Yuxarı

Məmmədovların göyə sovurduğu milyonlar

Məmmədovların göyə  sovurduğu milyonlar

 

“Avtovağzalı biz tikdirmişik” iddiası ilə dövlətə zərbə

Beynəlxalq Avtovağzal Kompleksi ərazisindəki ticarət mərkəzinin fəaliyyətini dayandırması haqqında məlumatlar yayılıb. Ümumiyyətlə, kompleks haqqında zaman-zaman mediada müxtəlif informasiyalar yayılıb. Avtovağzal bu dəfə isə sabiq deputat, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Belə ki, sabiq deputat Beynəlxalq Avtovağzal Kompleksinin Məmmədovlar ailəsi tərəfindən inşa edildiyini deyib.

Elton Məmmədov “bunu yaradan biz- Məmmədovlar olmuşuq, bunu Azərbaycan üçün etmişik, dövlətimiz, qədrini bildiyimiz xalqımız üçün eləmişik. Ölkə rəhbərinin iradəsilə etmişik, yaxşılıq edib ölkədə analoqu olmayan infrastruktur yaratmışıq. Bunun nəyi pisdir ki? Niyə sensasiya dalınca qaçır hamı? Niyə bir dəfə yazmırsınız ki, Elton Məmmədov filan elmə yenilik gətirib. Niyə yazmırsınız? Sensasiya üçün kimdə desəniz, qərəz tapmaq olar. Beynəlxalq Avtovağzal Kompleksindəki ticarət mərkəzi əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Maraqlıdır, Beynəlxalq Avtovağal Kompleksi özəl müəssisədir, yoxsa dövlətə tabedir? Özəl deyilsə, sabiq deputat dövlətin vəsaitini niyə öz adlarına çıxır?

12 milyonluq layihəyə 80 milyon xərclənib

Nəqliyyat naziri Ziya Məmmədovun bir çox səlahiyyətləri əlindən alındıqdan sonra onun tezliklə vəzifədən göndəriləcəyi haqqında söz-söhbətlər dolaşmağa başladı. Görünən odur ki, qara buludlar Ziya Məmmədovun başı üzərindən hələ də keçməyib. Sabiq deputat Elton Məmmədovun da səsləndirdiyi fikirlər də bunu özündə ehtiva edir. Ancaq məsələ heç də səsləndirildiyi kimi deyil. Beynəlxalq Avtovağzal Kompleksi dövlətin vəsaiti ilə tikilib və dövlətə məxsusdur. Sadəcə olaraq həmin dövrdə Beynəlxalq Avtovağzal Kompleksinin inşası Nəqliyyat Nazirliyinə tapşırılmışdı. Bütün işlər də bu qurumun nəzarətində həyata keçirilirdi. Qeyd edək ki, Beynəlxalq Avtovağzal Kompleksinin inşasına  2004-cü ildə başlanılıb və tikinti  5 il davam edib. Avtovağzal tikintisi başlayandan bitənə qədər bir çox narazılıqlarla, korrupsiya faktları ilə gündəmə gəlib. Kompleksin inşaat prosesinə də Nəqliyyat Nazirliyinə yaxın tikinti şirkətinin 100-dən çox texnikası, 600 nəfərə yaxın işçi cəlb edilib. Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıqlar bir sıra Avropa, Asiya ölkələrinə məxsus şirkətlərin istehsalı olsa da, sənədlərdə onların qiymətlərinin, maya dəyərlərinin şişirdilməsi barədə məlumatlar verilirdi. Layihənin ilkin dəyəri 12 milyon dollar olsa da, Nəqliyyat Nazirliyinin rəsmiləri Bakı Beynəlxalq Avtovağzal Kopmleksinin tikintisinin 80 milyon dollara başa gəldiyini iddia edirlər.

Elton Məmmədov isə yəqin ki, məsələyə “pulu dövlət versə də, biz tikmişiksə bina bizimdir” prinsipilə yanaşır. Ona görə də Avtovağzal Kompleksinin məhz Məmmədovlar ailəsinə məxsus olduğunu iddia edir. Maraqlıdır, bəs Avtovağzal ərazisində baş verən problemlər zamanı niyə Məmmədovlar bu cür iddia ilə çıxış etmir? Xatırlayırsızsa, bir müddət öncə normadan bir az artıq yağış yağdı və Avtovağzal ərazisində torpaq sürüşmələri, çökmələr baş verdi. Amma Məmmədovlardan heç kim çıxıb demədi ki, bu kompleksi biz tikmişik. Yəqin ki, həmin dövr üçün bunu demək onlara sərf etmirdi. Çünki özlərinin iddia etdiyi kimi, 80 milyon dollar vəsaitlə (layihənin ilkin dəyəri 12 milyon dollar olub) inşa edilən bir kompleks yağışa təslim olursa burada nələrinsə çatışmadığı gün kimi ortaya çıxır. Məmmədovlar da bununla gündəmə gəlmək istəmədilər.

Vilayət Muxtar