Yuxarı

Ziya Məmmədovu bitirmək planında son pərdə

Ziya Məmmədovu bitirmək  planında son pərdə

 

“Avtovağzal” Ticarət Mərkəzi fəalliyyətini dayandırıb

Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzi fəaliyyətini dayandırıb. Ticarət mərkəzində yerləşən mağazalar bağlanıb. Buna səbəb kimi Avtovağzal ərazisinə vergi müfəttişliyi əməkdaşlarının ciddi yoxlamalar aparması və dükanlarıda nöqsanlar aşkar etmələri göstərilir. Dövlət Avtomobil Nəzarəti Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı ticarət mərkəzinin fəaliyyətini dayandırmasını texniki problemlərlə izah edib.

“Ticarət mərkəzində elektrik xətlərində problem var idi. Mağazaların bəzilərində işıq yanmırdı. Bu da onların işinə mənfi təsir edirdi. Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb”. Şəfa Mehmanqızı xətlər yeniləndikdən sonra ticarət mərkəzinin fəaliyyətini davam etdirəcəyini deyib. Ancaq “Avtovağzal” Ticarət Mərkəzinin fəaliyyətində qeyd edilənlər məsələnin daha çox texniki tərəfləridir. Bu isə satış dükanlarının yenidən açılacağı barədə deyilənləri şübhə altına alır. Söhbət həmin obyektin nəqliyyat naziri Ziya Məmmədova məxsus olması barədə məlumatdan gedir. Məlumdur ki, “Avtovağzal” Ticarət Mərkəzi və həmin ərazidə fəaliyyət göstərən 4 ulduzlu otelin Ziya Məmmədovun biznes şəbəkəsinə aid olması barədə məlumatlar bir neçə ildir dolaşır. Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətətə başladığı ilk günlərdən Ziya Məmmədovun həmin ərazidə ticarət obyektləri açması barədə xəbərlər ciddi müzakirə mövzusuna çevrilmişdi. Hətta Bakı Beynəlxalq Avtovağzalının layihəsinə etiraz edən bəzi ekspertlər bunu oranın daha çox ticarət mərkəzi kimi fəaliyyət göstərməsi ilə izah edirdilər.

Avtovağzal kompleksinə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq daxildir. Bundan əlavə, avtovağzalın ərazisinə daxil olan hər bir avtomobil sürücüsündən torpaqbasdı alınır. Qəbz ödənilmədən nağd ödəmə üsulu ilə yığılan bu vəsaitin son ünvanı isə məlum deyil. Avtovağzalın binasındakı dükanlarda satılan mal və məhsullar isə həddindən artıq baha qiymətə təklif olunur. Həmin ticarət obyektlərinin bağlanmasına gəlincə, bunun elektrik xətlərinin dəyişdirilməsi barədə deyilənlər o qədər ciddi görünmür. Həmin hadisə ölkədəki iqtisadi böhranın təsiri ilə də bağlı ola bilər. Lakin son dövrlər nəqliyyat nazirinin sıxışdırlması BBA-dakı ticarət kompleksinin bağlanmasının səbəbləri barədə yeni arqumentləri meydana çıxarır. Son illər Ziya Məmmədovun bir sıra səlahiyyətləri əlindən alınmaqla yanaşı, böyük biznes imperiyası da çökdürülüb. Artıq onun kiçik biznes şəbəkəsinin sıradan çıxarılması prosesinə başlanılıb. “Avtovağzal” ticarət mərkəzinin fəaliyyətini dayandırması da həmin prosesin tərkib hissəsi hesab edilir.

Müşfiq

 





Həftənin ən çox oxunanları