Yuxarı

Uşaqları kütləşdirən dərsliklər

Uşaqları kütləşdirən dərsliklər

Azərbaycanı təhsilsizləşdirənlərin məkrli niyyəti

Əli Əliyev: “Dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb, vəsaitlərdə ideoloji boşluqlar var”

Vüsal Qarayev: “O dərslikləri qavramağa şagirdin zehni, gücü də çatmaz”

Platon doğru deyirdi ki, demokratiya təhsil işidir: “Təhsilsiz kütlə ilə demokratiyaya keçid oliqarxiyanı yaradır, oliqarxiyadan demaqoqlar törəyir, demaqoqlar da avtoritarizmi yaradır”. Platon Azərbaycanı təsvir edirdi. Demokratiyadan ölçüyəgəlməz məsafədə dayanan Azərbaycanda demaqoqlar, oliqarxlar və avtoritarlar siyasətdən qopardığı cəmiyyəti təhsilsizləşdirmək üşün qollarını çırmalayıblar. Təhsil Nazirliyi və təhsilə aid olan bütün qurumlar ciddi-cəhdlə bu işlə məşğuldurlar.

Orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. Kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Lakin hakimiyyətin təhsil siyasəti universitet və elm müəssisələri üçün eynşteynlər yox, çayxana və bukmeker kontorları üçün avara ordusu yetişdirir.

Beyinləri yumaq üçün “laboratoriya”

Orta məktəblər üçün nəzərdə tutulmuş dərs vəsaitlərinin tədris yükü, həmçinin proqramları ağırdır. Bu, hökumətin cəmiyyəti özünün təhlükəsiz gələcəyi üçün təhsilsizləşdirmək, kitablardan qoparmaq strategiyasıdır. Onsuz da Azərbaycan toplumu oxumaq və təhsil almaq işinə qarşı tənbəl idi. İndi də asanlıqla belə bir oyunun qurbanına çevrilir. Proqramı ağır məntiq və riyazi hesablamalar, ideoloji boşluq, çətin anlaşılan dil üzərində nəşr olunan dərsliklər hakimiyyətin beyinləri yumaq laboratoriyası funksiyasını yerinə yetirir.

Siyasi rejim cəmiyyəti kütləşdirir, çünki bu ona lazımdır. Məlumatsız və cəhalətin qol qaldırıb oynadığı cəmiyyətin səsini, sərvətlərini oğurlamaq daha asandır, nəinki ona verilən haqq üzərindən səsini yüksəltməyi bacaran toplumun hakimiyyəti olmaq. Nəticəsi də budur ki, iqtisadiyyatdan, hüquqdan, siyasətdən cahil olan insanlar hər şeyin qanuna uyğun olduğunu düşünürlər.

“Kütlələrin müdrikliyi”

Təhsil və mədəni səviyyəsi yüksək olan hökumətlər idarə etdikləri cəmiyyətləri bu kökə salmazdı. Fransis Qaltona görə, ölkə rəhbərliyi seçmə qrupa verilməlidir. Yəni, dövləti idarə edəcək siyasi elita cəmiyyətin problemləri ilə məşğul olacaq tipdən olmalıdır. Əgər cəmiyyətin təhsil və mədəni səviyyəsi aşağıdırsa, seçilmiş hakimiyyət bunu yüksəltməlidir. Azərbaycanda isə hakimiyyət özü-özünü seçir, təyin edir. Çünki cəmiyyətə seçmək şansı verilməyib, zorakılıqla əlindən alınıb. Əgər bu hakimiyyət iqtidara gəldiyinin ilk anlarında bu şansı cəmiyyətə tanısaydı, indi xalqdan qəsb etdiklərinin hesabatını vermək qorxusunda olmazdı. Buna görə xalqın başının altına balış qoyub yuxuya verir ki, haqqını tələb etmək üçün ayılmasın.

Ceyms Surovyeski “Kütlələrin müdrikliyi” kitabında yazır ki, səsvermə zamanı hər iştirakçıya bərabər dərəcədə məlumat verilsə, öz seçimini azad şəkildə qutuya ata bilsə, bülletenlər sayılarkən səslər saxtalaşdırılmasa, kütlənin bütün seqmentləri ortaq mövqedən çıxış edə bilərlər. Surovyeskiyə görə, ən yaxşı qərarlar fikir birliyi, fədakarlıq və uzlaşmanın olduğu yerlərdə verilir. O, əks halda idarə etdiyi cəmiyyətinə təhsil və hüquq tanımayan siyasi rejimin ondan özünə düşmən qazandığını deyir.

“Bu, hakimiyyətin siyasi hesablamasıdır”

Vətəndaş və İnkişaf Partiyasının sədi Əli Əliyev “Cümhuriyət”ə bildirib ki, təhsilin ciddi formada olan problemlərinin cəmiyyəti sürətli olaraq kütləşdirməsi tendensiyasını izləmək mümkündür. Ə.Əliyevin sözlərinə görə, toplumun maariflənməsinin, müasir rəqabət şəraitində formalaşmasının qarşısını almaq üçün hakimiyyətin təbliğat vasitələri ciddi şəkildə işləyir: “Bir sıra telekanallar, qəzet və internet saytları bu vasitələrə daxildir. Təhsil sektoru da bu istiqamətə yönəldilib. Azərbaycan cəmiyyətinin təhsilsizləşdirilməsi problemi hüquq-maarif işinin əhəmiyyətli tərkib hissəsidir. Hakimiyyətin bu yöndə yürütdüyü siyasətin nəticəsidir ki, dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb, vəsaitlərdə ideoloji boşluqlar var. Çünki hakimiyyət Azərbaycan cəmiyyətinin təhsilsizləşdirilməsi üçün çalışır. Bu da sonda cəmiyyətin tamamilə kütləşməsinə və daha asan idarə olunacaq formaya gəlib-çıxmasına səbəb ola bilər. Hesab edirəm ki, bu, hakimiyyətin siyasi hesablamasıdır. Təəssüf edirəm. Hakimiyyətin bu siyasətinin ortaya çıxardığı fəsadlardan daha çox gələcək nəsil zərər çəkəcək”.

“Şagird müəllimdən rüşvət almağı öyrənir”

AXCP-nin sözçüsü Vüsal Qarayev “Cümhuriyət”ə deyib ki, təhsil sistemi ölkənin qanayan yaralarındandır. V.Qarayevə görə, ekspertlər də dəfələrlə orta məktəb proqramlarının ağır olması məsələsini gündəmə gətiriblər: “Şagirdlər həddən artıq yüklənir. Sovet sistemin ilə müstəqillik dövrünün təhsil proqramını müqayisə edəndə görürük ki, o dövrdə tədris daha sadə, daha prititiv başlayırdı. İndi aşağı siniflərdən şagirdlər yüklənməyə başlanır. Savadlılıq səviyyəsi də Sovet dönəmində daha yüksək idi. Hazırda əksəriyyət şagirdlər keçilən dərsləri qavraya bilmir, bu da elmə, təhsilə qarşı həvəssizlik yaradır. Nəticədə də ölkədə kütləvi savadsızlaşma prosesi gedir. İndi ibtidai sinif şagirdləri çantaları o qədər kitabla yüklü olur ki, daşıya bilmirlər. Valideyinlər daşıyırlar. Ağırlığını qaldırmağa fiziki gücü çatmayan şagirdin, o kitabı qavramağa zehni gücü də çatmaz”.

Partiya sözçüsü hesab edir ki, təhsil sistemi cəmiyyəti kütləvi savadsızlıqla yanaşı rüşvətxorluq və yaltaqlığa sürükləyir: “Azyaşlı uşaq artıq birinci sinifdən müəllimləri vasitəsilə rüşvəti öyrənməyə başlayır, bu proses hətta bağçadan başlayır. Mövzudan çıxmamaq üçün “rüşvət almaq sənəti”nin doğum evindən öyrədilməyə başlanmasını demirəm. Bağçasından tutmuş, universitetinə kimi rüşvət varsa, o cəmiyyətdə inkişafdan, təhsildən, savaddan söhbət gedə bilməz. Bu vəziyyəti yaradan da təbii ki hakimiyyətdir. Savadlı insanı idarə etmək, yönəltmək çətindir, savadlı insanı yaltaqlığa məcbur etmək zordur. Amma savadsız, təhsilsiz, öz huquqlarını bilməyən insana bir tikə quru çörəyini ver, başın hara döndərsən, ora da gedəcək. Mövcud rejimə də bu sərfedir”.

Mənsur Rəğbətoğlu