Yuxarı

Paytaxtdakı söküntülərdə korrupsiya izi

Paytaxtdakı  söküntülərdə  korrupsiya izi

  30 min sakinin köçürülməsinə hazırlıq görülür Hafiz Babalı: “Vətəndaşlar öz hüquqlarını tələb etməlidir” Bakı şəhərində 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadrat metr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Bu  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatıdır. Məlumata görə, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər həyata keçiriləcək. Hətta bu  barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı da var ki, bu qərarın qəbulundan müəyyən müddət keçib. Məsələdən müəyyən zaman keçsə də, artıq 1000-ə yaxın binanın sökülməsinə və yeni yaşayış sahəsinin tikilməsi işlərinə start veriləcək. Maraqlıdır, hazırki iqtisadi böhran vəziyyətində göstərilən sayda yeni yaşayış infrastrukturunun qurulmasına dövlət büdcəsi imkan verirmi? “Bu, ədalətli deyil” Məsələ ilə bağlı iqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələdə dövlət büdcəsinin hər hansı iştirakı yoxdur: “Bu məsələ yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, onlar bu məsələni qanunvericiliyə uyğun şəkildə vətəndaşlarla tikinti şirkətləri arasında ədalətli qaydada həyata keçirməsini tələb edir. Sistem, mexanizm bundan ibarətdir. Əslində bu məsələnin hüquqi tərəfi deyil, sadəcə prosesin neçə aparılması maraq doğurur. Yerli icra hakimiyyəti orqanları sökülməsi nəzərdə tutulan ərazilərin hansısa tikinti şirkətləri vasitəsilə sökülüb-tikilməsi ilə bağlı danışıqları faktiki olaraq separat qaydada aparır. Yəni qanunvericiliyin tələbi ondan ibarətdir ki, əgər dövlət orqanı hansısa bir layihəni icra edirsə, burada icra tərəfi yerli hökümət orqanlarıdır. Bunu qanunvericiliyə uyğun olaraq etməlidir. Söhbət nədən gedir? Əgər hər hansı bir torpaq sahəsi yaşayış binasından təmizlənirsə, yəni bina sökülüb yerində nəsə tikilirsə, bu halda icra hakimiyyəti orqanları hansısa qapalı otaqlarda, bizə məlum olmayan yerlərdə hansısa şirkətlərlə danışıqlar yolu ilə deyil, rəqabətli müsabiqə əsasında şirkətləri seçməlidirlər. Bunun üçün müəyyən şərtlər irəli sürülməlidir. Həmin şərtlər ərazinin təhlükəsiz, ekoloji tərzə uyğun şəkildə  təmizlənməsi, vətəndaşların ən əlverişli şərtlər daxilində köçürülməsi və yaşayış sahəsi ilə təmin olunmasıdır. Bu günki halda biz nə ilə rastlaşırıq? Mənzil tikinti şirkətləri vətəndaşlarla ən minimal şərtlər daxilində razılıq əldə edirlər. Məsələn, köçürülürsüz, yaşayış sahəniz 50, 70 və ya 100 kvadratdır. Biz sizə onu 10 faiz  ətrafında artıq olmaqla təmirli mənzillər veririk. Hesab edirəm ki, bu ədalətli deyil. Çünki bunun ədalətli olmasını yalnız rəqabət müəyyən edə bilər. Türkiyədə, məsələn, İstanbulda ikimərtəbəli və daha yüksək mərtəbəli binalar sökülür. Vətəndaşlarla çox hüquqi və qanuni əsaslara uyğun olaraq razılıq əldə olunur. Bir çox hallarda hətta ikimərtəbəli bir binanın söküntüsündən sonra yaşayış yerinin əvvəlki sahibinə  yeni tikilmiş binanın ən azı iki mərtəbəsi pulsuz verilir. Yəni vətəndaş ona məxsus olan ərazidən maksumum yararlanır və demək olar ki, milyonçu səviyyəsinə gəlib çatır”. “Vətəndaşların hüquqları qorunmur” Ekspert əlavə edib ki, əgər bir ərazi yaşayış yeri üçün nəzərdə tutulursa və orada yaşayış mövcuddursa, o bina sökülərkən onun ən dəyərli yeri binanın tikiləcəyi torpaqdır. Başqa halda tikinti şirkətləri bu torpaqların alınması üçün milyonlarla pul xərcləyirlər:  “İndiki halda isə burada konkret evlər deyil, hündürmərtəbəli bir bina sökülür və vətəndaşlarla danışıqlar mərhələsini icra hakimiyyətləri həll edirlər. Hesab edirəm ki, burada artıq korrupsiya da mövcud ola bilər ki, vətəndaşların ilk olaraq hüquqları kifayət qədər qorunmur. Onlar layiq olduqlarından daha az həcmdə konpensasiya alırlar. Əsas problem odur ki, danışıqlar və nəticələr barədə ictimaiyyətə heç bir məlumat verilmir.  Bundan yalnız o binada yaşayan vətəndaşlar məlumatlı olurlar. Əslində bu qanunun tələbi ondan ibarətdir ki, həmin torpaq sahəsinin və vətəndaşlarla razılığın əldə olunması üçün açıq rəqabətli müsabiqə elan olunmalıdır. Bu vətəndaşlarla kollegial razılıq əldə olunmalıdır. Şəffaf şəraitində bu məsələlər barədə qərar qəbul olunmalıdır. Yəni vətəndaşların qarşısına konkret müqavilə qoyulmalıdır və layihəyə görə onlarla müzakirələr getməlidir. Təəssüf ki, Azərbaycanda bu geniş miqyaslı iş aparılır. Amma bu məsələdə total qanun pozuntuları müşahidə olunur. Vətəndaşlardan səs çıxmır, etiraz etmirlər. Bir məsələni nəzərə almaq lazımdır ki, vətəndaşların şüuru da var və onlar digər köçürülən vətəndaşların necə qanun pozuntuları ilə qarşılaşdıqlarının şahididirlər. Bu mənada vətəndaşlar onlara da bu tipli şərtlərə belə razı olmağa məhkumdurlar. Yerli icra hakimiyyəti orqanları dövlət qurumudursa qanuna əməl etməlidir. Onlar tender, müsabiqə elan etməli, ən münasib şirkətləri seçməli və vətəndaşlara xeyir gətirəcək şərtlərlə razılıq müəyyən etməlidirlər.  Eyni zamanda vətəndaşlardan da hərəkət gəlməlidir, öz hüquqlarını bilməlidirlər ki, bu məsələdə onlar üstün tərəfdirlər. Ən başlıcası isə vətəndaşlar öz hüquqlarını icra hakimiyyətlərindən tələb etməli və onlarla birgə bu məsələlərdə iştirakçı olmalıdırlar. Əks təqdirdə onlar aldadılmış formalarda qalacaqlar”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları