Yuxarı

Mikayıl Cabbarov baş redaktoru “bitirir”?

Mikayıl Cabbarov baş redaktoru “bitirir”?

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov postundan uzaqlaşdırıla bilər

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun ətrafında dolaşan söz-söhbətlər səngimək bilmir. Zaman-zaman yüksək çinli məmurla mübahisələrdə adı hallanan qəzetin baş redaktoru bir sıra problemlərlə qarşılaşıb. İndi isə onun postundan uzaqlaşdırılacağı  ilə bağlı ehtimallar artır. Yaşı 80-ı ötən baş redaktor üçün bu ehtimalların özünü doğrultma faizi əlbəttə ki, yüksəkdir. "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. 1995-ci il oktyabrın 9-dan etibarən qəzetə baş redaktorluq edən Teymur Əhmədov zaman-zaman cəzalandırılıb, maliyyə yardımından, abunələrdən məhrum olub. İddia olunurdu ki, Teymur Əhmədov “sözə baxmır”.

Mediada dəfələrlə bu şəxs haqda yazılar dərc olunub. Qocaman redaktorun postuna namizədlər tapılması haqda da zaman-zaman mediada məlumatlar dərc edilib. Bir zamanlar jurnalist Nurəddin Heydərlinin Teymur Əhmədovun postuna namizəd olması ilə bağlı fikirlər də ortaya  atılmışdı. Lakin Nurəddin Heydərli bu ehtimalı əsassız sayıb və heç vaxt bu posta namizəd olmadığını deyib.

Göründüyü kimi, qəzet və onun baş redaktrou ətrafında gedən söz-söhbətlər səngimir. Bu gün isə qəzetə rəhbərlik edən şəxsin adı Təhsil Nazirliyi ilə qalmaqalda hallanıb. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov iddia edir ki, qəzetdə nazir Mikayıl Cabbarovun adından ona aid olmayan məqalə dərc olunub. Nazirliyin rəsmi saytında yer alan məlumatda vurğulanıb ki, “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının nazirə heç bir aidiyyatı yoxdur. Yəni, nazir Mikayıl Cabbarov bu yazını qəzet üçün yazmayıb və qəzetdən də nazirə yazı ilə bağlı heç bir müraciət daxil olmayıb.

Lakin qarşı tərəf bu iddianı əsassız hesab edir. T.Əhmədovun sözlərinə görə, təhsil nazirinin bu yazıdan xəbəri var:

“Kim deyir ki, nazirin yazıdan xəbəri yoxdur? Ola bilməz. Bu yazının qəzetə yerləşdirilməsini şəxsən özüm tapşırmışam. Məqaləni Təhsil Nazirliyinin rəsmi saytından əldə etmişəm. Onun özünün bu yazıdan çox yaxşı xəbəri var. Özü ilə əlaqə saxlayıb bir daha məsələni aydınlaşdırdım”.

Deməli, ortada bir yazı var və baş redaktor həmin yazını nazirliyin saytından, ya da başqa bir mənbədən götürərək nazirin müəllif yazısı kimi qəzetdə dərc edib. Ancaq görünür, bu barədə Mikayıl Cabbarovu məlumatlandırmayıb və nazir də bundan narahatlıq keçirib. Narahatlıq o həddə gəlib çatıb ki, nazirliyin rəsmi saytında məlumat da yerləşdirilib. Təbii ki, rəsmi mətbu orqanla nazirliyi və naziri qarşı-qarşıya gətirən bu açıqlama şəxsən Mikayıl Cabbarovun icazəsi olmadan yayıla bilməzdi. Və xüsusən də söhbət nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən mətbuat üçün açıqlamadan gedirsə... Deməli, məsələnin artıq açıq müstəvidə həllinə qərar verilib və məsələ ictimailəşdirilib. Bəlkə də nazirlik bu məlumatı yaymasaydı, çoxlarının Mikayıl Cabbarovun “Respublika” qəzetində dərc olunan məqaləsindən xəbərdar olmayacaqdı. Bir dövlət rəsmisinin dövlətin rəsmi orqanında nəşr olunan yazısında narahatlıq doğruracaq heç bir məqamın ola bilməyəcəyi aydındır. Deməli, problem yazının mətnindən yox,  həmin yazının Mikayıl Cabbarovun xəbəri olmadan dövlət qəzetdində yer almasından yaranıb. Yəni ,dolayısı ilə Teymur Əhmədovun ipə-sapa yatmazlığından...

Diqqət çəkən məqamlardan biri isə budur ki, T.Əhmədov media orqanlarına fərqli açıqlama verib. Cebhe.info saytına verdiyi açıqlamada T.Əhmədov vurğulayıb ki, məqalə nazirliyin rəsmi saytından  götürülüb. Lakin digər media qurumuna verilən açıqlamada isə fərqli fikirlər yer alıb:

“Məqalə redaksiyamızın sifarişi ilə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar. Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi?”

Bu fikirdən belə nəticə çıxır ki, T.Əhmədovun baş redaktoru olduğu qəzetə bu məqalə məxsusi olaraq nazirlik tərəfindən təqdim olunub.

T.Əhmədov Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovu da təhqir edib:

“Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. 

Bu, güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq". 

Dəfələrlə media orqanlarında sadəcə olaraq bu məqalənin şəkli paylaşılıb. Amma yaxşı olardı ki, redaksiya rəhbərliyi məsələdə haqlı tərəf olduqlarını sübut etmək üçün elektron poçt ünvanlarına daxil olan məktubları “Screen Shot” eləsin.

Beləcə qalmaqala son qoyular. İndiliksə görünən odur ki, kimlərsə Teymur Əhmədovu yeni bir qalmaqala çəkməklə onun qəzetdəki rəhbərliyinə son qoymağa çalışırlar. Yaşlı baş redaktorun bu dəfə də vəziyyətdən vəzifəsini saxlamaqla çıxıb-çıxmayacağını isə zaman göstərər.

Nigar Məhərrəm