, deyib ki, Akif Çovdarovun səhhəti dünəndən etibarən kəskin pisləşməyə başlayıb: “Çünki yemək yemir, su içmir, dərman da qəbul etmir. Hətta onun tələbi də təmin olunmur. Bu adam deyir ki, səhhəti ilə bağlı onun normal şəkildə müayinə edilməsi təmin olunsun. Deyir ki, Ədliyyə Nazirliyinin təcridxanaya göndərdiyi həkimlərə inanmır. Onlar deyirlər ki, mən sağlamam. Yəni özünün təyin etdiyi həkimlərin iştirakı ilə onun müyinəsi təyin olunsun. Əgər həmin həkimlər də desələr ki, sağlamsan, onunla da razı olacam. Normal, dürüst rəy verilsin və düzgün müalicə yazılsın. Ədliyyə Nazirliyinin səhiyyə işçiləri sağlamlığa ziyan vuran dərmanlar yazmasın. Tələbi uzadılır. Hətta məhkəməyə də ərizə yazmışıq. Məhkəmə həmin ərizəyə cavab yazmır. Ərizədə tələb etdik ki, Akif Çovdarov öz  vəsaiti hesabına “Medical Klinika”da müalicə olunsun. Buna “hə”, “yox” cavabı verilmir. Təcili yardımı çağırmamaq “öl” deməkdir”.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, digər təqsirləndirilənlər Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları