Yuxarı

Polisə əlavə səlahiyyət: Səbəb nədir?

Polisə əlavə  səlahiyyət:  Səbəb nədir?

 

Əsabəli Mustafayev: “Hökumət polis özbaşınalığına hüquqi şərait yaratmamalıdır”

Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, fərmana 4-cü və 5-ci hissələr əlavə edilir. Beşinci hissədə bildirilir ki, Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman- mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edəcək, bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.

Gizli fəaliyyət göstərən “qara bazar”lar

Fərmana əsasən, polisə məhkəmənin qərarı və iştirakı olmadan o səlahiyyət verilir ki, qanunsuz formada təşkil olunmuş mərc oyunlarının qarşısının alınması üçün əməliyyatlar keçirsin. Qanuna dəyişiklik olmamışdan əvvəl bu kimi tədbirlər məhkəmənin qərarı əsasında həyata keçirilirdi. Qanuna dəyişikliyin olunması məsələsinə gəlincə, bu son zamanlarda Bakı və iri şəhərlərdə qanunsuz mərc oyunlarının təşkil olunmasının artmasıyla bağlıdır. “Cümhuriyət”ə daxil olan məlumatlara görə, Bakının N.Nərimanov, (“Gənclik” və “Nərimanov” metrostansiyaları yaxınlığında), Yasamal rayonları ərazilərində fəaliyyət göstərən bir sıra çayxana, çay evləri və kafelərdə qanunsuz mərc oyunları təşkil edilir. Bu kimi yerlərin Mingəçevir, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə də fəaliyyət göstərdiyi bildirilir.

“Əriyən büdcə”yə yeni gəlir mənbəyi

Altı il əvvəl idman mərc oyunları (Topaz) Azərbaycanda leqallaşdırılıb. Milli Məclis idman mərc oyunlarının təşkilinə “Bədən tərbiyəsi və idman haqqında” qanuna 2010-cu il 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsiylə icazə verib. Lakin bu oyunlardan gələn gəlirlərin heç də hamısı digər dövlətlərdə olduğu kimi dövlət büdcəsinə vergi şəkilində daxil olmur. Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq, “qara bazar” da paralel fəaliyyət göstərir və onun real dövriyyəsinin nə qədər olduğu məlum deyil. Ölkədə davam edən total sosial-iqtisadi böhranı nəzərə alsaq, qeyri-leqal bazarda dövrə edən pullar hökumət üçün əlavə itkidir. Mütəxəssislər görə də hökumət strukturları idmanın “qara bazarı”na nəzarəti ələ almaqla, valyuta ehtiyatları sürətlə əriyən büdcə üçün əlavə gəlir mənbəyi qazanmaq istəyir. Hesab olunur ki, polis tərəfindən gizli fəaliyyəti aşkar olunacaq obyektlərin heç də hamısı bağlanılmayacaq. Rüşvət müqabilində “qara bazar”ın öz fəaliyyətini yenə də davam etdirəcəyi istisna deyil.

Məhkəmə sisteminə necə təsir göstərəcək?

Hüquq müdafiəçiləri qanuna edilmiş dəyişiklikdən narahatdırlar. Hesab olunur ki, bu, məhkəmə strukturlarını sıradan çıxaracaq, insanlarda məhkəmələrə insanmsız yaradacaq və polis özbaşınalığına yol açacaq. Lakin bu kimi qanunsuz yerlərdə udulan mərcin pulunun verilməsinin zəmanət olmadığı üçün bu, bir çox hallarda cinayətlərə də yol açırdı. Bir sıra hüquq müdafiəçiləri də bu baxımdan polisin bu məsələdə səlahiyyətinin artırılmasını kriminal hadisələrin qarşısının yerində alınması üçün təqdirəlayiq hal hesab edirlər.

Vəkil Əsabəli Mustafayev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu kimi qərarların sayı artacağı halda bu, məhkəmə sisteminə mənfi təsir edəcək. Ə.Mustafayev bununla belə sözügedən qərarın verilməsinin əhəmiyyətinin olduğunu da istisna etməyib: “Ola bilsin ki, qanunsuz fəaliyyət göstərən obyektlərdə kriminal hadisələrin sayı artdığı üçün polis də məhkəmənin qərarı olmadan yerində reaksiya verə bilmirdi. Əgər bu, qanunvericiliyə uyğundursa, belə bir qərarın verilməsi qorxulu deyil. Biz bilirik ki, Azərbaycanda sui-istifadə halları geniş yayılıb, xüsusilə də polislər bu mövzuda tez-tez gündəmə gəlirlər. Əvvəl hansısa əməliyyat-axtarış tədbiri keçirmək üçün məhkəmə qərarı tələb olunurdu. Lakin polisin belə bir imkanı da vardı ki, əməliyyat keçirdikdən sonra məhkəmənin qərarını alsın. İndi isə birbaşa məhkəmə qərarına ehtiyac olmayacaq. Əgər polisin səlahiyyətləri getdikcə artacaqsa, əməliyyat-axtarış tədbirləri üçün məhkəmə qərarları aradan götürüləcəksə, bu qorxulu tendensiya olacaq. Bu, polis özbaşınalığına gətirib-çıxara bilər.

“Özbaşınalığa hüquqi şərait yaradıldı”

Əsabəli Mustafayev hesab edir ki, belə tədbirlərin Azərbaycan praktikasında böyük əhəmiyyəti yoxdur: “Çünki məhkəmələr belə işlərə, polisin əməliyyat-axtarış tədbirləri üçün müraciətinə formal olaraq baxırdı. Bəzən araraşdırmadan, sənədlər ora çatmamış əməliyyatlar keçirilirdi, müraciətlər köhnə tarixə yazılırdı. Yəni, məhkəmə qərarları əvvəldən əhəmiyyətini itirib. Hökumət də bunu başa düşür ki, praktikada bu əhəmiyyətsiz bir məsələyə çevrilib, buna görə də dəyişiklik etdi. İndi qaununvericilik praktikaya uyğunlaşdırıldı. Lakin hüquqi dövlət qurmaqda iddialı olan ölkə belə qərarlar verməməlidir, polis özbaşınalığına hüquqi şərait yaratmamalıdır”.

Mənsur

 





Həftənin ən çox oxunanları